“Bakı-2015”: Azərbaycan yığmasının 6-cı qızılı

75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib – 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib – 2*:2. Mürsəliyev 1/4 finalda daha güclü – rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb – 4:2.
 
Pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Lakin o, Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib – 3:2. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.