İdmançılarımız qələbələri, rejim cinayətləri ilə…

 

Azərbaycan həqiqətən də dünyanın diqqətindədir. Bir tərəfdən idmançılarımızın Avropa Oyunlarındakı qələbələri ölkəmizi dünyanın diqqət mərkəzinə gətirirsə, digər tərəfdən də İlham Əliyev hökuməti öz irimiqyaslı korrupsiya skandalları və repressiyaları ilə ölkəmizi dünya ictimaiyyətinin diqqətinə gətirir. Yalnız son günlərdə baş verənlərə fikir verin:
 
– Londonda Əliyevlərə aid 25 milyon dollarlıq imarət aşkarlandı. Beynəlxalq şəbəkə Əliyevlərin bank biznesini faş etdi;
 
– Rumuniya prezidenti Bakıda Avropa Oyunlarının açılışına qatılmış baş naziri “səhv” etdiyinə görə məzəmmət etdi. Yeri gəlmişkən, baş nazirin korrupsiyaya bulaşması ciddi müzakirə mövzusudur. Azərbaycandakı rejimlə əlaqələr Qərb siyasətçiləri üçün ciddi risklər yaradır;
 
– “The Guardian”, “The Washington Post”, “The Telegraph”, “Tagesspiegel”, “USA Today”, “Le Monde”, “Der Spiegel", BBC, “Associated Press” başda olmaqla, dünyanın nüfuzlu media qurumları ölkədəki rejimin beynəlxalq ifşasını daha da intensivləşdirdi. Dünyanın nüfuzlu media orqanları Azərbaycanın dövlət başçısını «despot», «diktator», «tiran» adlandırdı. Hətta rejimin son vaxtlar daha çox sığındığı İsrail qəzetləri və susmağa üstünlük verən Türkiyə mətbuatı da bu dəfə rejimin ifşasından kənarda qalmayıblar;
 
– Avropa İnsan haqları Məhkəməsinə Azərbaycandan göndərilən hakimlər qəbul edilmədi;
 
– AŞ PA-nın iyunun son həftəsində keçiriləcək sessiyasında Azərbaycanda insan haqlarının vəziyyətinin müzakirə edələcəyi məlum oldu. Hazırlanmış qətnamə layihəsindən görünür ki, müzakirələr Azərbaycan hakimiyyətinin qarşısına növbəti öhdəliklərin qoyulması ilə nəticələnəcək;
 
– Dünyanın məşhur rok qrupundan, ən məşhur satirik televiziya proqramına qədər Azərbaycandakı siyasi məhbuslara dəstək ifadə olundu;
 
– Almaniya parlamenti Azərbaycandakı repressiyalarla və avtoritar idarəetmə ilə bağlı qətnamə qəbul etdi və federal hökumətə Azərbaycanla bağlı tövsiyələr verdi. Parlament Azərbaycanın ərazi bütövlüyünə də növbəti dəfə dəstək verdi. Bu yolla rəsmi Bakıya da mesaj göndərdilər ki, özlərini yormasınlar, almanlar ermənipərəst də deyillər;
 
– BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırdı;
 
Nə demək olar? Həqiqətən də idmançılarımız və hökumətimiz ölkəni dünyanın diqqət mərkəzinə gətirib. İndi hamı Azərbaycandan danışır. Amma bir ciddi fərqlə, idmançılarımız qələbələri ilə adımızı ucaltdığı halda, rejim öz cinayətləri ilə hələ 97 il bundan qabaq demokratik respublika qurmuş xalqımızı bütün dünyada rüsvay edib, hörmətdən salır. Çıxarılmalı olan nəticə isə aydın və birmənalıdır. Ölkədə hakimiyyəti zəbt etmiş sülalə rejimi bu istedadlı və bacarıqlı xalqa layiq deyil.