AKP niyə qələbə qazanır?

Bu partiyanın cəmiyyətə təqdim etdiyi «sehrli proqram» haradan götürülüb

 

Türkiyədə parlament seçimlərinin adrenalini keçib getdi. Indi qalib gələn AKP-nin öz qələbisini cəmiyyətə həzm etdirmək kimi bir problemi yoxdur, amma sonrakı yerləri tutan CHP və MHP-nin əldə etdikləri nəticəni partiya daxilində həzm etmələri mərhələsidir. Hər iki partiya ciddi sıxıntılar yaşayır. CHP-də bu sıxıntılar partiyadaxili diskussiyaları, hətta destruktiv məcraya da apara bilər, MHP-nin isə elektoratı çox sıxıntılar yaşayır. 

Türkiyə müxalifətinin növbəti məğlubiyyəti

Baxmayaraq ki, seçkidən əvvəl bəzi rəy sorğuları MHP-nin, hətta barajı aşa bilməmək kimi bədbin nəticələr də çıxarırdı, amma partiyanın seçiciləri, həqiqətən də nikbin idilər, 16-18 faizdən aşağı nəticə proqnozlaşdırmırdılar. Həm CHP-nin, həm də MHP-nin hələ ki, dustaq həyatı yaşayan millət vəkillərinin olması və onların nə azadlığa çıxacağı, nə də parlamentdə otura biləcəyi ilə bağlı ümidlərin olmaması da hər iki partiyada gərginlik və dilxorçuluq ovqatını artırır.AKP üçüncü dəfədir ki, öz səslərini artıra-artıra gedir və hakimiyyətdə olan partiyanın bu cür nəticə əldə edə bilməsi demokratik seçimin olduğu bir ölkədə böyük uğurdur. Artıq üçüncü dəfədir ki, qələbəni hakimiyyətdə olan bir partiyaya təslim etmək kimi nəticə də MHP və CHP-də atmosferi daha da tündləşdirən əlavə elementdir.

Nəticə budur və bu nəticənin nədən yarandığını şərh etmək maraqlıdır.

Öncədən qeyd edək ki, AKP-nin qələbəsi müxalifət partiyaları olan CHP və MHP-nin fəaliyyətinin məzmunu ilə sıx bağlıdır. Əlbəttə, mən bu partiyanın hakimiyyətdə olduğu dövrdə gördüyü işlərə kölgə salmaq niyyətində deyiləm. AK parti hakimiyyətdə olaraq “papağını günə yandırmaqla” vaxt keçirsəydi, o halda Türkiyə cəmiyyəti indiki müxalifətə etimad göstərməsə də, sandıqdan keyfiyyətcə daha yeni və daha passionar bir partiyanı çıxarardı. Amma hakim partiya formada olaraq qalır və bu etimadı hələ ki, qoruyub saxlayır.

CHP Atatürkün və Ecevitin siyasi kapitalına nələr əlavə edib?

Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının qurucusu Mustafa Kamal Atatürkdür. Hakimiyyətdə olan sonuncu dönəmi də Ecevitlə yadda qalır. Maraqlıdır ki, CHP həm ictimai mövcudluq ölçülərini, həm də seçki eyforiyasını məhz həmin dönəmlərə bağlayaraq dayanır. Partiyanın hansısa yeni hədəfləri müəyyən etdiyi hiss olunmur, ya da çox zəif hiss olunur. Bu, sosial yönümlü bir partiyadır, hətta Sosialist Internasionalının üzvüdür. Amma özünün təməl prinsipləri üzərində qurulan şüarları AKP-yə qapdırıb. Hansı yolla?

