Avropa Məhkəməsində seçki şikayətlərinin baxılması sürətləndirilir; parlament seçkiləri ərəfəsindən qərarlar açıqlanacaq; YAP iqtidarı narahatlıq içindədir
Azərbaycan hakimiyyəti parlament seçkiləri ərəfisində Avropa Şurasından daha bir zərbə ala bilər. Redaksiyamıza sızan məlumata görə, bu zərbə Avropa Məhkəməsindəki siyasi işlərlə, xüsusilə seçki mübahisələrilə bağlıdır. Bildirilir ki, artıq həmin işlərə baxılması sürətləndirilib. Seçkilər ərəfəsində ard-arda qərarların açıqlanacağı gözlənilir.
Məlumatda deyilir ki, açıqlanan qərarlar heç də hakimiyyətin ürəyincə olmayacaq. Hakimiyyət də məsələdən xəbərsiz deyil. Bu baxımdan ciddi narahatlıq keçirir. Iqtidarın narahatlığı əsasən seçkilərlə bağlı qərarlardır.
Məlumat üçün deyək ki, Avropa Məhkəməsində 2005 və 2010-cu il parlament seçkilərilə bağlı xeyli şikayət var. “Təsəvvür edin, seçki ərəfəsində ötən seçkilərin saxtakarlığı ilə bağlı qərarlar açıqlanacaq. Hazırda deputat olan və növbəti seçkilərdə də namizədliyi irəli sürülən hökumətyönlü millət vəkillərinin mandatının saxta olduğu təsdiqlənəcək. Bu hakimiyyət üçün ciddi zərbədir. Iqtidar bunun qarşısını almaq cəhdlər göstərir. Lakin bu cəhdlərin uğurla nəticələnəcəyi inandırıcı görünmür”,- deyə məlumatı verən mənbə bildirib.
Onu da qeyd edək ki, Avropa Şurası iyunun 22-də Azərbaycanda bağlı sərt qətnamə qəbul etməyə hazırlaşır. Sənəddə Azərbaycanda insan haqlarının pozulduğu, mətbuatın basqıda olduğu, ölkədə repressiyalar aparıldığı qeyd olunub. Sənədin tövsiyyə bölməsində birmənalı şəkildə hakimiyyətin diqqətinə çatdırılıb ki, bu problemlər aradan qaldırılmalıdır.



