aliyev-munich

Beynəlxalq mediadan Əliyevə ağır ittihamlar

Dünyanın nüfuzlu media orqanları Azərbaycanın dövlət başçısını «despot», «diktator», «tiran» adlandırdı

Bakıda birinci Avropa Oyunlarının açılış günü dünyanın bir xeyli nüfuzlu media orqanı Azərbaycan haqda yazdı. “The Washington Post”, “The Telegraph”, “Tagesspiegel” və s. dünyaca məşhur qəzetlər Avropa Oyunları fonunda Azərbaycandakı vəziyyətdən, turnirin keçirildiyi ölkədə insan haqlarının acınacaqlı durumundan, hökuməti tənqid edənlərə qarşı repressiyalardan yazır.

“Ilham Əliyev tənqidləri vecinə almır”

“The Washington Post”da dərc olunmuş redaksiya məqaləsi “Səudiyyə Ərəbistanı və Azərbaycanda insan haqlarına rişxənd” adlanır.
“Azadlıq” radiosunun məlumatına görə, yazıda vurğulanır ki, Azərbaycan və Səudiyyə Ərəbistanındakı son hadisələr avtoritar rejimlərin böyük insan haqları pozuntularına görə cəzasız qalacaqlarına inamından doğur: çünki onlar bunu edə bilir və edirlər. Müəlliflərin fikrincə, repressiv rejimlər məhz bədəl ödəməyəcəklərini bildikləri üçün bu pozuntulara yol verirlər.
“Bakıda cümə günü Avropa Oyunları start götürür. 6 min atlet 20 idman növü üzrə yarışacaq, bəziləri gələn il Braziliyada keçiriləcək Olimpiada üçün təsnifat mərhələsidir. Bütün bu təmtəraqla eyni vaxtda kimsə elə bilir ki, prezident Ilham Əliyev onlarla jurnalist və fəalı həbsə atdığına görə tənqidləri vecinə alır? Əliyev bu günlərdə ”Amnesty International"ın ölkəyə girişinin qarşısını alıb, “The Guardian”ın bu tədbiri işıqlandırmasını əngəlləyib. Rejim ATƏT-ə ölkəni tərk etmək göstərişi verib. Bütün bunlar da adi bir şey kimi baş verir. Cəza çəkməyəcəksə, bədəl ödəməyəcəksə, insanlar da stadionlarda sevinir, qışqırırsa, niyə də tərəddüd etsin ki?.."

“The Guardian”: “Parıltı korrupsioner rejimi ört-basdır etməyə hesablanıb”

“The Guardian” müxbirinin akkreditasiya ala bilməməsinə baxmayaraq, görünür, qəzet Avropa Oyunlarını diqqətdən kənar qoymaq fikrində deyil. Qəzet Azərbaycanla bağlı bir neçə yazı dərc edib.
“Britaniyanın neft şirkəti Azərbaycandakı rejimin ictimai imicinin pis olmasından hamı kimi xəbərdardır. Iki ay öncə Londonda illik toplantıda bu addımın nə dərəcədə müdrik olması barədə də sorğu-sual olunub. BP rəhbəri Bob Dudley deyib ki, neft sənayesi bu ölkəyə rifah gətirməkdədir və ölkənin adını tənqidçiləri qaralayır. ”Hamınızı Azərbaycana getməyə çağırıram. Əla yerdir", – deyə Dudley bildirib.
BP-nin sözçüsü də deyib ki, şirkətin əsas marağı kommersiya ilə bağlıdır və təkidlə bildirib ki, şirkət ətraf mühitlə bağlı məsuliyyətinə ciddi yanaşır.
“The Guardian” başqa bir məqaləsində yazıb ki, Bakıda Avropa Oyunlarına görə tikilmiş şəfəq saçan stadionlar bu ölkədəki korrupsioner rejimi ört-basdır etməyə hesablanıb.

