Bakının bugünkü “intizamı” nə qədər sürəcək?

Avropa Oyunlarından sonra da davam edəcəkmi?

Bakının bu fotolardakı əksini görəndə ilk olaraq düşünə bilərsiniz ki, 1960-70-ci illərin sakit şəhər həyatından kadrlardır. Ancaq, elə deyil, Avropa Oyunlarının keçirildiyi bu günün Bakısıdır. Həmin şəhər ki, 20 ildir yollarında xaos, başıpozuqluq hökm sürər, piyadalar hər an təhlükə ilə üzləşərdi…
Bu fotogörüntülər metronun “20 Yanvar” stansiyası və “Şamaxinka” deyilən ərazi ətrafındakı avtobus dayanacaqlarında qeydə alınıb. Heç son dövrdə bu dayanacaqların ətrafını belə rahat və intizamlı görə bildinizmi? Diqqətlə baxın, dayanacaq və yolları nə başıpozuq taksilər zəbt edib, nə də qıcıq yaradan nəqliyyat müfəttişləri burada meydan sulayır…
Onu da bildirək ki, hazırda həm sözügedən, həm də digər yollardakı qayda-qanun çoxsaylı polis əməkdaşlarının gərgin əməyi bahasına başa gəlib. Kaş ki, həmişə belə olaydı, amma… Amması budur ki, Avropa Oyunları başa çatan kimi yenidən əvvəlki çirkin mənzərə ilə üzləşməli olacağıq.
Görəsən, ölkədə son 20 ildə sabitliyin bərqərar olunduğunu iddia edən hakimiyyət niyə yalnız Avropa səviyyəsində tədbirlərə ev sahibliyi edəndə sözdən işə keçir? Niyə sahibi olduğu evin üzvlərinə – öz vətəndaşlarına layiq gördüyü cəzasızlıq mühitini avropalıları görüncə müsbətə doğru dəyişməli olur?
Elə isə gözləyək, Avropa Oyunları başa çatandan sonra müqayisə üçün sonrakı görüntüləri də təqdim edərik…

Sosial şöbə