Yarışların 4-cü günü idmançılarımızdan daha 3 medal

Dünən Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib. Kişi komandaların mübarizəsinə yekun vurulub.
Yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatçısı olub.
6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.
Sərbəst güləş üzrə qadınlar arasında yarışlarda idmançılarımız iki medal qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. Güləşçimiz 1/4 finalda fransalı Culie Sabatieni 11:0 hesabı ilə qalib gəlib. Təmsliçimiz yarımfinalda Ivona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb – 8:2. Finalda isə bolqarıstanlı Elitsa Yankova ilə qarşılaşıb və vaxtından əvvəl 12:1 hesabı ilə təmiz qələbə qazanaraq qızıl medalın sahibi olub.
55 kq çəki dərəcəsində yarışan güləşçimiz Natalya Sinişina isə Oyunları bürünc medalla bitirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişina cütün taleyini vaxtından əvvəl həll edib – 10:0.
Natalya Sinişina mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb və vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və yenə görüşü vaxtından əvvəl bitirib – 12:0. Natalya yarımfinalda Sofia Mattssonla (Isveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. Idmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.
Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişina cütün taleyini vaxtından əvvəl həll edib ? 10:0 və medala sahib olub.
Yarışların 4-cü günü ümumi medal sayına görə Rusiya yığması lider olub. Bu ölkə idmançılarınınn 15 medalından 9-u qızıl, 2 gümüş, 4-i isə bürüncdü. Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı bir qədər az olduğundan, yığmamız 16 medalla ikinci yerdə qərarlaşıb (7 qızıl, 2 gümüş, 7 bürünc).
3-cü yerdə isə 12 medalla (4 qızıl, 2 gümüş, 6 bürünc) Türkiyə idmançılarıdır.

azadlıq.info