Biz kimik?

elnurastanbeyli@gmail.com

Mirzə Cəlil öz məşhur felyetonlarından birində yazırdı:
“Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, ”biz heç bir şeyik".
Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.
Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!
Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyirik.
O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir".
***
Son günlər Mirzə Cəlilin bu felyetonu daha çox yadıma düşür. Çox sadə, primitiv, üçüncü-beşinci dərəcəli bir nümunə haqda yazacam: “20 Yanvar” dairəsindəki “bezpredel” haqqında bilirsiniz. Adam burada özünü cəngəllikdə hesab edirdi. Səni gözünü açmağa imkan verməyib, istənilən taksiyə oturda, Müşfiq qəsəbəsindən tutmuş, Sumqayıta-zada apara bilərdilər.
Hər tərəfdə bir natəmizlik, başıpozuqluq gözə dəyirdi.
Amma son iki gündəki “20 Yanvar” bir başqadır. Sakit, səssiz. Təmiz. Qulağıdinc.
Soruşmaq istəyir adam: bir halda ki, bu mənzərəni yaratmaq sizin əlinizdə asan, su içimi kimi bir şeydir, indiyədək nəyi gözləyirdiniz? Bakı üçün adiləşmiş belə xaotik, pinti səhnələri aradan qaldırmaq üçün illah ki, hansısa Avropa oyunlarımı keçiriməlidir, xaricdən ingilislər, fransızlar, almanlar, çexlər, nə bilim daha kimlərmi tökülüb gəlməlidir?
Onlara Bakını modern, mədəni, müasir bir şəhər kimi göstərmək üçün əlinizdən gələni edirsiniz, bəs Mirzə Cəlilin təbirincə desək, biz nəyik, bizə niyə bu qədər başıpozuqluğu, natəmizliyi rəva görürsünüz?
Aeroportdan paytaxta marşrut avtobuslarının işləməsi illərdir böyük bir problemə çevrilib. Bu qədər deyilir, yazılır, xeyri yoxdur. Hətta bir ara iş o yerə çatmışdı ki, yaptokratiyanın əldəqayırma parlamentinin üzvləri də buna etiraz etmişdilər. Amma yenə faydası olmamışdı. Çünki bu, AZAL-ın həşəmətli prezidenti Cahangir Əsgərovun maraqlarına ziddir, axı onun öz taksi parkı var, camaat məcburdur ki, bu taksi parkının diqtə etdiyi qiymətlərə uyğunlaşsın.
Amma Avropa oyunları ilə bağlı artıq bu problem də həllini tapıb, indi paytaxtın hava limanından xüsusi avtobuslarla gəlmək olar.
Şübhəsiz, bu da ancaq ona görədir ki, əcnəbilərin könlü şad olsun, onlar heç bir narahatlıq keçirməsin, ölkələrinə qayıtdıqda Azərbaycanın necə analoqsuz inkişaf edən, regionun lider dövlətinə çevrilən ölkə olması barədə basıb-bağlasınlar.
***
Bir sözlə, yaptokratlar xaricilərin xoşuna gəlmək, onları razı salmaq üçün əllərindən gələn hər şeyi edirlər.
Halbuki biz bütün bunların mində birini indiyədək özümüzə qarşı görməmişik.
Başqa vaxt istənilən tənqidçi səsi, müxalif fikiri xalq düşməni, vətən xaini elan edirlər, belələrini xarici kəşfiyyata işləməkdə, başqa ölkələrin dəyirmanına su tökməkdə günahlandırırlar. Amma indi özləri hansısa bir əcnəbinin gözünü oxşamaq, onun xoşuna gəlmək üçün hər oyundan çıxırlar, bizə rəva görmədiklərinə onları məmnuniyyətlə layiq bilirlər.