“The Telegraph”: “Əliyev kimi tiranlar…”

Böyük Britaniyanın daha bir nüfuzlu qəzeti “The Telegraph” Bakıda keçirilən Avropa Oyunları haqda məqaləsinə başlayarkən ilk növbədə vurğulayıb ki, “Azərbaycan prezidenti Ilham Əliyev kimi tiranlar bu cür idman hadisələrindən özlərini yaxşı göstərmək üçün yararlanmağa çalışırlar”.
Müəllif daha sonra yazır ki, Azərbaycanda demokratiya, korrupsiya, insan haqları kimi məsələləri qaldırıb, həllini tələb edən adamlar həbsxanaya salınır. Azərbaycandakı rejim özünü dünyaya yaxşı göstərmək üçün Avropa Oyunlarına 6,5 milyard dollar vəsait xərcləyib. Lakin müstəqil jurnalistika və Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı kampaniyalar onların yaratdığı parlaqlığı kölgədə qoyur.
Məqalədə Azərbaycanda hazırda həbsdə olan tanınmış hüquq müdafiəçiləri barədə də ayrı-ayrılıqda məlumat verilib: “Azərbaycan hökuməti Avropa oyunları ərəfəsində beynəlxalq aləmi ölkədəki hüquq pozuntuları haqda məlumatlandırmaq məqsədilə ”Insan haqları üçün idman!" kampaniyası keçirməyi planlaşdıran Rəsul Cəfərovu həbs etdirdi. Rəsul Cəfərov vergidən yayınma, qanunsuz sahibkarlıq, səlahiyyətlərdən sui-istifadə kimi saxta ittihamlarla 6 il 6 ay azadlıqdan məhrum edilib. Digər hüquq müdafiəçiləri Anar Məmmədli, Intiqam Əliyev də analoji saxta ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib.
Araşdırmaçı jurnalist Xədicə Ismayılova da eynilə həmin yalan ittihamlarla həbsdə saxlanılır. Onun əsl “cinayəti” isə hakim ailənin biznes fəaliyyətilə bağlı araşdırma yazılarıdır. Uzun müddət hakimiyyətin qarayaxma kampaniyasına məruz qalan Xədicə ötən ilin dekabrında keçmiş həmkarını intihar cəhdinə vadar etmək adı altında yalan ittihamla həbs olundu. Daha sonra vergidən yayınma, qanunsuz sahibkarlıq və s. əlavə ittihamlar da elan olundu. Onun məhkəməsi qeyri-müəyyən vaxtadək, güman ki, Avropa Oyunlarından sonraya qədər təxirə salınıb.
Veteran hüquq müdafiəçiləri Leyla Yunus və həyat yoldaşı Arif Yunus da həbsdədir və “dövlətə xəyanət” ittihamıyla məhkəmələrini gözləyirlər. Leyla Yunus açıq şəkildə hökuməti tənqid edirdi. Onun rəhbərlik etdiyi Sülh və Demokratiya Institutu korrupsiyaya, qadın zorakılığına qarşı mübarizə aparır, Azərbaycan və Ermənistan arasında sülh barışığına dəstək verməyə çalışırdı.
Jurnalist Emin Hüseynov ona qarşı hazırlanmış analoji ittihamlarla həbsdən yaxa qurtarmaq üçün Isveçrənin Bakıdakı səfirliyinə sığınmaq məcburiyyətində qalıb. Əgər səfirliyin ərazisini tərk eləsə, dərhal həbs olunacaq. Eminin “cinayəti” isə Azərbaycanda insan haqları və mətbuat azadlığının ağır vəziyyətini tənqid etməsi, bu barədə məlumatlar yaymasıdır. Amerikada yerləşən Jurnalistlərin Müdafiə Komitəsinin hesabatına görə, Azərbaycan dünyada ən sərt senzura olan 10 ölkədən biridir".
Müəllif onu da xatırladır ki, Bakıdan sonra ikinci Avropa Oyunlarına “ev sahibliyi” etməli olan Hollandiya bu həftə turniri keçirməkdən imtina etdi.

