misir-etiraz-maraqli

Ərəb inqilabı: Işgəncə və etiraf

Eyvaz Taha Muğanda anadan olub. O, ixtisasına görə fəlsəfə ilə məşğul olur və bədii nəsr yazır. E.Taha doxsanıncı illərdə “Yol” dərgisinin qurucusu və baş yazarı olmuşdur. Sonralar Azərbaycan Cümhuriyyətində “Cahan” dərgisinin təməl daşını qoymuş və o jurnalın baş yazarlığını öz üzərinə götürmüşdür. Habelə o, 2004-cü ildən “Yarpaq” qəzetini çıxarmağa başlamışdır. “Yarpaq” milli hökümət devrildikdən bəri tam azərbaycan türkcəsində çıxan ilk qəzet olmuşdur.

Tahanın indiyədək iki yüzə yaxın irili-xırdalı yazısı (məqalələri, öyküləri, tənqidləri, essələri və tərcümələri) ayrı-ayrı dərgilər və qəzetlərdə çap edilmişdir. Azərbaycan türkcəsində, fars və ingilis dillərində yayımlanan bu yazılarda, daha çox düşüncə və duyğu, fəlsəfə və ədəbiyyat qovuşağında yaranan məsələlər araşdırılmışdır. Bu dərgilər və qəzetlərin bəzisi bunlardır: “Yol”, “Cahan”, “Şəhriyar”, “Dünya Ədəbiyyatı”, “Varlıq”, “Azeri”, “Şərq”, “Mənim ailəm”, “Yarpaq”, “Vəravi”, “Araz”, “Bəhar Zəncan”, “Tək Səbir”, “Avaye Ərdəbil”, “Ulduz”, “Alatoran”, “Yeni Azərbaycan”.

Eyvaz Taha

Liviya inqilabında Stalinistdən qalma ənənə birdən-birə baş qaldırdı. Bu ənənə Suriya inqilabında daha planlı, daha qorxunc biçimdə yenidən istehsal olundu: “Etiraf”. Bununla da demokratiya və diktatorluğun tərifində yeni bir ölçü ortaya çıxdı. Başqa sözlə, etiraf aksiyası mənfi anlamda hökumətlərin nə qədər diktator və ya demokratik olduqlarının göstəricisinə çevrildi.

“Etiraf” nə deməkdir?

Aprel ayının 13-ü Təbriz vaxtilə saat 2-də Suriya televiziyası “etiraf fenomeni”ndən bir daha yararlandı. Kimisə oturtdular kameranın qarşısında, o isə xarici qüvvələrin tapşırığı ilə ölkənin təhlükəsizliyini pozacağı barədə planları ifşa etdi. Insan oturub özünə qarşı danışdı və həmin danışıq gedişində xirtdəyəcən korrupsiyaya batmış dövlət qurumlarını təqdis etdi. Tunis, Misir, Yəmən və Bəhreyn inqilablarında bu etiraflardan istifadə olunmadı. Misirdə kiməsə işgəncə edib televiziya ekranına çıxarmadılar. Ölümlə hədələyb istədikləri sözləri onun ağzına qoymadılar. Polisi, ordusu və mülki paltarlarda baltaçıları (Ərəb siyasi ədəbiyatına yenicə daxil olmuş türk köklü “bəltəciyyə” ifadəsi “baltaçılar” – inqilabçılara divan tutan mülkü paltarlı dövlət quldurları – anlamını daşıyır) olan hər bir hökumət, hansısa vətəndaşı zorla elə bir oturacaqda oturda bilər. Oturtmursa səbəb gücsüzlüyə qayıtmır, hökumətin strukturunda bu kimi qeyri-insani əməllərə qarşı mövcud mexanizmlərə qayıdır. Bir də “qurğu-sui-qəsd nəzəriyəsinin” (Ziyad Qosn Suriya Bəs partiyasına bağlı “Teşrin” qəzetinin 15 iyundakı baş məqaləsinə belə bir sərlövhə seçir: “Cahillik və geriçilik dəvətçiləri”. Yazıda fitnənin xarici öndərləri və peyk vasitəsi ilə veriliş yayan xarici televiziya kanallarının qurğularından söz gedir. Bilal Əl-faiz də həmin qəzetin 16 iyun sayında getmiş “Ərəb ümməti və qurğu nəzəriyyəsi və ya qurğunun həqiqəti” başlıqlı məqaləsində ərəb dünyasındakı yeni “qurğular”dan danışır. Sən demə, Amerikanın sağ əli olan Hüsnü Mübarəki devirmiş Misir Gənclər Hərəkatı, xarici qüvvələrin sui-qəsdinin nəticəsi imiş! Tunis inqilabından sonra Qəddafi də buna yaxın bir söz dedi: Tunis xalqı Bin Əlini devirməkdə böyük səhvə yol verdi) olmamasına.
Ümumiyyətlə, “qurğu baxışı”ndan dolayı iş başına gəlmiş hökmdarlar həmin nəzəriyyədən geninə-boluna yararlanırlar. Bəyənmədikləri ictimai cərəyanlara, olaylara və şəxslərə qurğu damğası basırlar. Olayların səbəbini toplumun potensialında deyil, xarici amillərdə axtarırlar. Dünənəcən öndərləri öyən, bu gün də küçələrə axışan kütlə birdən-birə xarici qüvvələrin əlaltısına çevrilir. “Etiraf” isə bu gözlənilməz psixoloji dəyişimin sübutuna olur. Suriya hökuməti daxili çaxnaşmalarda xarici əllərin göründüyünü iddia edir. Bəşər Əsədin baş məsləhətçisi deyir ki, onsuz da biz 2005-ci ildən islahatlara başlamışıq. Artıq kütləvi etirazlara səbəb qalmayıb. Bu etirazlarda yolkəsənlər və xarici qüvvələrin əli var. Bu sadə arqument axmaq görünsə də ömürlük hökmdarların danışıq tərzinin ana xəttidir.

