Bəs ölkəni başqa necə təbliğ edək?

Nərmin Kamal
 

Yeddi-səkkiz il bundan əvvəl Bakıda bir amerikalı rejissor peyda oldu. Bir il Bakıda yaşayacağını, bu müddətdə Bakı haqqında film çəkməli olduğunu, pulunu Azərbaycan hökumətinin mədəniyyət siyasətini həyata keçirən qurumdan aldığını deyirdi.
O, həmin bir ili Bakıda gəzib-əyləndi, restoranların daimi sakini oldu, əyləncələr, söhbətlər… Bizim üçün sevimli dosta çevrildi. İl tamam oldu, ancaq film tamam olmadı. Yaradıcı işdir, nə deyə bilərsən?! Filmi hazır etmədiyinə görə, həbsxanaya salmayacaqsan ki.
İndi də Fransadan bütün xərclərini çəkməklə 11 yazıçı gətiriblər Bakıya. Yazıçılar bu dəqiqə Bakıdadırlar.
Rəsmi xəbərdə deyilir: “Səfər nəticəsində yazıçılar Azərbaycana aid novellalar yazacaq və novellalar Fransada fransız dilində çap olunacaq. Qonaqlar Şamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərinə səfərləri də təşkil olunacaq. Bir ay və bir həftə Azərbaycanda qalandan sonra iyulun 15-də gedəcəklər.”
 
Uşaqların təhsili
 
Mən iki cür ailə tanıyıram. Biri Bakının İnqilab prospektində, o biri isə Neftçilər prospektində yaşayır. Hər ikisinin balaca oğlu var, 3 yaşında.
Birinci ailənin üzvləri səhərdən axşama qədər növbələşib oğlana savad öyrədirlər, təlim-tərbiyə verirlər. Çox əziyyətli işdir, aranızda uşağı olan varsa, yəqin ki, daha yaxşı başa düşür birinci ailənin çətinliklərini.
İkinci ailənin üzvləri isə səhərdən-axşama qədər çox yaxşı və çox bahalı müəllimlər soraqlaşırlar, inanırlar ki, bu gün-sabah əla bir müəllim tapılacaq, məsələ həll olunacaq.
Onlar oğlanın savadını satın almaq, eyni zamanda bir gülləylə iki quş vurmaq – özlərini də öyrətmək əziyyətindən qurtarmaq istəyirlər.
İkinci hal effekt vermir. O əla müəllim tapılmır ki, tapılmır. Biri gəlir, o biri gedir. Ailə pul qoyur, müəllimlər könül qoymurlar. İkinci ailənin siyasəti Azərbaycan hökumətinin siyasətinə oxşayır.
Öz şair-yazıçılarımıza pulla nə istəsələr yazdırırlar, bir növ adətkar olular, indi də fransız yazıçılarına pulla mövzu sifariş edirlər. Onlar da razılaşır. Təxmin etmək olar ki, böyük məbləğdir. Yuxu kimi gəlir.
 
Bəs ölkəni başqa necə təbliğ edək?
 
Əgər indiki üsullar (5 min idmançının xərcini çəkməklə Olimpiya oyunları, futbol maykalarına Azərbaycan yazdırmaq, “Vogue” kimi moda jurnallarını buraxan “Conde Nast” media qurumuna “Baku” jurnalı buraxdırmaq, fransız yazıçılarına pulla hekayə yazdırmaq…), əgər bunlar bahalı və xeyirsiz üsullardırsa, üstəlik, əks effekt verirsə, dünya mətbuatında pis müzakirələrə yol açırsa, bəs bunun düzgün yolu nədir? Vətənimizi necə təbliğ edək?
Düzgün yol birinci ailənin yoludur, düzgün yol – minimalizmdir. “Az – çoxdur” – məşhur arxitektor demişkən.
Məsələn, Bakını UNESCO-nun ədəbiyyat şəhərləri siyahısına salmaq o qədər böyük xərc tələb etmir, amma bunun üçün şəhərdə ədəbiyyat infrastrukturunun səviyyəsi 7 tələbə cavab verməlidir. Həmin tələblər haqqında bu səhifədə oxumaq olar, hər biri əziyyət və iradə istəyən tələblərdir.
Əvəzində xaricdən pulla yazıçı tutmaq, sonra onların dalınca düşüb “Pul vermişəm, novella hanı?” demək kimi gülməli hərəkətlərə ehtiyac qalmır.
Nəticə konkretləşir və açarı öz əlində olur. Birinci ailənin siyasəti düzgün siyasətdir. Onların əməyinin nəticəsi göz qabağındadır, nə vaxt onların uşağıyla danışsan, o siyasətin nəticəsini görəcəksən.
İkinci ailənin siyasəti isə səhv siyasətdir. Bu siyasət nəticəsində pullar xərclənir, uşaqsa geri qalır. Buna bir ad qoyaq: “Könül yox, pul qoy” siyasəti.
 
(bbcazeri.com)