Əli Həsənov ABŞ mediasına nəyi etiraf edib?

Avropa Oyunlarının açılış mərasiminə Avropa liderlərinin qatılmaması dünya mətbuatının müzakirə mövzusuna çevrilib

«Biz incimişik və Amerika hökumətindəki dostlarımızdan gözləyirik ki…»

Məlum olduğu kimi, Avropa liderləri Bakıda keçirilən birinci Avropa Oyunlarının açılış mərasiminə qatılmaqdan imtina etdi. Bu da beynəlxalq medianın diqqətindən yayınmayıb. Məsələn, “Buzzfeed” Avropa Oyunları fonunda Azərbaycandakı durum barədə hazırladığı geniş həcmli məqaləni “Avropa liderlərinin iştirakı olmadan Avropa Oyunları” başlığıyla yayımlayıb. Sözügedən məqalədə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun da maraqlı açıqlamaları yer alıb. Məqalənin tərcüməsini təqdim edirik:

“Əliyev milyardlar xərcləsə də, istədiyinə nail ola bilmədi”

Birinci Avropa Oyunlarının açılış mərasimində hətta Ledi Qaqanın çıxışı da Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətilə bağlı narahatlığı üstələyə bilmədi.
Azərbaycanın avtoritar prezidenti Ilham Əliyev açılış mərasimində tamaşalara fəxrlə baxırdı.
Iyirmi ildən artıqdır ki, Azərbaycanı Əliyevlər ailəsi idarə edir. Əliyev üçün “Avropa Oyunları” adlanan bu yeni idman hadisəsinə özünü dünyaya göstərmək, ölkəsini Qərbin burada insan haqlarının acınacaqlı vəziyyətinə baxmayaraq, heç bir vicdan əzabı çəkmədən onu tamhüquqlu tərəfdaş kimi qəbul etdirmək fürsəti kimi baxır. Əliyev bu istiqamətdə milyardlar xərcləyib, dünyanın ən tanınmış pop-ulduzlarından birini açılış mərasiminə dəvət etdirib.
Illərdir davam edən hazırlıqlara, xərclənən milyardlara baxmayaraq, Əliyev istədiyinə nail ola bilmədi və açılış mərasimində VIP tribunada Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, ümumilikdə 71 ildir hakimiyyətdə olan Bularus, Qazaxıstan, Tacikistan prezidentlərilə yanaşı əyləşməli oldu.
“Azərbaycan buna görə heç vaxt utanmayıb, utanmayacaq da. Bizim bu liderlər də Avropa ölkələrinin liderlərilə eynidir”, – deyə prezidentin köməkçisi Əli Həsənov “Buzzfeed”ə bildirib.
Əli Həsənov onu da qeyd edib ki, Qərb dövlətlərinin, ilk növbədə ABŞ Dövlət Departamentinin Azərbaycan əleyhinə kampaniya apardığı haqda “müəyyən kanallar vasitəsilə konkret faktlar” əldə ediblər.
Azərbaycanda hakimiyyətə etiraz etdiyinə görə hazırda onlarla fəal dəmir barmaqlıqlar arxasındadır. Hüquq müdafiəçilərinin dediyinə görə, ölkədə indiyədək misli görünməmiş repressiyalar davam edir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, həbsdə olanların ən azı 20 nəfəri vicdan məhbusudur. Yerli fəalların sözlərinə görə, ölkədə siyasi məhbusların sayı 80 nəfərdən çoxdur.
Azərbaycan hökuməti Avropa Oyunları ərəfəsində beynəlxalq hüquq-müdafiə təşkilatlarının, o cümlədən “Human Rights Watch”ın, “Amnesty International”ın əməkdaşlarının ölkəyə səfər etməsinə imkan verməyib. Həmçinin BBC, “The Guardian”, Almaniyanın ARD telekanalının jurnalistlərinə də viza verməkdən imtina olunub. Azərbaycanın özünün ən tanınmış jurnalisti – “Azadlıq” radiosunun əməkdaşı, Əliyevlər ailəsinin biznes fəaliyyətini araşdıran Xədicə Ismayılova ötən ilin dekabrından həbsdədir.
“Xədicə korrupsiyanı ifşa edib, bunu ictimaiyyətə çatdırırdı. Əgər Xədicə indi həbsxanadadırsa, deməli, ondan qorxurlar”, – deyə Xədicə Ismayılovanın anası Elmira xanım bildirib.
Əli Həsənov isə Xədicə Ismayılovanın peşə fəaliyyətinə görə həbs olunmadığını iddia edir.
May ayında Bakıda fasadı poliuretan örtüklə üzlənmiş bina yandı və nəticədə 15 nəfər, o cümlədən 5 uşaq həlak oldu. Iyunun 11-də Avstriya idmançılarından olan üç yeniyetmə Olimpiya kəndində gəzərkən avtobusun altında qaldı. Onlardan biri – 15 yaşlı Vanessa Sahinoviç iflic ola bilər.
