Kaçinskinin ölümündə Rusiya günahlandırıldı

Yaroslav Kaçinskidən rəsmi Moskvaya ağır ittiham

Ötən il Smolensk yaxınlığında təyyarə qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinski qəzaya görə Moskvanın məsuliyyət daşıdığını söyləyib. Hazırda müxalif “Hüquq və ədalət” partiyasının rəhbəri olan Yaroslav Kaçinski Smolensk qəzasının araşdırması ilə bağlı öz təhqiqatını yayımlayıb.
Təhqiqat sənədində vurğulanır ki, uçuşa və təhlükəsizliyə cavabdeh olan orqanlar güclü dumana görə Smolensk aeroportunu bağlamalı idilər. Bu, baş vermədi. Araşdırmalardan məlum olub ki, pilotları bilərəkdən ölümə göndəriblər. Sənəddə yerüstü xidmətlər, ilk növbədə dispetçerlər ittiham olunur. Ümumən Polşada tək müxalifət səviyyəsində yox, hökumət səviyyəsində də Smolensk qəzasının Rusiyada aparılan istintaqı ilə bağlı narazılıqlar səslənir.
Ölkənin baş naziri Donald Tusk da bildirib ki, rəsmi Moskva qəza ilə bağlı bütün həqiqətləri açmır. Ittihamlara cavab verən Rusiya rəsmiləri isə qəzanın hərtərəfli və şəffaf araşdırıldığını və prosesə polşalı mütəxəssislərin də cəlb olunduğunu qeyd edir. Rəsmi qənaətinə görə, məsuliyyət təyyarənin pilotlarının üzərinə düşür. Çünki onlar ehtiyat aerodroma enməmək qərarına gəliblər.
Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski 2010-cu il aprelin 10-da Smolensk yaxınlığındakı Katına anım mərasiminə yollanmışdı. Smolenskdəki hərbi aerodroma enmə zamanı prezidentin təyyarəsi qəzaya uğramışdı. Təyyarədəki 96 nəfərin hamısı həlak olmuşdu.

İnformasiya şöbəsi