«Qardaşımın oğurlanması barədə Ramil Usubova teleqram vurduğuma görə, Xətai polisinin rəisi məni hədələdi»
“Azadlıq”ın redaksiyasına Astara şəhər sakini Əmir Qasımovun adından müraciət daxil olub. Həyəcanla qələmə alınmış müraciətdə deyilir:
“Qardaşım Məhərrəm Hüseynov beş aydır ki, cinayətkar dəstə tərəfindən oğurlanıb. Onu bəlkə də öldürüblər. Qardaşımın tələbə yoldaşı Ilham Gözəlov onu aldadaraq Məhərrəmin tanımadığı, Ilhamın isə tanıdığı şəxslə qurğu qurub. Məhərrəmin adına ”Qrant” adlı böyük şirkət yaradılıb, onun savadsızlığı, kasıblığı və fağırlığından istifadə edilərək firma vasitəsilə “Zaminbank”ın rəhbəri Cəfər Tarverdiyevin əliylə külli miqdarda pul götürülüb. Nəticədə vergiyə 35000 manat borc yaranıb. Onlar bu pulu mənimsədiklərinə görə Məhərrəmi xaricə qaçmağa məcbur edib. Lakin o qaçmayıb və əvəzində beş aydır ki, oğurlanıb”.
Əmir Qasımov deyir ki, bu barədə Xətai rayon polis idarəsinə geniş məlumat və ərizəylə müraciət edib: “Lakin rəis Təhməzov, Cinayət Axtarış Şöbəsinin rəisi Təvəkkül bu işə maraq göstərmir. Hiss edirəm ki, bu işdə korrupsiya ehtimalı var. Cinayətkar dəstə hər iki rəisin yerliləridir. Onlar məni yanına çağırıb nazir Ramil Usubova etdiyim şikayətə görə hədələdilər, həbs etməklə qorxutdular. Çünki sözügedən məsələylə bağlı nazirə 22.06.2011-ci ildə teleqram vuraraq polis əməkdaşlarının adam oğrularını həbs etmədiyini bildirmişəm. Təvəkkül məni idarədə təhqir edərək söyüb. Səs-küyə gələn 10-15 polis işçisi də məni çölə atıb. Təvəkkül məni hətta təcridxanada saxlamaq istəyirdi, amma ehtiyat edib buna əməl eləmədi. Amma mənə dedi ki, qardaşını tapmayacağam, polisdə talış çoxdur, qoy onlar tapsın. Mən idarədən çıxıb Ramil Usubova teleqram vurdum ki, Xətaidə başıma belə oyun açılır. Baş prokuror Zakir Qaralova iki ay əvvəl vurduğum teleqramın isə nəticəsi yoxdur.
Ümidimi itirmişəm, qardaşımın tapılmasını, cəzası varsa verilməsini istəyirəm. Lakin cinayətkar adam oğruları, korrupsionerlər də cəzasını almalıdır. Eşitdiyimə görə bu dəstə bankdan külli miqdarda pul götürüb. Məhərrəm üzə çıxsa, bu adamlar həbs olunmalıdır. Ona görə də onlar Məhərrəmi oğurlayıb, bəlkə də öldürüblər. Bütün güc nazirliklərindən, mətbuatdan xahiş edirəm, qardaşımın tapılmasına kömək edin. Bizim ailənin gözünü yollardan yığın”.
Sosial şöbə
P.S. Yazıdakı məsələylə bağlı əlaqədar orqanların da mövqeyini dərc edə bilərik.