2012-ci ildə Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirildiyini elan edəndə qaşlar çatıldı. Əlbəttə Əliyev idman həvəskarı kimi tanınır, özü də uzun illərdir ki, ölkəsinin Milli Olimpiya Komitəsinin rəhbəridir. O, bu böyük idman hadisəsinə ölkəsinin inkişafı baxımından əsas yollardan biri kimi baxır.
Bakı yaxın illərdə daha bir neçə böyük turnirə “ev sahibliyi” edəcək – “Formula-1", 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunu. Əliyev növbəti Olimpiya oyunlarına da göz qoymuşdu. Lakin Azərbaycan hökumətinin bununla bağlı müraciətlərinin hər ikisi uğursuzluqla nəticələnib.
Rəsmi məlumatlara görə, Azərbaycan Avropa Oyunlarına bir milyard dollardan artıq vəsait xərcləyib. Lakin real rəqəmlər isə bundan dəfələrlə çoxdur. Avropa Oyunlarında xidmət edən personalın böyük əksəriyyəti 2012-ci ildə London Olimpiadasında işləmiş şəxslərdir.
“Normal ölkələr pul qazanmağa çalışır. Lakin bunlar milyardlar xərcləyir və heç nə qazanmağa çalışmırlar”, – deyə Müsavat başqanı Isa Qəmbər bildirib.
Ilham Əliyev ölkəni 2003-cü ildən idarə edir. O, hakimiyyəti atası Heydər Əliyevdən miras alıb. Keçmiş KQB generalı, Siyasi Büronun üzvü olmuş Heydər Əliyev də öz növbəsində 2003-cü ildə dünyasını dəyişənə qədər on il Azərbaycana rəhbərlik edib. Hazırda Azərbaycanda Heydər Əliyev ətrafında şəxsiyyətə pərəstiş yaradılıb. Bakıya gələnlər Heydər Əliyev adına beynəlxalq hava limanında enəndən sonra Heydər Əliyev prospekti ilə şəhərə gedir. Həmin prospektdə yeni tikilən, ağ, britaniyalı memar Zaha Hədidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi yerləşir. Bütün Azərbaycan boyu Heydər Əliyevin onlarla heykəli ucaldılıb. Bakının yollarındakı reklam lövhələrində də Heydər Əliyevin şəkillərinə rast gəlirsən.
Tənqidçilər bildirir ki, Ilham Əliyev ölkənin neft ehtiyatlarından istifadə edərək, öz ailəsini zənginləşdirib. Onun həyat yoldaşı və övladları dəyəri milyardlarla ölçülən biznes imperiyasına sahibdir. ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi, lakin 2009-cu ildə “WikiLeaks” saytı tərəfindən yayımlanan məxfi teleqramlarda Əliyevlər “Xaç atası” filmindəki Karleone ailəsilə müqayisə olunurdu.
Xədicə Ismayılovanın tərəfdarları deyir ki, onun həbsi prezident ailəsinin biznes fəaliyyətilə bağlı araşdırmalarına görə qisas almaq məqsədi daşıyır. Xədicənin həmkarları onun işini davam etdirir. Bu yaxınlarda araşdırmaçı jurnalistlər Əliyevlər ailəsinin biznesilə bağlı iki məsələni ifşa edib – bunlardan biri mobil operatora sahibliklə bağlı sövdələşmə, digəri isə bank aktivlərilə əlaqədardır.
Hazırda həbsxanada olan 39 yaşlı Xədicə Ismayılova xarici aləmlə yalnız məktublar vasitəsilə əlaqə saxlaya bilir. O deyib ki, “mən bu gün türmədə olsam da, buna dəyər”. Bu barədə bizə anası Elmira xanım bildirdi.
Həbsdəki vicdan məhbuslarının bir qisminin səhhətində ciddi problemlər var. Bir ilə yaxındır həbsxanada olan Leyla Yunus diabet və qaraciyər xəstəliyindən əziyyət çəkir. O, həbs olunandan bəri 35 kiloqram çüki itirib.
ABŞ və Avropa Birliyi hələlik Azərbaycandakı repressiyalarla bağlı açıq tənqidlərdən çəkinir.
“Hələlik məlum deyil ki, Amerika ilə nə baş verir. Biz strateji tərəfdaş idik. Biz incimişik və gözləyirik ki, Amerika hökumətindəki dostlarımız Azərbaycana qarşı kampaniyanı dayandırmaq üçün məsələyə müdaxilə edəcək”, – deyə Əli Həsənov bildirib.
“Azərbaycan hökuməti Qərbi lazımınca qiymətləndirə bilmədi. Onlar düşünürdülər ki, hər şeyi pulla almaq mümkündür. Özləri təbliğat kampaniyalarına özlərini inandırmışdılar” – bunu isə müxalifət partiyası olan AXCP-nin rəhbəri Əli Kərimli deyir.

