Almaniyaya söyüş düşür, yoxsa təşəkkür?

Fuad Qəhrəmanlı: «Azərbaycanın xarici siyasətində iqtidar üçün prioritet məsələ dövlət maraqlarını qurban verməklə hakimiyyət maraqlarını təmin etməkdir»

 

Bir neçə gün öncə Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamənin qəbul edilməsi bir sıra suallar doğurub. Sənəddə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb.
Qətnamədə vurğulanıb ki, Azərbaycanda 2013-cü ildə keçirilən son prezident seçkisindən sonra insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib. Rejimi tənqid edən şəxslərin bir hissəsi ölkəni tərk etmək məcburiyyətində qalıb, bir qismi də həbsxanaya salınıb: “Azərbaycan, demək olar, insan haqlarının müdafiəsi ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub. Məsələn, 2002-ci ildə Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib. Bununla da Azərbaycan öz üzərinə fundamental hüquqların qorunması, insan haqlarının müdafiəsi, demokratik və konstitusion normalara riayət olunmasıyla bağlı öhdəlik götürüb”.
Sənəddə qeyd edilir ki, Azərbaycanda insan haqları, xüsusən söz və mətbuat azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı sistemli şəkildə pozulur. Əslində sənəddə qeyd olunan bir məqama görə, Azərbaycan hökuməti Almaniyaya minnətdar olmalıdır. Qəbul olunan sənəddə vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi var və torpaqlarının bir hissəsi Ermənistanın işğalı altındadır: “Ölkənin Dağlıq Qarabağ vəÿ ətraf rayonlardan didərgin düşmüş 586 min məcburi köçkünü var. Beləÿki, Azərbaycan torpaqlarının bir hissəsi 1993-cü ildən bəri Ermənistanın işğalı altındadır. Üstəlik, 250 min azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bu da ölkəÿüçün sosial, iqtisadi vəÿsiyasi baxımdan böyük yükdür. Azərbaycan hökuməti son illərdəÿonların vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımlar atıb”.
Elə təkcə bu son cümlələrə görə “sağ ol” demək əvəzinə, Azərbaycan hakimiyyəti Almaniyaya qarşı ciddi kampaniyaya başlayıb. Ölkəmizə qarşı beynəlxalq kampaniyanın aparılmasında ittiham olunan Almaniya hökumətinin qərəzli yanaşma sərgilədiyi vurğulanır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin Bundestaqda qəbul olunmuş sənədə münasibətdə sərgilədiyi mövqe onu göstərir ki, iqtidar üçün önəmli olan Qarabağ problemi, işğal altında olan ərazilər məsələsi deyil. Hakimiyyət üçün əsas olan iqtidar maraqlarıdır: “Bir qayda olaraq hakimiyyətin ritorikasında ona yönələn tənqidlər erməni lobbisinin fəaliyyəti ilə əsaslandırılmağa çalışılır. Yəni belə bəyan edilir ki, bu cür münasibətlər Azərbaycana qərəzli yanaşmanın təzühürüdür və erməni lobbisinin fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. Amma Bundestaqın qəbul etdiyi sənəd tam əksini göstərir. Bu sənəddə Azərbaycanın haqlı mövqeyi ifadə olunur. Qarabağ məsələsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun mövqe ortaya qoyulur. Ərazilərimizin işğal altında olması, azərbaycanlıların Ermənistandan deportasiya olunması faktı sənəddə əksini tapır. Bu nəinki Ermənistanın maraqlarına uyğun deyil, əksinə, qəbul olunan sənəd Ermənistanın mövqelərinə ziddir”.
F.Qəhrəmanlının sözlərinə görə, normalda Almaniya parlamentinin qəbul etdiyi sənədi hakimiyyət müsbət qarşılamalı idi. Amma Azərbaycan tərəfi bütün bunları görməzlikdən gələrək sənədlə bağlı aqressiv reaksiya göstərməkdədir: “Açıq görünür ki, Qarabağ məsələsi ilə bağlı haqlı mövqe ifadə olunsa da, bu, hakimiyyəti məmnun etmir. Çünki sənəddə insan haqları və demokratiyaya görə hakimiyyətə yönələn tənqidlər var idi. Normalda hakimiyyət bu tənqidləri qəbul etməli və Qarabağla bağlı sərgilənən münasibətə görə təşəkkür etməli idi. Bir daha aydın oldu ki,
Azərbaycanın xarici siyasətində iqtidar üçün prioritet məsələ özünün hakimiyyət maraqlarının təminidir. Bunun üçün isə dövlət maraqları qurban verilir. Kim Azərbaycanın dövlət maraqlarına uyğun münasibət sərgiləyir, yəni həm işğal altındakı ərazilərin məsələsini qabardır, həm də ölkəmizin demokratik inkişafının vacibliyini vurğulayır, həmin qüvvə Qarabağa münasibətindən asılı olmayaraq arzuolunmaz tərəfə çevrilir".
F.Qəhrəmanlının sözlərinə görə, Qarabağ probleminin bu günə qədər həll olunmamasının əsas səbəblərindən biri də beynəlxalq səviyyədə aparılan yanlış siyasətdir. “Hakimiyyət üçün xarici siyasətdə əsas prioritet məsələ iqtidar maraqlarıdır”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal