Azərbaycan hökumətinə imkan verməyin ki…

«The New York Times» Xədicənin məktubunu dərc edib

Xədicə Ismayıl: «Həqiqət və yaxşılıq uğrunda savaşı davam etdirin»

ABŞ-ın "The New York Times" qəzeti “Azadlıq” radiosunun həbsdə olan araşdırmaçı-jurnalisti Xədicə Ismayılın redaktora məktubunu dərc edib. Xədicə yazır:

Həqiqətə görə

Dünyanın baxışları cümə günü ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkəmə, sevimli Azərbaycanıma yönəlib. Turistlər, atletlər açılış mərasimini seyr edir, beynəlxalq ictimaiyyət isə mərasimə evində televiziyadan baxır.
Ancaq mən oyunları görməyəcəyəm. Hava necədir, Bakıda tıxac çoxdurmu – xəbərim yoxdur. Istənilən informasiyaya çıxışım çox azdır. Kürdəxanı təcridxanasında kameramda oturmuşam, burası son altı ayda evimə çevrilib.
Mən jurnalistəm, Azərbaycan hökumətində ən yüksək səviyyədə korrupsiyanı ifşa etdiyimə görə həbsdəyəm. Onlarla digər siyasi məhbus – jurnalist həmkarlarım, insan haqları müdafiəçiləri, gənc fəallar, siyasətçilər və digərləri ilə birlikdə ölkəmdəki durum barədə həqiqəti dediyimə görə həbsdəyəm.
Azərbaycanın ən yaxşı və işıqlı simaları həbsə atılıb, Avropa Oyunlarından uzaqda saxlanır. Onlar bizi və söylədiyimiz xoşagəlməz gerçəklikləri görmək və ya eşitmək istəmədilər.

Hökumətə imkan verməyin

Həqiqət odur ki, Azərbaycan insan haqları böhranı içindədir. Ən pis məqamdır. Başda oturanlar korrupsiyadan faydalandığı bir vaxtda sıravi adamlar işləmək, yaşamaq, azadlıq uğrunda mübarizə aparırlar. Biz də onlarla birlikdə, onlar üçün mübarizə aparmalıyıq.
Burada, həbsdə də mübarizəmi davam etdirirəm. Sadiq və inadcıl həmkarlarım sayəsində korrupsiya araşdırmalarım davam edir. Həbsxanadan danışdığım üçün cəzalandırıldım, karserə salındım, ailəm və vəkillərimlə görüşümə qadağa qoyuldu. Kameramdan qeydlərimi götürdülər. Əvvəl dediyim kimi, ödənəsi bədəl budursa, buna dəyər.
Bu gün beynəlxalq ictimaiyyətə deyirəm: Azərbaycan hökumətinə imkan verməyin ki, korrupsiya və pozuntulardan diqqətinizi yayındırsın. Insan haqları və susdurulanlar uğrunda savaşı davam etdirin. Həqiqət və yaxşılıq uğrunda savaşı davam etdirin. Bunu ucadan edin, açıq şəkildə edin. Azərbaycan xalqı bilməlidir ki, hüquqlarını dəstəkləyən var.

Təkcə mən yox

Və xahiş edirəm, ancaq mənim azadlığımı istəməyin; bütün siyasi məhbusların azadlığa üçün çağırış edin. Azərbaycanda ifadə azadlığını müdafiə edin. Insan haqlarının arxasında durun.
Xədicə Ismayıl dekabrın 5-də, başqasını intihar həddinə çatdırmaq ittihamıyla həbs olunub. Intihar həddinə çatdırıldığı deyilən şəxs sonradan ittihamını geri götürsə də, Xədicə Ismayıla qarşı yeni ittihamlar irəli sürülüb. Jurnalist vergidən yayınmaqda, qanunsuz biznes fəaliyyətində və səlahiyyətindən sui-istifadədə ittiham olunub.
X.Ismayıl ittihamları rədd edir. O, həbsini prezident Ilham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.
Xədicə 2015-ci ilÿ"PEN/Barbara Goldsmith" mükafatının laureatıdır. O, həbsdə olduğu müddətdə bir neçə beynəlxalq mükafata layiq görülüb.

“Azadlıq” radiosu