Ədalət və Inkişaf Partiyasını (AKP) dini yönümlü bir partiya kimi təqdim edirlər. Partiya rəhbərlərinin və üzvlərinin dini inancları, məişət davranışları hansısa etalonları müəyyən edə bilər, amma bu partiyanın Türkiyə cəmiyyətinə təqdimatı dünyəvi partiya şəklindədir, həm də nəhəng sosial proyektləri var. Faktiki olaraq, belə vəziyyət yaranıb ki, indi Türkiyədə iki sol platformalı partiya var. Bunlardan biri ənənəvi solçuluğu təqdim edən və müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasıdır, o biri isə hakimiyyətdə olan və həmin sosial proyektləri həyata keçirən AKP-dir. Həyata keçirdiyi sosial layihələrlə də CHP-nin elektoratını özünə səs verməyi təşviq edən Ədalət və Inkişaf Partiyası, təbii ki, CHP-dən daha çox səs toplamalıdır. Bunlardan biri vəd edir, o biri isə həyata keçirir (Onu da nəzərə almaq lazımdır ki, müasir siyasi aləmdə solçuluq və sağçılıq arasında xüsusi keçilməz sərhədlər yoxdur, bu siyasi “qəliblər”in özü çox praqmatikləşib).

CHP cəmiyyət üçün yeni partiya deyil. Partiyanın yeni lideri Kamal Kılıcdaroğlu da türk siyasətində yeni adam deyil. Istambul boyda şəhərdə bələdiyyə seçkilərinə qatılmış, əhəmiyyətli faizlə səs almış və bununla da Türkiyənin siyasi həyatında yeni bir ismin olduğunu təsdiqləmiş adamdır. Bu seçkilərdə Kamal Kılıcdaroğlu CHP-ni bütün Türkiyə boyu ev-ev, qapı-qapı daşıdı, şəxsən özü Türkiyə boyu 200-dən artıq mitinqdə iştirak etdi, cəmiyyətə CHP-nin dinamik, iqtidara tam hazır bir partiya obrazını təqdim edə bildi. Amma bu partiyanın proyektləri Ərdoğanın və onun nazirlərinin masasının üstündə idi. Onlar bu proyektləri həyata keçirməkdə idilər və Kamal Kılıcdaroğlunun bütün enerjisinə, diriliyinə – çevikliyinə baxmayaraq, praqmatik Türkiyə işləməkdə olan layihələrə səs verdi, vəd edilənlərə yox; həm də onu nəzərə aldı ki, vəd edilənlər də keyfiyyətcə yeni şeylər deyil. Fəaliyyətdə olan hökumətin sosial layihələri isə hüdudsuzdur: pulsuz və yüksək səviyyəli səhiyyə xidmətindən başlamış, uzaq kəndlərdəki məişət ehtiyaclarına qədər. Hökumət uzaq kəndlərdə hətta evbaşı 20-30 qoyun paylayır ki, pulunu 7 ildən sonra faiz hesablanmadan verərsən; qışda, hətta ehtiyacı olmayan kənd evlərinə zəruri qaydada daş kömür belə, verirlər.

“Əsir türklər”ə uduzan partiya

MHP də təqribən, eyni vəziyyəti yaşadı. Partiyanın hədəfləri türk millətçiliyidir. Amma bu türk millətçiliyi nədə ifadə olunur? Sovetlər dövründə MHP-nin Türkiyə cəmiyyətinə təqdim etdiyi “əsir türklər” obrazı bu partiyanı cəmiyyətdə aktuallaşdırmışdı. Üstəlik, bu türklər kommunizmin əsiri olduğuna görə, türk millətçiliyi antikommunist mahiyyətli idi və SSRI dağılana qədər MHP-nin təqdim etdiyi türk millətçiliyi Türkiyədəki hökumətləri də zaman-zaman maraqlandırırdı. Doğrudur, başqa zamanlarda onlara qarşı sərt repressiyalar da baş verirdi, Türkiyədə milli kimliyin siyasi, hətta bədii ifadəçisi olan bu adamlar çox zülmlərə də dözməli olublar.

