Nurəddin Məmmədli: «Korrupsiya, rüşvətxorluq, siyasi repressiyalar uğur kimi qələmə verilirsə, mövcud hakimiyyət uğur qazanıb»
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Günü ilə bağlı “Twitter” səhifəsində bir sıra məqamları bölüşüb.
N.Məmmədov söyləyib ki, müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yaranıb. Ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedib, orduda vəziyyət ağırlaşıb, fərarilik artıb: “Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi”.
Məsələ barədə fikirlərini “Azadlıq”a şərh edən professor Nurəddin Məmmədli söyləyir ki, AXC hakimiyyətindən keçən uzun müddət ərzində bütün uğursuzluqlar həmin dövrlə əlaqələnqdirilir. Nurəddin bəy bütün günahları birillik hakimiyyətin üzərinə qoymağı məsuliyyətdən qaçmaq cəhdi adlandırır:
“Mənim bu məsələlərə münasibətim bir qədər fərqlidir. Ciddi bir ictimai-siyasi formasiya dəyişikliyi baş verirdi və köhnə üsullarla yeni hakimiyyəti idarə etmək mümkün deyildi. Həmçinin, müəyyən kadr potensialının formalaşması üçün vaxt yox idi. Xalq Cəbhəsi hakimiyyətinin düşmənləri də həddən artıq çox idi. Rusiya, Iran, ölkənin daxilindəki qüvvələr bütün imkanlarından istifadə edərək hakimiyyətin normal şəkildə idarəçiliyinə mane olurdu. Müharibə gedirdi və həmin şəraitdə digər məsələləri həll etmək çətin idi. Silah ehtiyatı kifayət qədər deyildi. Bütün bunlar reallıq olduğu halda, indiki hakimiyyəti o vaxtla müqayisə etmək uğursuzluqlara haqq qazandırmaq deməkdir. Korrupsiya, rüşvətxorluq, siyasi repressiyalar və digər neqativ hallar uğur kimi qələmə verilirsə, doğrudan da hazırkı hakimiyyət uğur qazanıb”.
Nigar


