Rus generaldan Kremlə ağır ittiham

Vladimir Ovçinski: «Kriminal şəxslər dövlət aparatında mühüm vəzifələri ələ keçirib»

Interpolun Rusiya bürosunun ötənilki rəhbəri, Daxil Işlər Nazirliyinin general-mayoru Vladimir Ovçinski Kremlin ünvanına sərt fikirlər səsləndirib. Generalın sözlərinə görə, Rusiyada dövlət aparatı kriminal ünsürlərin girovuna çevrilib. Idarəçilik sistemi tamamilə kriminallaşıb. Kriminal şəxslər dövlət aparatında mühüm vəzifələr tutub.
Kriminalist bildirib ki, SSRI-nın dağılmasından sonra yaranmış siyasi-iqtisadi durğunluqdan istifadə edən qanunsuz qruplaşmalar dövlət aparatına girməyə nail olublar: “Kriminal qruplar yaranmış boşluqdan yararlanaraq yeni imic formalaşdırmağa başladılar. Onların fəaliyyət prinsipləri dəyişmədi. Sadəcə onlar küçələrdən dəbdəbəli məmur otaqlarına keçdilər”.
Vladimir Ovçinski Rusiya hüquq-mühafizə sisteminin  daha çox korrupsiyalaşdığını söyləyib. O, korrupsiya və rüşvətin məhz hüquq-mühafizə orqanlarında geniş yayıldığını bildirib. General, hətta SSRI dönəmində belə, korrupsiyanın indikindən aşağı səviyyədə olduğunu vurğulayıb.
“Rusiya mafiyası özünü çox rahat hiss edir. Dövlət aparatında, özəl sektorda geniş fəaliyyət imkanlarına sahibdir. Bütün Rusiya klanlardan ibarətdir. Bu klanların başında nüfuzlu kriminal avtoritetlər dayanır”, – deyə Interpolun Rusiya bürosunun keçmiş rəhbəri bildirib.

Informasiya şöbəsi