Mühacirdən mühacir olmaq istəyənlərə məsləhətlər

Ataxan Əbilov
 

Avropada qaçqın statusu almaq haqqında məsələyə yenə dönməli oldum. Müraciət edənlər çoxdur. Kimlər Azərbaycandan getmək istəmir? Face-dəki dostlar, fiziki tanışlar, keçmiş tələbələrim… Son vaxtlar isə götürdüyü kreditdən dolayı qaçqın olmağa üstünlük verənlər…
 
Əziz vətəndaşlar!
 
Əvvəla, ilk olaraq bir daha onu bildirim ki, mühacirlik ağır bir yoldur, çox çətin və böyük zəhmət tələb edən bir həyatdır. Belə həyat xüsusən ali təhsilli insanlar üçün daha çətindir. Siz hər şeyi körpə uşaq kimi sıfırdan başlamalısınız. Əvvəl dil öyrənməli, sonra təhsil almalısınız. Yaşa dolmuş insanın beyni dolu olur və yeni həyatın beynə tranformasiyası bu baxımdan o qədər də rəvan getmir.
 
İkincisi, Azərbaycan boşalır. Əslində çalışıb, məmləkətimizdə bir normal cəmiyyət qurmağa girişmək lazımdır. Hara getsəniz belə geriyə dönmək haqında fikirlər Sizi rahat buraxmayacaq. Hesab edirəm ki, Azərbaycanda qalmaq və fəal vətəndaş həyatı sürmək lazımdır. Öz haqqını, başqasının haqqını və bütövlükdə cəmiyyətin haqqını tələb et, ictimai-faydalılığını dərk et və buna çalış. Onda ətrafdakılar Sizi mütləq qiymətləndirəcək və realda maddi sıxıntıların olsa belə, həyatınız Sizin üçün cəlbedici olacaq.
 
Üçüncüsü, əgər yuxarıda qeyd edilənlər Sizi qane etmirsə və mühacirət etməkdə israrlısınızsa, Sizə Niderlandda siyasi qaçqın statusu almaq üçün hazırda qüvvədə olan normalarla bağlı düzgün və etibarlı informasiya verməkdə heç problem görmürəm.
 
Normalda belə bir prosedur 14 gündən başlayaraq bir ilə qədər uzanır. Nəzərə alın ki, əgər yol (Niderlanda necə gəlmə) tarixçənizi və siyasi təqib olunduğunuzu subut edə bilməsəniz, belə prosedur illərlə uzana bilər. Aşağıdakı halda 14 gün müddətində siyasi status ala bilərsiniz: 
 
1) Niderland vizasıyla Avropa Birliyi xaricindən Amsterdama və ya Niderlandın hansısa başqa aeroportuna uçmaq;
2) şəxsiyyəti təsdiq edən sənədə malik olmaq;
3) vətəndaşlığı təsdiq edən sənədə malik olmaq; 
4) siyasi təqib olunduğunuzu subut etmək.
 
Əgər bu 4 hala malik olduğunuzu guman edirsinizsə, Amsterdam aeroportunda düşən kimi, xususi müraciət şöbəsidə siyasi status almaq istəyinizi bəyan etməlisiniz.
 
Siz Niderland ərazisində qaçqın düşərgələrin birinə özünüzü təhvil verə də bilərsiniz. Ən məşhur punkt kimi Ter Apel şəhərindəki qaçqın düşərgəsi göstərilir. Bu şəhərə qatarla gedib qaçqın düşərgəsində siyasi status almaqla bağlı müraciət etməli və həmin andan Niderlandın müvafiq strukturların nəzarəti altında yaşamağa başlamalısınız.
 
Belə bir addım atmısınızsa, ilk olaraq Avropa Birliyinə (AB) girişlə bağlı inandırıcı versiyanız olmalıdır. AB-nə haradan girmisiz? Əgər bilsələr ki, siz Niderlanda hansısa başqa bir AB-nə daxil olan dövlətdən gəlmisiz, sizi həmən dövlətə qaytararlar. Bunun üstü gələcəkdə hər hansı bir formada açılarsa, Sizi həmən dövlətə mütləq göndərəcəklər. Bu prosedur Dublin sazişilə müəyyən edilib.
 
Əgər siz gəlmə (yol tarixçəsi) intevusundən inandırıcı şəkildə keçsəniz, ikinci intervyuyə özünüzü hazırlaşdırmalısınız. Bu zaman artıq inandırıcı şəkildə Azərbaycanda təqib olduğunuzu subut etməlisiniz. Əgər hər hansı şübhə yeri qoysanız prosedur illərlə uzanar və bu illər sizin ömrünüzün mənasız illəri kimi ömür yaddaşınıza yazılacaq.
 
Son olaraq bir daha vurğulamaq istəyirəm, qaçqın olmaqdan çəkinin və bu barədə fikirləri yaxına buraxmayın.