AXCP sədri Əli Kərimli tanınmış iqtisadçı İlham Hüseynlini 50 yaşı tamam olması münasibətilə təbrik edib. Ə.Kərimlinin facebook səhifəsində yazdığı təbrikdə deyilir: "Hörmətli İlham bəy, sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda və mübarizənizdə uğurlar arzulayıram. İlham bəy, siz xalq hərəkatının sıralarında şərəfli mübarizə yolu keçmisiniz. Partiyamızın formalaşmasında, təşkilatlanmasında önəmli rolunuz olub. Elə buna görədir ki, artıq xeyli müddətdir partiya üzvləri etimad göstərərək sizi partiyanın ali kollegial orqanı olan Rəyasət Heyətinə üzv seçirlər. Təşkilatlanmasında böyük zəhmətiniz olan AXCP-ni indi yönəldənlərdən birisiniz. İqtisadçı alim kimi hər zaman partiyamızın iqtisadi konsepsiya və proqramlarının hazırlanmasında iştirak edirsiniz.
Hörmətli İlham bəy, əminəm ki, həm partiyamızın, həm də millətimiz və dövlətimizin qarşısında ən böyük xidmətləriniz hələ qabaqdadır. Sizi bir daha təbrik edirəm!".


