Oyunların 5-ci günündə idmançılarımızdan 1 qızıl, 2 bürünc medal

“Bakı-2015" I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub. Azərbaycanı təmsil edən Valentin Demyanenko 200 metr məsafəyə yürüşdə 40,142 saniyə nəticə göstərərək yarışın gümüş mükafatını qazanıb.
Sərbəst güləş üzrə qadınların mübarizəsi davam edir. Qadın güləşçilərin 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ancela Doroqan 1/8 finalda türkiyəli Mərvə Kəngərlə qarşılaşıb. Güləşçimiz  8:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üzərində təmiz qələbə (4:0) qazanaraq yarımfinala yüksəlib. A.Doroqan yarımfinalda rumıniyalı Natalya Buduna vaxtından əvvəl  təmiz qələbə (7:2) ilə qalib gəlib. Güləşçimiz finalda polşalı Roksana Zasina ilə qarşılaşıb. 3:2 hesabı ilə qalib gələn A.Doroqan qızıl medalın sahibi olub.
Taekvondoçuların da  mübarizəsinə start verilib. Qadınlardan ibarət yığmamızın üzvü Patimat Abakarova 49 kq çəki dərəcəsində mübarizə aparır. Onun ilk rəqibi rusiyalı Aleksandra Liçaqina olub. Görüş idmançımızın inamlı qələbəsi ilə nəticələnib – 7:1. Abakarova 1/4 finalda yunanıstanlı Ioanna Kuotsou ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Abakarova yarımfinala yüksəlib. Idmançımız bu mərhələdə serbiyalı Tiyana Boqdanoçivlə üz-üzə gəlib. Taekvondoçumuz 5:1 hesabı ilə öndə olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib. Nəticədə 6:7 hesabı ilə uduzan Abakarova finala yüksəlmək şansını əldən verib. Lakin təmsilçimiz bürünc medal uğrunda mübarizəsini davam etdirib. Patimat Abakarova Erika Nikoli (Italiya) ilə qarşılaşıb və görüşü vaxtından əvvəl xeyrinə bitirib – 13:0.
Bu bürünc medal yığmamızın ümumilikdə 19-cu mükafatı olub.
Yarışların 5-cü günü ümumi medal sayına görə Rusiya yığması lider olub. Bu ölkə idmançılarının 22 medalından12-i qızıl, 5-i gümüş, 5-i isə bürüncdü. Azərbaycan idmançıları 19 medalla ikinci yerdə qərarlaşıb (8 qızıl, 3 gümüş, 8 bürünc).
3-cü yerdə isə 13 medalla (7 qızıl, 1 gümüş, 5 bürünc) Macarıstan idmançılarıdır.

azadlıq.info