“Bild”: “Diktatura rejimində birinci Avropa Oyunlarının açılışı”

Almaniyanın ən tirajlı qəzeti olan “Bild” də Avropa Oyunları keçirilən ölkədəki repressiyalardan yazır:
“Azərbaycan prezidenti Ilham Əliyev paytaxt Bakıda 68 min tamaşaçı qarşısında birinci Avropa Oyunlarının açılışını etdi. ”Avropa üçün Olipiya Oyunları"nın açılışı bütün zamanların ən mübahisəli idman hadisələrindən biridir. Səbəb isə turnirə “ev sahibliyi” edən ölkə ilə bağlıdır.
Əliyev Xəzər sahilində yerləşən ölkəni diktatura rejimində idarə edir. Tənqidçiləri həbs elətdirir və ya ölkədən çıxarır. Buna ən yeni nümunə kimi, Böyük Britaniyanın “The Guardian” qəzetinin əməkdaşı Ouen Gibsonun Bakıya buraxılmamasını göstərmək olar. O, dekabr ayında Azərbaycanda hüquq müdafiəçilərilə görüşüb.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki açılış mərasimində çıxışı zamanı qısaca siyasi məqama toxunub: “Müsbət dəyişikliklərə nail olmaq baxımından idmanın unikal gücü var. Bakının irəli getməsi üçün yaxşı yolu olmalıdır”.
Idman baxımından yarışlar arasında böyük fərq var. Bir çox ölkələrin yüngül atletika, üzgüçülük kimi idman növləri üzrə əsas yarışçıları bu turnirdən kənarda qalıb. Çünki bir neçə həftədən sonra hər iki idman növü üzrə dünya çempionatları keçiriləcək. Ona görə də ən yaxşı halda, üçüncü dərəcəli idmançılar gətirilib. Həmin idman növləri üzrə Almaniyadan ümumiyyətlə, idmançı gəlməyib".

