Şamaxının eşşək söhbəti

Ölmədik, bu günü də gördük – bircə eşşəyə abidə qoyulmamışdı, onu da qoydular. Iri layihələrdə – yol, körpü, yeraltı keçid, prezidentin keçdiyi yolların kənarına düşən binaların fasadının dəyişdirilməsi, üzünün ağardılması, “Heydər Əliyev” muzeylərinin açılması, abidələr qoyulması kimi işlərdə yaxşı pul yeyilməsini hamı bilir. Indi maraqlıdı – bu dəfə möhtərəm eşşəkdən nə qədər yeyə biliblər? Güman eləyirəm ki, heç nə. Yəni yeyilsə də, xırd-mırd olar, icra başçılarına yaraşan rəqəm olmaz. Demək, Şamaxı ziyalılarının narahatçılığına əsas varmış. Burda məsələ ayrıdı.
Düzü, ha fikirləşirəm ki, Şamaxını eşşəklə nə bağlayır. Eşşək hər şeydən əvvəl Allahın yaratdığı canlılardan biridi, ən azı buna görə də ona ikrahla yanaşmaq fikrimiz yoxdu. Həm də ölkəmizin az qala hər yerində eşşək var, olub, olacaq da. Ev heyvanı kimi dəyəri, əhəmiyyəti böyükdü. Ancaq özəlliklə eşşəyin Şamaxıya heç bir aidiyyəti yoxdu axı – nə mifolojidə, nə folklorda bu haqda hansısa məlumatla qarşılaşmaq mümkün deyil.

Hörmətli Elşən Nərimanoğlu məsələyə başqa, bir az daha qlobal, hardasa, ümumazərbaycan prizmadan yanaşır və deyir ki, biri 42 min manata eşşək alan iqtidarın icra başçısı eşşəyə heykəl qoymasın, neynəsin? Məncə haqlıdı. Vacib deyil ki, 42 min manatlıq eşşəkdən Şamaxı icra başçısına nəsə çata. Əsas məsələ odu ki, hansısa yapist bu eşşək sövdasından xeyir tapıb. Mərhum Əliyev demişkən, YAP-a xidmət eləyən şəxs, hesab elə ki, Azərbaycan dövlətinə xidmət eləyir. Lap “Gənc Heydərçilər” kimi.

Səmimi deyirəm, çox baş sındırdım, ancaq icra başçısının bu eşşək abidəsindən bir şey anlaya bilmədim. Dəfələrlə Şamaxıda, ayrı-ayrı kəndlərində olmuşam, bir dəfə də eşşəyə rast gəlməmişəm. Hətta elə fikirləşirdim ki, yəqin bu rayonda eşşəkdən istifadə olunmur. Indi bu icra başçısı Şamaxıya gələn kimi ağlına nə batdı, gözünə nə dəydi ki, eşşəyin xatirəsini əbədiləşdirdi? Gerçəkdən çox qəliz sualdı.

Adətən heyvanlara o vaxt heykəl-filan qoyurlar ki, onlar həmin xalqın totemlərindən biri və ya birincisi olur. Məsələn, Boz Qurd türk qövmünün bir xeyli boyunun totemi sayılır, hətta mifolojidə türkün ondan törədiyi də söylənir. Hər xalqın mütləq bir heyvan totemi olur, ona da şəhərin girəcəyində-zadda abidə qoyurlar. Ancaq yenə gəlib dirənirəm o məqama ki, Azərbaycanın elm-sənət-dövlət beşiyi Şamaxının belə özəl olaraq eşşəklə nə əlaqəsi? Axı bu adam yatıb yuxusunda nə görüb eşşəyə aid? Indi Şamaxıya ayaq basan turistlər icra başçısının eşşəyini görəndə nə fikirləşəcəklər görəsən?..

Şamaxı o yerlərdəndi ki, sivilizasiyanın hansı sahəsinə aid desən, bir dühası var və onlardan istənilən birinə Şamaxının girəcəyində abidə ucaltmaq olar. Hətta buna da gərək yoxdu – indiki Şamaxı insanına qiymət qoysalar, dəyər versələr, o da yetər. Nəinki yetər, hətta kiməsə heykəl qoymaqdan daha ağıllı iş olar.

Ancaq nə edəsən ki, ümumiyyətlə, Azərbaycanın hər yerində YAP məmurlarının gözü heç vaxt insanı görməyib – iti görüb, pişiyi görüb, sonunda eşşəyi görüb, ama insanı görməyib. Bu iqtidarın ən böyük cinayəti də məhz insanla bağlıdı. Hər şeyə fikir verirlər, hər şeyə maya qoyurlar, təkcə insandan savayı. Arabir öz-özümə fikirləşirəm ki, gerçəkdən bu iqtidarın elə bir yaxşı işi yoxdumu ki, gözümüz görsün. Boynuma alıram ki, var – yol, bərə, keçid, park. Ancaq iri çaplı insan faciələrinin fonunda bunları görmək mümkündümü? Bu faciələrin fonunda “inkişaf gördüm” deyən adamın, yüz faiz əmin olun ki, insanlığı yoxdu.

“Azadlıq” yazır ki, bu abidə Şamaxı sakinlərinin, şəhər ictimaiyyətinin, ziyalıların hiddətinə səbəb olub. Redaksiyaya çoxsaylı zənglər edilib. Şamaxının tanınmış ziyalıları Asif Məmmədovun eşşək əhvalatını qəzetdə işıqlandırmağı və bəlkə bu yolla onu tarı-türbə yoluna gətirməyə ümid eləyirlər. Mən bir şeyə pis oluram. Niyə hiddətlənənlər o eşşəyi arabaçısı, samanı qarışıq götürüb axura salmaq yerinə, qəzetə üz tuturlar?

(Bu eşşəyin içinə radar yerləşdirməsinlər…)