“USA Today”: “Azərbaycan – repressiyaların tüğyan etdiyi ölkə”

ABŞ-ın üç ən çoxtirajlı qəzetlərindən biri olan “USA Today” də Avropa Oyunlarının keçirildiyi ölkədəki vəziyyət barədə yazıb. Məqalədə bildirilir ki, birinci Avropa Oyunlarının keçirildiyi ölkə dünyada zəngin enerji ehtiyatları ilə yanaşı, həm də burada repressiyaların tüğyan etməsi, hakimiyyətin korrupsiyaya bulaşması ilə tanınır.
Müəllif Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə də yer verib. Rəhimov bildirib ki, Avropa Oyunları dostluğun bayramına çevrilməlidir, çünki idman sülhə və insanların həmrəyliyinə xidmət edir.
Bu sitatdan sonra müəllif əlavə edir ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət isə bunun əksini deyir.
“Son dövrlərdə ölkədə aparılan repressiyalar xeyli sayda hüquq müdafiəçisi, jurnalist və siyasi fəalın həbsilə nəticələnib. Hakimiyyət ”Amnesty International" kimi beynəlxalq hüquq-müdafiə təşkilatının təmsilçilərini ölkəyə buraxmaqdan imtina edib. Beynəlxalq miqyasda məşhur olan bir neçə mətbuat orqanının əməkdaşlarının Bakıya daxil olmasına imkan verilmir. Almaniyanın federal kansleri Angela Merkel və digər Avropa liderləri yarışların açılış mərasiminə getməyi lazım bilmədilər. Yarışların açılış mərasimində iştirak edən dövlət rəhbərlərinin çoxu repressiv rejimlərin təmsilçiləridir", – deyə “USA Today” yazır.
Məqalədə qeyd olunur ki, Azərbaycan hakimiyyəti ölkəni daim inkişaf edən respublika kimi təqdim etsə də, bu ölkənin insanları başqa dövlətlərin ərazisinə daha çox qazanc əldə etmək üçün gedirlər: “Sadə vətəndaşlar içərisində mövcud olan problemlərə baxmayaraq, bu yarışları müsbət hadisə kimi qiymətləndirənlər də var.
“Transparency International” beynəlxalq şəffaflıq təşkilatı Azərbaycanı ən çox korrupsiyaya qurşanmış ölkə kimi təqdim edir. Azərbaycan hökuməti isə ünvanına səslənən korrupsiya ilə bağlı ittihamları qəbul etmir. Beynəlxalq araşdırmaçılar mütəmadi olaraq, konkret faktlar və sübutlar, o cümlədən təkzibedilməz sənədlərlə Azərbaycanda korrupsiyanın çox geniş yayıldığı haqda materiallar ortaya qoyurlar.

“Haaretz”: “Avropa utanc oyunları”

Israilin “Haaretz” qəzeti isə Bakıdakı turnir barədə məqaləni “Avropa utanc oyunları” başlığı altında yayımlayıb. Məqalədə vurğulanır ki, Israil oyunlara 140 atlet göndərir və Avropanın top atletləri gəlmədiyi üçün Israilin medal həsrəti ilə yanan atletlərinin podiuma çıxmaq şansı var. “Israil Azərbaycana insan haqlarına görə ən az təzyiq göstərən ölkədir”, – deyə müəllif yazır.

“Tagesspiegel”: “Azərbaycanda diktatura hökm sürür”

