Oyunlar və sifətlər

Bilirsiniz, İntiqam Əliyev nə oğuldu?! Bəh, qızıl parçası!

Xədicə İsmayılı demirəm hələ! Cəsur, vicdanlı! Heç nədən, günahsız yerə salıblar türməyə!

Tofiq Yaqublu haqda qoy danışmayım, ürəyim çırpınır ona edilən zülmləri xatırlayanda! İgiddi, dağdı!

Asif Yusiflini də bilirsən də, Qarabağ qazisi, mərd oğul.

Qardaş, o Seymur Həzinin yazılarına təşnə qalmışıq, parlaq zəka sahibi, gözəl insandı! Belə insanı da türmədə saxlayarlar?!

3 ildi heç nəyə görə türmədə saxlanılan İlqar Məmmədov! Şərlənən hacıağalar, pırıl-pırıl gənclər! Hər gün onları – siyasi məhbusları yada salıram, gecə evdəkilər yatanda keçib bir küncdə ağlayıram.

Bu sözləri indi çoxlarından eşidə bilərsiniz. Onların əksəriyyəti səmimidi, qəlbinin hökmünü ifadə edir. Fəqət bir qövm da var ki, vay-vay, aman onların əlindən, onlara “duos nömrəli” telefonların adam varinatı deyirəm. Onlar müxalif cameə ilə bir nömrə, iqtidardakılarla isə başqa nömrəylə danışarlar.

Başqa zamanlarda işəri yağ kimi gedən bu qövmün də taleyi manatın kursu kimi qara gəlməkdədir. Hökumət onlara qarşı çox amansız davranıb. Çünki zalım uşağı elə adamları şərləyib tutub ki, qövm onlar barədə açıqda pis söz deməyə çətinlik çəkir, böhtan yapışdıra bilmir, ümid qalır ancaq küncdə-bucaqda qeybət yaymağa, bundan da “Fatıya tuman çıxmır”. Elə bir şərait yetişib ki, cəmiyyətdə az-maz siyasi çəkiyə sahib olmaq üçün mütləq günhasız məhbusların müdafiəsi istiqamətində nəsə deməlisən, o qövm də bu zərurtdən çıxış edərək, vaxtaşırı siyasi məhbuslara görə yuxarıdakı yazdığım tərifləri, ürək ağrıların dilə gətirirdilər. Arif adamlar bu oyunbazlığı siftədən bilirdi, ancaq dustaqlara xatir bunları "lənət şeytana" deyib ötüşdürürdülər.

***

Ancaq eləki yetişdi "Avropa Oyunları", bax onda hökumət öz "müstəqil partiya”larına, "müstəqil qht"lərinə, "müstəqil jurnalist"lərinə, xülasə, şah damarı əlində olna hər kəsə dedi: “Uşaqlar çöldə şənləndiniz bəsdi, gəlin içəri, dərsimiz başlayır. İndi hamınız mən deyəni təkrarlayın. Ucadan deyin, A!”.

Bu artıq mini qiyamət günü idi. Burada Tağı Əhmədov demiş, burcutmağa yer yox idi, süni ürək ağrıları, qarın sancıları ilə gizlənməyə yer qalmırdı. Xora qoşulub “A” demək lazım idi, dedilər də: "Məhkəmələrimiz ədalətlidir, yollarımız şümal, polislərimiz mələk, siyasi məhbsularımız cinayətkar, Oyunların açılışı cazibədar, südümüz şirin, çayımız pürəngidir, "Sarı gəlin" də heç də, o çoxdan bizimdir! Ura!".

***

Hökuməti guya hansısa bədxərclikdə tənqid edən "müxalifətçi", "fəal" gedib milyardların israf olduğu "Oyun"da rol aldı, selfe çəkdirdi. Siyasi məhbuslar üçün müsabiqə keçirən klub siyasi məhbusa cinayətkar deyəndə əl çaldı! Zahirən qatmaqarışıqlıq yarandığı təəssüratı doğursa da, əslində gözəl bir yerbəyer, aydınlaşma prosesi getdi. Düz əyridən seçildi. Ən vacibi, həqiqət yarımhəqiqətdən heç vaxt yıxılmayacaq sədd kimi ayrıldı və gün kimi parladı! Mən bu münasibətlə xalqımızın təəssübünü çəkən hər kəsi təbrik edirəm. İndi isə sözü Asif Ataya buraxaq. O, bizə həqiqətlə yarımhəqiqətin nə olduğunu hərarətli formada izah edəcək!

Yarımhəqiqət

Həqiqətsizlik ilə yarımhəqiqət qohumdur. Yarımhəqiqət həqiqət libası geymiş qeyri-həqiqətdir.

Yarımhəqiqət – mənəvi səfillərin, bəsitlərin, qanadsızların, sönüklərin tapındığı, gizləndiyi süni bir dünyadır. O, qəhrəmanlıq, fədakarlıq tələb etmir. Eybəcər, saxta mühitlə münaqişə yaratmır. Sarsıntılı anlar, dramatik həyəcanlar, özünütəhlil, dünyanı təhlil əzabı yarımhəqiqət timsalından uzaqdır.

Yarımhəqiqət sakit, rahat, sabit, firavan həyat tərzi doğurur. Həm həqiqətpərəst pyedestalına qalxırsan, həm də antaqonist, antihumanist cəmiyyətin bütün nemətlərini dadırsan. Şirin, ecazkar xülya səni öz gözündə qəhrəmana çevirir, həm də meşşan səadəti və şöhrətinin nəşəsilə hüşyar olursan.

Yarımhəqiqətə qapınanlar dənizin sahilində dayanıb dalğaları seyr eləyənlərə bənzəyirlər. Onlar ancaq xəyalən özlərini dalğalarla çarpışan görürlər.
Cabbarlının ölməz “Oqtay Eloğlu”sunda yarımhəqiqətin bütün çalarları dahiyanə qüdrətlə əks olunmuşdur. Cəngavərlik elə, lakin müəyyən bir sədd, ölçü daxilində. Həm xalq üçün yaşa, həm də özün üçün. Həm el oğlu ol, ümumtarixi fəaliyyətə qoşul, həm də mənfur mühitə qaynayıb-qarış, başın sığallansın, süd gölündə üz! Həm antaqonist cəmiyyəti tənqid et, həm də başına təhqir, söyüş, nifrət zərbələri əvəzinə gül-çiçək yağsın, həm dahi ol, həm də varlı, həm munis ol, həm də fəndgir.

Oqtaya verilmiş öyüdlərin, dərslərin mənası budur.

Bəli, biz zadəganlar, Aslanbəylər sənəti sevirik, onu məktəb adlandırırıq. Lakin sənət fədaisinə qız vermək qəbahətdir.

“Rodovoy dvoryanin”, “mejdunarodnıy kommersant” hara, “it dəftərində adı olmayan”, “jalkiy”, “razvratnıy” aktyor hara?! Bəli, biz Səmədlər sən Oqtaya hörmət bəsləyirik.
Lakin xalq səni anlamırsa, qiymətləndirmirsə – Don-Kixotluluğundan əl çək! Yarımcəngavər ol!

Səpələn pul ilə sənət arasında!
Məhəbbət ilə ideal arasında!
Sünilik ilə əsillik arasında!
Yarıminkar, yarımtəsdiq ol!

Oqtay mühitinin qəti tələbi belədir. Oqtay öz həyatıyla bu tələbləri rədd edir.