“Fikir verin, nə qədər iş adamı özünə qəsd edib, malından-mülkündən olub”
“Mənə qarşı bu qədər təzyiqlər varsa, görün, sıravi vətəndaşlara hansı miqyasda təzyiqlər olur”
AMAY şirkətlər qrupunun prezidenti Abdulla Abdullayevin “Demokratik İslahatlara Vətəndaş Dəstəyi” ictimai təşkilatına sədr seçilməsi müxtəlif rəylərə səbəb olub. Bununla bağlı A.Abdullayevin müsahibəsini diqqətə çatdırırıq (“Turan”).
– Abdulla müəllim, sizin ictimai təşkilata rəhbər olmağınızın səbəbi nədir?
– İctimai fəaliyyətə qoşulmağıma səbəb prokurorluq və məhkəmə orqanlarındakı qanunsuzluqlardır. Rəhbəri olduğum AMAY şirkətinə qarşı son zamanlar olan basqılar, şirkətə bağlı bir sıra qurum rəhbərlərinə qarşı əsassız cinayət işləri, ölkə prokurorluğunun mülki işi cinayət işinə çevirməsi, üstəlik məhkəmənin bu əsassız istintaq nəticəsində insanları kurorta göndərirmiş kimi uzunmüddətli cəzaya məhkum etməsi ictimai fəaliyyətimə səbəb oldu. Bu qədər haqsızlıq olduğunu bilmirdim. Təvazökarlıqdan uzaq olsa da mənə, dünyada tanınmış is adamına qarşı bu qədər təzyiqlər varsa, görün, sıravi vətəndaşlara hansı miqyasda təzyiqlər olur. Bu məsələ ilə bağlı müxtəlif instansiyalara, o cümlədən ölkə prokurorluğuna müraciətlər olundu, amma bu müraciətlər nəticəsiz qaldı. Əgər prokuroluq bizi dinləməyibsə, deməli, sıravi vətəndaşların haqlarına tamamilə etinasızdır. Bütün bunları nəzərə alaraq, ictimai təşkilata rəhbərlik təklifini qəbul etdim. Buna görə də ölkə prokurorluğuna “təşəkkür” edirəm ki, məni yenidən sadə vətəndaşlara, onların dərdlərinə qovuşdurdu.
Onu da qeyd edim ki, fəaliyyətimiz hər hansı siyasi çalardan uzaqdır. Yeganə və başlıca məqsədimiz qanunların aliliyinə, onların toxunulmazlığına nail olmaqdır. Həm də cəmiyyətdəki neqativləri aradan qaldırmaq üçün ölkə rəhbərliyinə dəstək verməkdir. Hansısa məmurun qanuna qanunun tələbindən yox, öz marağından yanaşması ilk növbədə Azərbaycan adına qurulan dövlətin imicinə zərbədir. Mən isə dövlətçiliyi hər şeydən uca tuturam. Mən iş adamıyam, elə də qalıram. Amma fikir verin, hansısa məmurların basqıları üzündən nə qədər iş adamı özünə qəsd edib, malından-mülkündən olub. Odur ki, biz cəmiyyətin özünə zərbə olan neqativlərə qarşı mübarizə xətti tutmuşuq. Çünki mübarizə aparılmadığı halda bu neqativlər xərçəng kimi cəmiyyətin özünü xilasolunmaz dərdə sala bilər.
– Bu, biznes fəaliyyətinizə zərbə vurmayacaqmı?
– Sovet rejimindən xilas olaraq müstəqil və demokratik dövlət qurmaq üçün bu xalqın 60%-i mübarizə aparıb. Amma bu 60% bilmirdi ki, bəzi məmurlar insan haqlarını, vətəndaş ləyaqətini tapdalayacaq, bir dəfə verilən insan ömrünə bu qədər laqeyd olacaqlar. Belə məmurlar dövlətin idarə edilməsinin sütunu olan demokratik dəyərlərə qarşı çıxırlar. Onlara qarşı mübarizə olmalıdır və əminəm ki, dövlət rəhbərliyi də bu mövqeyi təqdir edər.