Almaniyanın nüfuzlu mətbu orqanları da diqqəti Bakıdakı turnir fonunda Azərbaycanda insan haqlarının vəziyyətinə yönəldib. “Tagesspiegel” əvvəlcə Bakıdakı tədbir barədə məlumat verərək yazır ki, təxminən iki həftə yarım davam edəcək turnirdə 6000 idmançı 20 növ üzrə 253 medal uğrunda mübarizə aparacaq.
Almaniya Olimpiya Konfederasiyasının əməkdaşı, bu ölkənin nümayəndə heyətinin rəhbəri Dirk Şimmelpfenniq “Tagesspiegel”ə açıqlamasında bildirib ki, narahatdır: “Çünki Bakıda bizi nələrin gözlədiyini bilmirəm”.
Müəllif qeyd edir ki, istənilən halda, onu bu yeni idman turnirilə bağlı həm idman nöqteyi-nəzərdən, həm də başqa kontekstdə müzakirələr gözləyir: “Çünki Azərbaycanda BMT baş katibinin idman məsələləri üzrə müşaviri Villi Lemkenin də dediyi kimi, diktatura hökm sürür. Bu ölkədə insan haqları, mətbuat azadlığı dövlət başçısı Ilham Əliyevin iradəsindən asılı vəziyyətdədir. Azərbaycanda siyasi motivli həbslər adi hala çevrilib”.
Məqalədə qeyd olunur ki, “Human Rights Watch” Əliyev rejimini tənqid edən, ona qarşı aksiyalar keçirən jurnalistlərin təhlükəsizliyindən narahatdır: “Hüquq müdafiə təşkilatının məlumatına görə, bir neçə xarici jurnalist, o cümlədən Almaniyanın ARD telekanalının, Böyük Britaniyanın ”The Guardian" qəzetinin əməkdaşları bu keçmiş sovet ölkəsinə buraxılmayıb. “Amnesty International”ın təmsilçilərinə də Azərbaycana səfər üçün viza verilməyib. Avropa Parlamentində Yaşıllar fraksiyası Azərbaycanda insan hüquqlarının vəziyyətilə əlaqədar Avropa liderlərini Bakıdakı Avropa Oyunlarının açılış mərasimini boykot etməyə çağırmışdı.
Almaniyanın nə kansleri, nə də prezidenti Bakıdakı oyunların açılış mərasiminə getmədi. Bakıda açılış günü Almaniya Bundestaqında Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunur.
Azərbaycandakı rejim təkcə öz ölkəsində problemlər yaratmır. Məsələn, Azərbaycanın Berlindəki səfirliyindən bildirilib ki, Almaniya mətbuatında bu ölkə ilə bağlı tənqidi materiallar “Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir”.

“Die Zeit”: “Diktatorun ölkəsində yarış”


Almaniyanın başqa bir nüfuzlu qəzeti, yarım milyon tirajı olan “Die Zeit” Bakıdakı turnir barədə məqaləni “Despotların mini-Olimpiya oyunları” başlığıyla təqdim edib.
“Kağız üzərində bu, ilin ən böyük idman hadisəsidir. 6000 idmançı, o cümlədən çoxsaylı alman Azərbaycanda – diktatorun ölkəsində yarışacaq”, – deyə qəzet yazır.

“Avropa Stabillik Təşəbbüsü” təşkilatının rəhbəri Cerald Knaus deyib ki, Əliyev dövlətin böyük pullarını xərcləmək hesabına özünə nüfuz qazanmağa və hakimiyyətinə qanuni don geyindirməyə çalışır.
“Azərbaycanda hazırda 100-ə yaxın siyasi məhbus var, bir sıra hüquq-müdafiə təşkilatlarının rəhbərləri də onların arasındadır. Onların bir çoxu ötən il – ”Avropa Oyunlarına hazırlığın tərkib hissəsi olaraq" həbs edilib. Bu yaxınlarda BMT-nin xüsusi məruzəçisi beynəlxalq idman ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan hökumətindən ölkədəki siyasi məhbusları azadlığa buraxmağı tələb etməyə çağırmışdı.
Bir neçə həftə əvvəl Amerikadakı PEN Mərkəzin nüfuzlu mükafatına layiq görülən Xədicə Ismayılova korrupsiya mövzusunda araşdırma yazılar hazırlayan peşəkar jurnalistdir. Onun araşdırmaları nəticəsində məlum oldu ki, Əliyev klanı ölkənin ən gəlirli sahələrini, şirkətlərini necə özününküləşdirib.
Azərbaycanda korrupsiya və yerlibazlıq hər keçən gün daha da artır", – deyə məqalədə qeyd olunub.