MTN baş verənlərlə bağlı araşdırmalar aparıldığını bəyan elədi
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr PKK terror təşkilatına qoşulub. Bu barədə məlumatı moderator.az saytı yayıb. Bundan əvvəl xəbər yayılmışdı ki, Yıldırım Beyazit Universitetin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gənclər aprel ayından yoxa çıxıblar.
PKK-ya qoşulan tələbələrin videomüraciəti də yayılıb. Bəlli olub ki, onlar terror təşkilatına qoşulduqdan sonra adlarını dəyişiblər.
Moderator.az məsələ ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyi ilə əlaqə saxlayıb.
Səfirliyin təhsil şöbəsinin müşaviri Nəcibə Babayeva bildirib ki, bu məsələ ilə bağlı səfirliyin mövqeyini öyrənmək lazımdır: “Hadisə ilə əlaqədar olaraq səfirliyimiz mətbuata əlavə məlumat verəcək, ancaq bildiyiniz kimi bu təhlükəsizlik məsələsidir və bununla bağlı mən hansısa informasiya verə bilmərəm. Hadisə ilə əlaqədar olaraq səfirliyin mövqeyi öyrənilməlidir. Məlumatı biz də almışıq və bununla bağlı araşdırmalar davam edir”.
Milli Təhlükəsizlik Nazirliyinin Ictimaiyyətlə Əlaqələr Mərkəzindən isə bildirilib ki, bu və bu qəbildən olan şəxslərlə bağlı nazirlik kifayət qədər informasiyaya malikdir və lazımi araşdırmalar aparılır: “Bu qəbildən olan şəxslər barədə MTN-də məlumatlar var və bu istiqamətdə zəruri araşdırmalar aparılır”.