Əlbəttə, bu mübarizə ilə bizə qarşı başlana biləcək təzyiq və basqıları da gözardı etmirik. Amma gözün önündə qanunları pozaraq vətəndaş heysiyyatı ilə oynayan məmurlara səssiz qalmaqdansa mübarizə apararaq məhrumiyyətlərə düçar olmaq daha ədalətlidir. Bu xalq mübarizə apararaq azad, demokratik yaşamaq istəyirdi. Əgər bu insanlar bəzi məmurların özbaşınalığına məruz qalacaqdısa illər boyu apardığı mübarizənin, bu qədər şəhidliyin, bu qədər itkinin anlamı nə olur?
– Təşkilatın gələcək fəaliyyəti necə qurulacaq və qurumun prioritetləri nə olacaq?
– Öncə bizlərə qarşı prokurorluğun qanunsuzluqları ilə bağlı parlamentə, ədliyyə nazirliynə, Ali Məhkəməyə müraciətlər ünvanlayacağıq. Sonrakı mərhələdə müraciət edəcəyimiz ünvanlar səfirliklər, Avropa insan haqları qurumları, BMT və beynəlxalq hüquq-müdafiə təşkilatları olacaq. Biz ölkə prokurorluğunun qanunsuzluqlarına qarşı mübarizədə bu qurumlardan bizə dəstək vermələrini xahiş edəcəyik.
Ölkə daxilində prokurorluq, məhkəmə və digər hüquq-mühafizə qurumlarından təqaüdə çıxmış hüquqşünaslara müraciət edəcəyik ki, qazandıqları təcrübəni hüquqları pozulan vətəndaşların haqlarının müdafiəsinə sərf etsinlər. Haqları tapdanan sadə vətəndaşlardan isə bizlərə mənəvi dəstək olmağı və bizimlə həmrəy olmağı xahiş edəcəyik.
Ölkə prezidenti korrupsiyaya, rüşvətə, məmur özabaşınalığına qarşı mübarizəyə xalqın dəstək verməsini istəyib və biz də ictimai təşkilat olaraq həmin dəstəyi verəcəyik. Bəzi məmurları ifşa edərək onların özbaşınalığı barəsində tədbirin görülməsi üçün dövlət orqanlarına təkliflər verəcəyik. Lazım gəlsə, belə məmurların istefasına, cinayət məsuliyyətinə cəlb olunmasına kimi mübarizə aparacağıq. Çünki belə məmurlar cəzalandırılmasa, cinayət məsuliyyətinə cəlb edilməsə, bütünlükdə millətin gələcək taleyi acınacaqlı olacaq. Bu məsələlərdə, əlbəttə, dövlət rəhbərliyindən də dəstək istəyəcəyik.
Parlamentə isə müraciət edəcəyik ki, cəmiyyətin rifahı naminə qəbul etdiyi qanunları hakimiyyət səlahiyyətinə söykənərək öz marağına uyğun tətbiq edən məmurların cəzalandırılması üçün qanunlar işlək hala gətirilsin.
Daha bir müraciətimiz vəkillərə olacaq. Belə ki, vəkillər cəmiyyətlə hüququn qorunması arasında vasitədir. Əgər, vəkil şərəf və vicdanlıdırsa, cəmiyyətin hüququ qorunar. Bu mənada məmur özabaşınalığna qarşı mübarizə, haqq və hüququn qorunması üçün vəkilləri bizlərlə işbirliyinə dəvət edəcyik. Həm də vəkillərin özlərini təzyiqlərdən qorumağa çalışacağıq.
İş adamlarına da müraciətimiz olacaq. Həm iş adamları bizlərlə həmrəylik bildirsin, həm də bəzi məmurların özbaşınalığı nəticəsində pozulan haqq və hüquqlarının müdafiəsi üçün birgə mübarizə aparsınlar.
Biz ölkə QHT-lərinə müraciət edəcəyik ki, əldə etdikləri təcrübə ilə bağlı bizimlə mübadilələr apasınlar, təşkilatın formalaşmasına dəstəklərini əsirgəməsinlər. Bu sırada gənclər də yaddan çıxmayıb. Əgər gənclər gələcəkdə haqq və hüquqlarının bəzi məmurların özbaşınalığından qorunmasını istəyirsə, belə məmurlara qarşı mübarizədə onların bizlərlə həmrəy olmalarını istəyirik
Media qurumlarına da müraciətimiz var və biz mediadan apardığımız mübarizəni ictimailəşdirərək onun mahiyyətini xalqa çatdırmasını istəyəcəyik. Bir sözlə, qarşıda görüləsi işlər çoxdur.



