Bu ölkənin prezidenti baş nazirin açılış mərasiminə qatılmasını siyasi səhv adlandırdı
Azərbaycan hakimiyyəti beynəlxalq dəstəyini tamamilə itirib; oyunlarla avtoritarizmi pərdələmək mümkün olmadı
Rumıniyanın baş naziri Viktor Pontanın Azərbaycanda keçirilən Avropa Oyunlarının açılış mərasimində iştirakı qalmaqala səbəb olub. Rumıniyanın prezidenti Klaus Yohannesin sözlərindən belə anlaşılıb ki, Viktor Pontanın açılış mərasiminə qatılması özfəaliyyət imiş. AzadlıqRadiosunun məlumatına görə, Rumıniya prezidenti bildirib ki, Viktor Pontanın Avropa Oyunlarının açılış mərasimində iştirakından xəbərsiz olub. Klaus Yohannes baş nazirin insan haqlarının vəziyyətinə görə bir çox Avropa liderlərinin qatılmadığı bu mərasimdə iştirakını xarici siyasətdə səhv addım adlandırıb.
Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçirilib. Mərasimdə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla yanaşı Rumıniyanın baş naziri Viktor Ponta da iştirak edib.
Məlumat üçün deyək ki, baş nazir Viktor Ponta ətrafında yaranmış korrupsiya qalmaqalına görə, onunla prezident Klaus Yohannes arasında münasibətlər pisləşib. Prezident onu istefa verməyə çağırsa da Viktor Ponta bundan imtina edib.
Həmçinin ölkə parlamenti onun toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı prokurorların sorğusunu rədd edib.
Bundan bir qədər sonra baş nazirə etimadsızlıq göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə də Viktor Ponta qalib gəlib.
Qeyd edək ki, Avropa Oyunlarını keçirməklə imicinə müsbət çalar qatmaq istəyən Azərbaycan hakimiyyəti bunun əksilə üzləşdi. Avropa liderləri faktiki olaraq bu yarışmanı boykot etdi. Avropa Oyunları ərəfəsində Azərbaycanda avtoritar üsul-idarənin hökm sürdüyü daha qabarıq şəkildə dünya ictimaiyyətinə çatdırıldı. Avropa strukturları, müxtəlif beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə siyasi məhbusları azadlığa buraxmaq çağırışlar etdilər. Almaniya Bundestaqında Azərbaycanla bağlı sərt qətnamə qəbul olundu.
Nüfuzlu beynəlxalq nəşrlər Azərbaycandakı repressiyalara diqqət çəkdilər. Hakimiyyət gözlənilməz zərbələrlə də üzləşdi. Məsələn, Israilin nüfuzlu “Haaretz” qəzeti məhz Avropa Oyunları ərəfəsində hakimiyyətinə ifşasına yönəlik geniş məqalə yayımladı. Azərbaycan hakimiyyəti ilə Israil arasında isti münasibətlərin olduğunu nəzərə alsaq, “Haaretz”in belə bir məqalə dərc etməsi gözlənilməz idi. Bundan başqa hakimiyyətin həmişə özünə dayaq hesab etdiyi Avropa Şurası da prinspial mövqe nümayiş etdirdi. Daha bir sərt qətnamənin də məhz Avropa Şurasının qəbul edəcəyi gözlənilir. Beləliklə, hakimiyyət Avropa Oyunları ilə ölkədəki repressiyaları, söz və mətbuat azadlığının boğulmasını pərdələyə bilmədi. Beynəlxalq dəstəyini də tamamilə itirdi.
Hakimiyyətin Qərbin demokratiya çağırışlarına məhəl qoymaması prosesin davam edəcəyini söyləməyə əsas verir. Növbəti mərhələdə hakimiyyət ciddi sanksiyalarla üzləşə bilər.
Akif



