Ənnağı Hacıbəyli
Daha bir məhkəmə prosesi başa çatdı. Biz dəhlizə çıxdıq. Üzümdə hiss elədiyim təkidli baxışlardan başımı qaldırdım. Indicə Femida xanımla xoş təmasdan ləzzət hissini gizlədə bilməyən tərəfin nümayəndəsinin yağlı sifəti gözümə girirdi. Bu yağlı sifətdən süzülən qalibiyyət nəğməsi əslində ədalət mühakiməsinə elegiya idi – baxın, sizin ədalət ilahənizin qiyməti budur. Indicə qanun, mülkiyyətçinin konstitusion hüquqları, beynəlxalq hüquq normaları, nə bilim, konvensiya, presedent hüququ və s. barədə çərənləmələrimdən xəcalət hissi keçirdim. Yox, bu hissləri mənə o yağlı sifət yaşatmamışdı. Vətəndaşı olduğum ölkənin dövlət orqanının bu qədər alçalması, adi bir icra başçısının muzdlu nökərinə çevrilməsi ürəyimi ağrıdırdı.
Əslində özümü bu cinayətin iştirakçısı kimi hiss eləyirdim. Məhkəmələrdə, özəlliklə inzibati işlərdə vətəndaşı təmsil edən vəkillər sanki Femida xanımın zorlanmasına şam tutanlardı. Biz istəsək də, istəməsək də hər gün baş verən bu prosesdə iştirak edirik və haqq-ədalət ilahəsinin vəhşicəsinə zorlanmasının aktiv şahidi oluruq.ÿ
Bəlkə dayanaq? Bəlkə heç olmasa inzibati məhkəmə proseslərində iştirak etməkdən imtina edək? Bilmirəm, hər halda qurbanlıq qoyuna çevrilmiş adamların başını kəsən bıçaqları itiləməklə yaxşı iş görmürük.
Təmsil etdiyim şəxs – ləyaqətli bir ziyalı evə çatan kimi zəng vurdu: “Sizdən çox xahiş edirəm, ürəyinizə salmayın, sağlıq olsun Ali Məhkəmədə işi udarıq”.
Hə, udarıq. Bu, səmimi, ömrü boyu düz sözün qurbanı olmuş bir insanın sadəlövh inancıdı. Amma onu ümidləndirib aldatmağa haqqım yoxdur.ÿ
Hansı Ali Məhkəmədə? Bir ölkənin ki, adi məhkəməsi yoxdu, onun Ali Məhkəməsi ola bilərmi? Adi bir məmurun sifarişi, sədəqəsi qarşısında dayana bilməyən varlıqlara hakim deyilə bilərmi? Hakimlik şərəfini bircə dəfə də yaşamamış adamlara ədalətdən, qanundan danışmaq bu dəyərləri, özünü təhqir etmək deyilmi?
Tez-tez eşidirəm bu sözləri: ürəyinizə salmayın. Bu sözlərin qayğıdan qaynaqlandığını, təsəlli olduğunu anlayıram. Amma hərdən mənə elə gəlir ki, bu qayğı da adama təskinlikdən çox narahatlıq verir. Konkret işin udulmağı və ya uduzulmağı problem deyil. Problem hər dəfə haqqın, hüququn məğlubiyyətidi. Qanunun – dövlət iradəsinin alınıb-satılması, ayaqlar altına salınmasıdı.
Heç bir zarafat qatqısı olmayan bir qənaətim var: nə qədər ki, məsələ katastrofik həddi ötməyib inzibati məhkəmələri ləğv eləmək lazımdı. Onsuz da inzibati orqanda icraat deyilən bir şey var və ondan məhkəməyə verilən şikayətlər əksər hallarda təmin olunmur. Insanların əsəblərinə, dövlət vəsaitlərinə qənaət, gerçək praktikanı leqallaşdırmaq, məhkəmə sisteminin, qanunun, dövlətin daha da hörmətdən düşməsini önləmək üçün bundan başqa yol yoxdur.ÿ
Bütün proseslərdə üç hakimdən ikisi yatır, ən yaxşı halda öz işlərini vərəqləməklə vaxt keçirirlər. Hakimlər arasında “centlmen”sazişi var – heç kim heç kimin işinə, qərarına, alverinə qarışmır. Proses boyu tərəflərə qulaq asmayan, işi oxumayan, bir dənə də olsun sual verməyən adamlar sonra “müşavirə otağı”na gedib qərar çıxarır və onu imzalayırlar. Bu rəzalətə son qoymaq lazımdı. Qoy hamı bilsin ki, icra hakimiyyətinin qərarından heç kimə şikayət vermək olmaz. Inanın, bu, insanlara da, məmurlara da bir rahatlıq gətirərdi.
Hər şeyi tərəziyə qoymaq – hətta bu, ədalət ilahəsinin tərəzisi olsa belə – bəzilərində ticarət meyllərini gücləndirir. Tərəzi simvoldan çox dəyər, qiymət meyarına çevrilir. “Tərəzi əbədi olaraq tərəddüd edə bilməz, onun hansısa gözü ağır gəlməlidi” (Stefan Sveyq). Amma ağırlıq da təbii ki, haqdan güc almalıdı. Içi boş dəyərlərin, maddi nemətlərin, siyasi sifarişlərin basdığı tərəzi haqq tərəzisi deyil.ÿ
Heç olmasa, tərəzinizin pərsəngini düzəldin. Bazarda narazılıq artır.