Etiraf güc quruluşlarının kütləyə qarşı irəli sürdüyü axmaq arqumentdir

Girov götürülərək məhbəsə atılmış vətəndaşların ağzına istənilən sözlər qoyulur. Kütlə, televiziya məhkəməsində özünə qarşı şahid rolunda çıxış edir. Şahidlə müttəhimin qorxunc birliyi. Etiraf gedişində güc strukturlarının sadə bir diləyi var: “Söylə, söylə ki, azadlığın yoxluğu suç deyil, onu küçə yürüşlərində tələb etmək bağışlanılmaz günahdır, düşmənin qurğusudur”. Hökumətin tərs məntiqi, olayların yalnız bəlli bucaqdan oxunuşuna imkan yaradır: onun gümanınca, ölkəni özünün ömürlük ata mülkü fərz edərək düşərgə şəraitində idarə etmiş özbaşına bir rejimin mahiyyətində qeyri-təbii nəsə yoxdur. Ona qarşı qaldırılmış üsyan bayrağı toplumun müsbət intizamında çat yaradacaq dözülməz girişimdir. Elə bir bayrağın uzun sürə yerdə qalması problematik görünürsə, səbəb kütlənin azğınlığına qayıdır! Bunun üçün də hökumət bu aksiyanı hansısa qurğunun sonucu adlandırır. Sözsüz, biz hökumətlərin tərs məntiqinin avand üzünə baxmalıyıq. Kəlləsi üstə yerə qoyulmuş “qurğu nəzəriyyəsi” piramidasını oturacağı üstə əyləşdirməliyik. Sonuc bəllidir: qurğu mahiyyətini mövrusi hökumətin zatına bağışlamalıyıq.

Dirəniş kor maraqların gerçəkləşməsi deyil, tarixin mühərrikidir

Hafiz Əsəd Orta Şərqin zahirən respublika quruluşlu hökumətləri üçün köhnə bir ənənəni canlandırdı: Qəbirdən qalxıb oğlunu öz yerində oturtdu. Nəticədə Bin Əlini, Hüsnü Mübarəki və Əli Abdulla Salehi də bu xülyaya daldırdı. Ərəb dünyası azsaylı sülalələrin şəxsi mülkünə çevrildi. Bu girişim müəyyən bir ailənin gərgin hökmranlığını qaranti etdisə, dövlətçiliyin legitimliyinə sağalmaz yara vurdu. Kütləvi şüur isə həmin dayanacaqda baş qaldırdı –  siyasətin qurtuluşçu yönünə qayıdış.
Şüur adi durumun məhsulu deyil, hardasa nəsə çatışmayanda “şüur qaranquşu” indinin bataqlığından uçmağa başlayır. Ərəb dünyasında da belə oldu, aydınlıq şüurun qanadında gəldi. Aydın oldu ki, qurğunun ip ucu kütlənin elə bir quruluşa təpkisində deyil, bəlli hökumətlərin qeyri-demokratik və mövrusi mahiyyətindədir. Bəlli oldu ki, “qabilliyyətdən amilliyətə yayınmaq” (“Qabiliyyətdən amiliyyətə yayınmaq” “qurğu nəzəriyyəsi”nin başlıca metodlarından biridir. Bu haqda gələcəkdə geniş danışacağıq) gərəkli deyil. Burada qurğunu insanın ideal toplum axtarışında görməkdənsə, onun izlərini hakimin davranışında aramalıyıq. Xalqın qalxışımını deyil, təkcə 50 il boyu hakimiyyəti caynağında saxlamış bir sülalənin mövcudiyyətini hansısa qurğunun işığında analiz etməliyik. Dirəniş ictimai asayişi pozmağa yönəlmiş kor maraqların gerçəkləşməsi deyil, tarixin mühərrikidir. Dirəniş, güc strukturlarının (Yunan şəhər dövlətlərindəki polisin) eyniləşdirici götürüşünə qarşı əsil insani aksiyadır.

