Gəlirlər azalıb, xərclər artıb

Son on ilin rəsmi statistikası da bunu təsdiqləyir

Məhəmməd Talıblı: “760 min yeni iş yeri açılsaydı, digər sosial layihələr effektiv işləsəydi, əhalinin gəlirlərinin əhəmiyyətli surətdə artması müşahidə oluna bilərdi”

Dövlət Statistika Komitəsi əhalinin gəlirləri və xərcləri ilə bağlı hesabat açıqlayıb. Hesabata görə, 2001-ci ildən bu günə qədər Azərbaycan əhalisinin məcmu gəlirləri 4,3 mlrd. manatdan 25,6 mlrd. manata qədər artıb. Xərclər isə 3,5 mlrd. manatdan 20,5 mlrd. manata qədər və ya 5,9 dəfə artıb. Bu dövr ərzində əmtəə dövriyyəsinin ümumi həcmi 2,4 mlrd. manatdan 13,7 mlrd. manata qədər və ya 5,7 dəfə artıb.
Rəsmi statistika əhalinin gəlirləri, xərcləri və pərakəndə dövriyyəsi üzrə artım templərinin bərabər olduğunu göstərir. Lakin Statistika Komitəsinin hökumətin maraqlarına uyğun rəqəmlər açıqladığını nəzərə almaq lazımdır. Hətta belə rəsmi məlumata inansaq, əhalinin yaşayış səviyyəsi on il əvvəlkindən fərqlənmir. Iqtisadçıların hesablamasına görə, Azərbaycanda əhali gəlirlərin 70%-i ərzaq alınmasına sərf edir. Son illər bu göstərici dəyişməyib. On il əvvəl olduğu kimi indii də insanlar əldə etdikləri gəliri ərzağa sərf edir. Üstəlik, son illər ərzində kommunal xərclərin, gediş haqlarının artdığını da nəzərə alsaq, həyat səviyyəsində geriləməni müşahidə etmək olar. Müqayisə üçün deyək ki, orta stastika avropalı gəlirlərinin 12%-i ərzağa xərcləyir. Ümumiyyətlə, gəlirlərin 40%-dən artığının ərzaq məhsullarına xərclənməsi pis göstərici hesab olunur. Bu mənada Azərbaycan inkişaf etmiş ölkələri ilə müqayisəyə gələ bilməz. Yalnız Afrikanın bəzi inkişafdan geri qalan ölkələrində əhali gəlirlərinin 60-80%-i ərzağa xərcləyir. Bu sırada Uqandanı, Nigeriyanı göstərmək olar. Eyni zamanda Ermənistanda da əhali gəlirlərinin 70%-i ərzağa xərcləyir. Rəsmilərin ağızdolusu haqqında danışdığı inkişaf budur? Son illər gəlirlərin bu şəkildə artmasının həyat səviyyəsinin yüksəlməsi kimi təqdim etmək olarmı?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı son illər gəlirlərin artması fonunda qiymətlərin də kəskin şəkildə artdığını deyir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkədə istehlak qiymətləri indeksində də dəyişiklik baş verib və inflyasiya sürətlənib. Həmçinin xarici ticarət dövriyyəsi xeyli azalıb.
Ekspertin sözlərinə görə, Statistika Komitəsi gəlirləri yüksək göstərməklə səhvə yol verib. Digər tərəfdən, rəsmi məlumatda xərclər olduğundan az göstərilib. Çünki məlum olur ki, ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda xarici ticarət dövriyyəsi azalıb. Eyni zamanda son illər Dövlət Sosial Müdafiə Fondunun ödənişləri artmayıb.
Ekspertin fikrincə, əgər rəsmilərin dediyi kimi, 760 min yeni iş yeri açılsaydı, digər sosial layihələr effektiv işləsəydi, əhalinin gəlirlərinin əhəmiyyətli surətdə artması müşahidə oluna bilərdi. Amma indiki halda əhalinin az, xərclərinin daha çox artmasını müşahidə edirik.

Fizzə