“Kimsə özünün və öz şefinin doğru olmayan əməllərini müdafiə etmək istəyirsə, bunun daha sadə yolları var”
Milli Məclisin Azərbaycanda heç bir jurnalist və hüquq müdafiəçisinin peşə fəaliyyətinə görə həbs olunmadığını iddia edən, siyasi məhbusları “cinayətkar” adlandıran sənədinə imza atdığı üçün Ümid partiyasının sədri İqbal Ağazadə də ictimaiyyətin kəskin qınağına tuş gəlib. Bu qınaqdan qurtarmaq üçün o və ona yaxın olan adamlar müxtəlif bəraət tezisləri axtarmaqla məşğuldurlar. Ağazadənin nəzarətində olan “125-lər klubu”nun üzvlərindən biri Günel Səfərova isə daha “maraqlı” bir fəndlə “patronuna” haqq qazandırmaq istəyib. O, Milli Şura sədri Cəmil Həsənlinin 2012-ci ildə verdiyi bir müsahibənin üzərində müvafiq dəyəişikliklər edərək, guya İqbal Ağazadənin hərəkətinə münasibətini bildirən müsahibə hazırlayıb.
Cəmil Həsənli facebook səhifəsində öz adından belə bir məqsəd üçün istifadəyə ümnasibətini paylaşıb. Cəmil bəy yazır:
“Dəyərli dostlar! Deputat İqbal Ağazadə siyasi məhbusları “cinayətkar” adlandıran parlament müraciətinə imza atdıqdan sonra özünə bəraət qazandırmaq üçün müxtəlif vasitələrə, priyomlara və üsullara əl atır. “Dövlətçilik naminə” siyasi məhbusları cinayətkar adlandıran İqbal bəy hətta öz imzasını Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə təmizə çıxarmaq istəyir. Onun izahat xarakterli “Siyasi məhbus olsaydım” yazısında Rəsulzadənin bu sözləri istinad nöqtəsi kimi səsləndirilir: “Yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyiz. Eyni zamanda bolşeviklərlə mübarizə edərkən və istiqlalımızı müdafiə edərkən elə etməməliyik Denikinin istiqlaliyyətini müdafiə edək. Biz yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyik. Bu nöqteyi-nəzərdən bu, qətiyyət siyasətidir, təhəssür siyasəti deyil” (M.Ə.Rəsulzadə, 26 may, 1919-cu il parlamentin 41-ci iclasındakı çıxışından)”.
Əvvəla, bu sözləri Məhəmməd Əmin bəy həmin vaxt hakim partiyanın, iqtidar fraksiyasının rəhbəri kimi deyirdi. İkincisi, 1919-cu ilin aprelindən başlayaraq Denikin başda olmaqla Dağıstanı işğal edən Ağ Ruslar Azərbaycan sərhədlərinə yetişmişdilər və doğrudan da Azərbaycan istiqlalı üçün ciddi təhlükə yaranmışdı. Azərbaycan üçün heç bir təhlükə təşkil etməyən Avropa parlamentində keçirilmiş bir dinləmədən vahimə keçirib “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur” iddiasının yer aldığı sənədə imza atmağın Azərbaycanın başı üzərini almış Ağ və Qırmızı Rusiya təhlükəsi əleyhinə çıxış edən Rəsulzadənin iqtibas gətirilən yuxarıdakı fikri ilə heç bir əlaqəsi yoxdur. Lakin Rəsulzadənin sözləri real vəziyyətə uyğun gəlmədiyindən 125-lərin öncüllərindən olan Günel xanım Səfərova öz şefinə bəraət qazandırmaq üçün mənim 3 il əvvəl “Bizim yol” qəzetində getmiş müsahibəmi saxtalaşdırmaqdan çəkinməyib. O, jurnalist Natiq Cavadlının həmin vaxt məndən aldığı, “Hakimiyyətə bu imkanı vermək lazım deyildi” başlığı ilə dərc olunmuş müsahibəsindəki ayrı-ayrı fikirləri koneksdən çıxararaq mənim adım altında gizlənmiş və həmin müsahibənin öz maraqlarına uyğunlaşdıraraq “Cəmiyyət çox asanlıqla 10 addımın üstündən xətt çəkməyə hazırdır” başlığı ilə yaymışdır. Mən həmin müsahibənin linkini bu yazıya əlavə edirəm ki, dostlarımız onun tam mətni ilə tanış olsunlar: http://bizimyol.info/news/3053.html
Eyni zamanda Günel xanımın İqbal bəyin “dadına çataraq” əvvəl öz adından, sonra da mənim adımdan saxtalaşdırıb yaydığı müsahibənin linkini əlavə edirəm ki, dostlarımız baxıb özləri müqayisə edə bilsinlər.
http://moderator.az/index.php?xeber=81667#.VX6l9NgoBWo.facebook
2012-ci ildə Ramil Səfərovun müdafiəsi ilə bağlı müxalifət partiyalarının (AXCP və Müsavat) YAP-ın Avropa Parlamentinin qətnaməsi əleyhinə olan bəyanatına imza atmağı “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur” iddiası ilə axı necə eyniləşdirmək olar? Qeyd edilən partiyalar Avropa Parlamentinin qətnaməsində insan hüquqları və demokratiya ilə bağlı bəndlərlə həmrəy olub, yalnız Ramil Səfərovla bağlı bəndə etiraz etsələr də, müsahibənin başlığı və mətnindən də görünür ki, mən bu addımı təqdir etməmişəm, onun əleyhinə olmuşam. Mən o dövrdə müxalifətin bu bəyanata qoşulması ilə razılaşmasam da, 2012-ci ildə söhbət bir Azərbaycan vətəndaşının həbsdən azad edilməsindən, İqbal Ağazadənin imza atdığı sənəddə isə 100-ə yaxın günahsız adamın saxta ittihamlarla, siyasi mülahizələrlə, oyuncaq məhkəmə qərarları ilə “cinayətkar” adlandırılmasından gedir.
Mənim müsahibəmdəki adları dəyişərək onu öz adına çıxan (bu plagiatlıqdır, bunun ayrı adı yoxdur) Günel xanım yazır: "Mənim bildiyim qədər İqbal Ağazadə bəyanatın Avropa Oyunları ilə bağlı hissəsinə etiraz edib, qalan məsələlərə etirazı yoxdur". Xəbər almaq ayıb olmasın, qalan hansı hissəsi ilə razı deyil? Parlamentin müraciəti ayrıca bir sənəddir və İqbal Ağazadə də onun aşağısına öz imzasını qoymaqla sənəddə deyilən hər şeylə, o cümlədən siyasi məhbusların cinayətkar adlandırılması ilə razı olduğunu təsdiq edib. İctimai fikri azdırmağa, dağa-daşa salmağa ehtiyac yoxdur. Gəncliyini nəzərə alaraq Günel xanıma məsləhətim odur ki, bu fərqi anlasın və bir də belə qüsurlu müqayisələrə yol verməsin. Kimsə özünün və öz şefinin doğru olmayan əməllərini müdafiə etmək istəyirsə, bunun daha sadə yolları var və bu məqsədlə başqalarının 1919 və 2012-ci ildə deyilmiş fikirlərini təhrif etməyə, plagiatlıqla məşğul olmağa ehtiyac yoxdur”.