SSRI dağıldı, türk millətləri milli istiqlal əldə etdilər, amma hürriyətə qovuşmadılar. Sovet türklərinin heç biri tam hüquqla mütərəqqi dünyanın tərkib elementinə çevrilə bilməyib. MHP-nin Türkiyə cəmiyyətinə təqdim etdiyi romantik millətçilik erası da başa çatdı. Indi həmin sovet türkləri Türkiyənin xarici siyasətində müstəqil dövlətlər kimi yer alırlar, türk millətçiliyinin isə həm məzmunu, həm də strategiyası dəyişib. Məzmunca bu millətçilik dünya türklərinin siyasi sivilizasiyaya qoşulmasının təminatı ilə, strateji olaraq isə türk dövlətinin (və ya türk birliyinin) dünyada həlledici səslərdən birinə çevrilməsi ilə bağlıdır. MHP milliyyətçi kəsimin təşkilatı olaraq bu missiyanın altına girməyə hazır deyil. O, sədəcə bir partiyadır, həm də qəribəsi budur ki, məsələn, elə son seçimlərdə MHP də sosial şüarlarla çıxış etməyə üstünlük verirdi. Partiyanın təməl təşkilati prinsipləri arxaikləşib, yeni strategiyaya hazır deyil, üstəlik, sosial şüarlarla çıxış edən iki nəhəngdən (AKP və CHP) elektorat qoparmaq istəyir. Təbii ki, onun sosial şüarları da sönük və cəsarətsiz idi.Türk millətçiliyinin mühüm elementlərindən biri Türk dövlətinin qüdrətinin artırılmasıdır, onun dünya birliyində həlledici səslərdən birinə çevrilməsidir. Bir qədər aqressiv tendensiya ilə, hətta millətçilərin və CHP-çilərin özləri də etiraf edirlər ki, Ərdoğanın adı ərəb sokaklarında ən populyar adlardandır, ərəb ailələri yeni doğulan uşaqlarına Ərdoğanın adını verir. Bu da AKP-nin aktivlərindən və əsaslarından biridir ki, indi dünya ora ilə məşğuldur və orada da Türkiyənin baş naziri ən populyar adamlardan biridirsə, deməli, bu, Türkiyə Cümhuriyyəti dövlətinin qüdrətinin artmasının göstəricilərindəndir. Doğrudur, milliyyətçi kəsim Türkiyənin ərəb dünyası ilə deyil, daha çox Türk dünyası ilə ilgilənməsinin zəruriliyini təkid edir, amma bir partiya olaraq MHP-nin öz fəaliyyətində də, bu, görünmür. Sovet Ittifaqı dağılanda Türkiyə dövlət olaraq bu prosesə hazır deyildi. Amma indi də türk dünyasında başlamalı olan, hətta gecikən demokratikləşmə prosesinə müdaxiləyə də MHP hazır deyil. Bir zamanların romantik millətçiləri indi həddən artıq praqmatikləşərək türk millətlərini əsir alan “yerli işğalçılarla” münaqişəyə girməyə hazır deyil. Axı, əski sovet türkləri yenə də “əsir türklərdir”; bu dəfə Rusiyanın yox, özlərinin içindən çıxan və daha qəddar, daha harın, həm də heç bir sosial-mədəni layihələr təqdim etməyən diktatorların. MHP bu problemin üzərinə getməyə hazır olan partiya olsaydı, bu, faktiki olaraq Türkiyə cəmiyyətinə yeni proqram və yeni missiya təqdimatı olardı və onun bir partiya olaraq ikinci populyarlıq dalğası əldə etməsinə gətirib çıxarardı.

***

Şübhəsiz, Türkiyə müxalifəti institutlaşmış orqanizmdir, bu seçkilərin nəticələrindən dərsini götürəcək. Türkiyədəki demokratiyanın indiki səviyyəsi də imkan verir ki, bu partiyalar növbəti seçkiyə daha mütəşəkkil və tamam yeni ovqatla, cəmiyyəti məşğul edən qayğıları siyasiləşdirərək qatılsın. Amma bu qeydlər də obyektiv müşahidələrin nəticəsidir. Indi vəziyyət belədir: AKP yalnız özünə məxsus olan siyasi fəaliyyət və mövcudluq tərzinə CHP-nin sosial layihələrini və MHP-nin millətçilik ideyalarının ayrı-ayrı elementlərini də əlavə edərək, üçüncü dəfədir ki, seçkiləri udur. Hər iki müxalifət partiyası isə seçkilərin demokratik keçdiyini bəyan edir, eyni zamanda AKP-nin qələbəsinin sosial köklərini də dəyərləndirməkdə çətinlik çəkirlər. Amma bu səbəblər bu qədər sadədir.Hələ ki, AKP formadadır, Türkiyə üçün yenidir və müxalifət də ondan nümunə götürməyə məcburdur…