“Ouest-France”: “Azərbaycandakı avtoritar rejim nəzarəti daha da gücləndirmək istəyir”

Fransanın “Ouest-France” qəzeti müəllimi, həkimi 300 manatdan aşağı maaş alan ölkənin Avropa Oyunlarına 8 milyard dollar vəsait xərcləməsindən yazır. Məqalənin müəllifi Bruno Poussard Bakıya səfər edərək, burada bir sıra şəxslərlə görüşüb və onların hər birinin fikirləri materialda öz əksini tapıb. Məqalənin tərcüməsini təqdim edirik:
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, belə yarışlar beynəlxalq diqqətin Azərbaycana cəlb olunması baxımından vacibdir: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda çoxlu sayda siyasi məhbuslar var”.
Uzun illərdir ki, beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda insan haqlarına hörmət olunmamasını tənqid edir.
Bu gün Azərbaycan hökumətinin müzakirə etməkdən yayındığı məsələlərdən biri də siyasi məhbuslardır. Azərbaycanda hazırda 80-100 arası siyasi məhbus var. Tənqidçi jurnalistlər, bloggerlər də onların sırasındadır.
“Bizim qəzetin siyasət şöbəsinin rəhbəri Seymur Həzi hakimiyyəti tənqid edən yazılarına görə ötən il avqustun 29-dan həbsdədir”, – deyən Rahim Hacıyev “Azadlıq” qəzetinə qarşı maliyyə müstəvisində də ciddi təzyiqlərdən danışır.
Son dövrlərdə Azərbaycanda vəziyyət daha da pisləşib. Siyasi məhbusların sayı son iki ildə iki dəfə artıb.
Daim hakimiyyətin təzyiqləri altında olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir: “Hazırda Londonda təhsil alan oğlum 2013-cü ildə yalan ittihamlarla həbs olundu. Mənim bütün ailəm təhlükədədir. Bizim partiyanın qərargahında ötən il partlayış törədildi. Partiyanın yeni qərargahla təmin olunmasına isə imkan verilmir. Parlamentdə real müxalifət partiyalarının heç biri təmsil olunmur. Azərbaycan hakimiyyəti mədəni baxımdan, idman nöqteyi-nəzərdən Avropaya inteqrasiya olunmaq istəyir, amma siyasi baxımdan istəmir. Avtoritar rejim ölkədəki bütün institutlara – parlamentə, məhkəmələrə, seçkilərə nəzarəti öz əlində saxlayır, insan hüquqlarına hörmət etmir”.
“Təxminən son bir ildə ölkədə baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti nəzarəti daha da gücləndirməyə çalışır”, – deyə “Sərhədsiz Reportyorlar”ın departament rəhbəri Iohann Bihr bildirib. Onun fikrincə, Azərbaycanda baş verənlərə yetərincə beynəlxalq təpki olmadığından onlar özlərini cəzasız mühitdə hiss edir və repressiyaları daha da artırır.
“Onlar həbslərlə bizi qorxutmaq istəyirdilər. Buna baxmayaraq, biz demokratiya uğrunda mübarizəmiz davam etdirdik. Həbslərin məqsədi həm də müxalifəti, azad medianı, demokratik dəyişiklik istəyən və bunun üçün çalışanları məhdudlaşdırmaq idi”, – deyə Əli Kərimli qeyd edib.
Avropa Oyunları ilə bağlı əsas müzakirə mövzularından biri də turnirə sərf olunan vəsaitlə bağlıdır. Hökumət iddia edir ki, 900 milyon xərclənib. Lakin real rəqəmlər bundan xeyli çoxdur. Əli Kərimlinin dəyərləndirməsinə görə, Avropa Oyunlarına təxminən 8 milyard dollar vəsait sərf olunub.
Rahim Hacıyev deyir ki, bu vəsait hesabına azərbaycanlıların yaşayış səviyyəsini yüksəltmək olardı: “Korrupsiya, işsizlik Azərbaycanda çox ciddi problemdir. Bu ölkədə orta aylıq əməkhaqqı 450 manatdır. Həkimlərin, müəllimlərin maaşı 300 manatdan da azdır”.
Əli Kərimli də Azərbaycanda təhsil və səhiyyə sahəsində vəziyyətin ağır olduğunu deyir: “Bir çoxları müalicə üçün Irana getməli olur. Şagirdlərin yalnız 15-20 faizi imtahanlardan keçə bilir”.