Düzgün siyasət  indiki durumu sorğuya çəkməkdir

Cak Ransierdən ilham alaraq vaxtaşırı demişəm: polis indiki durumun güdükçüsüdür, düzgün siyasət isə indiki durumu sorğuya çəkməkdir. Siyasətin polis yönü ictimai gedişləri idarə edib cilovlayır. Fərdi sinifləndirir, yəni onları görünərdə saxlayır. Bütün ictimai hadisələrə bacardıqca istənilən intizamı bağışlayır, hər şeyi özü yozduğu qanun çərçivəsinə sıxışdırır, istisnalara (müxalif düşüncələrə) yağı, yabancı gözlə baxır, onları dışlayır. Bir mənada isteblişmenti xaosa tam hakim qılır. Bütün bunlara qarşı çıxmaq isə düzgün siyasətin işidir. Bu yönəliş insan toplumunun təbiətindədir, ona xarici səbəb axtarmaq qurğudan sürəkli dəm vuran hökumətlərin qurğu baxışından gəlir. Belə bir insani tələbin qarşısında hökumətlərin deməyə sözü olmadığından köhnə üsluba sarmanırlar, xalqın öz dili ilə onun əleyhinə danışırlar: Etiraf.
Keçmiş zamanlarda vətəndaşların hökmdarın boynunda haqları yox idi, onun önündə yalnız vəzifələri var idi. Həmin dönmələrdə məşrutiyyət-legitimlik qazanmağın yolu zorakılığın reprezentasiyasından keçirdi.
Məşrutiyyətin qılınca bağlı olduğu çağda bu, adi bir yanaşma tərzi idi. Əlbəttə, qılıncla qazanılmış məşrutiyyət yalnız qılıncla gedə bilərdi. Hakim kütlə qarşısına ölüb-öldürməkdən başqa bir yol qoymurdu. Bıçaq sümüyə dayandıqda vətəndaş məcburən üsyan bayrağı qaldırırdı. Iki variantın biri alınırdı, ya öldürüb özü də yeni adamcıl hakimə çevrilirdi, ya da görünməmiş vəhşiliklə öldürülürdü. Bu ikinci variantda hakim sürəkli olaraq məhkumun etrafına möhtac idi. Şəhər ortasındakı geniş meydanda toplaşmış camaatın gözü önündə suçlu öz günahını boynuna alırdı, hakimdən əfv diləyirdi. Bu əfv genəllikələ ondan əsirgənilirdi. Çünki belə bir mərasimdən məqsəd, necə deyərlər, rəhmət qapılarını açmaq deyildi, ən çılpaq dəhşəti xalqın şüurunda yenidən canlandırmaq idi. Beyinlərdə fırlanan üsyan düşüncəsini dağlamaq. Məhkum bu dəhşət tamaşasında bütün insani haqlarından soyundurulmuş məhz heyvana çevrilir, ən ağır işgəncələrdən dolayı can tapşırırdı. Məqsəd isə hakimin qorxunc varlığını ardıcıl istehsal etmək idi.
Mişel Fukonun “Məhbəsin doğuluşu” kitabı bu cümlələrlə başlanır: “Damiyən şahın canına qəsd etdiyi üzündən 1757-ci il martın 2-də məhkum oldu. O, Paris kilsəsinin əsas qapısı önündə öz suçunu etiraf edib əfv diləməli idi. Sonra ordan bircə köynək əynindəcə və bir kiloluq yanar mum əlindəcə araba ilə Grev meydanına aparılmalı, orada bərpa olunmuş qapuğa bağlanmalı idi. Sonra köksü odda qızardılmış maqqaşla yarılmalı, budlar və baldırların əzələləri doğram-doğram olmalı, şahın canına qəsd etmiş sağ əli bıçaq tutmuşcasına kükürd odu ilə yandırılmalı idi. məhkəmə hökmündə deyilirdi: gövdəsinin maqqaşla yarılmış yerlərinə ərgin qurğuşun, qaynar yağ, yanar kitrə və əridilmiş mum tökülsün. Nəhayət bədəni dörd atla tərs yönələrdə çəkilib şaqqalansın, gövdəsi və şaqqalanmış bədən orqanları yandırılsın, külü yelə verilsin”.
Məhkəmə hökmü bundan daha sərt biçimdə yazıq məhkumun üzərində tətbiq olundu. Bu gedişdə, hakim öz məşrutiyyətini suçlunun özünə qarşı söylədikləri etirafdan almağa çalışdı.

(ardı var)