
Bakının yaşıllıq baxımından pasportu sayılan Nəbatat bağının suyu kəsilib.
Bu məlumatı verən paytaxt sakinlərinin sözlərinə görə, kimlərsə bu unikal yaşıllığın məhvində maraqlıdır.
Problemi yerində öyrənmək üçün Nəbatat bağına baş çəkdik.
Mühafizəçilərə su problemi ilə bağlı gəldiyimizi deyən kimi onlardan biri bizə kiçik su bidonlarını göstərdi: “Suyun konkret qrafiki yoxdur, gah gəlir, gah da kəsilir. Biz də gözləyirik nə vaxt su gəlsə, o dəqiqə bidonları doldurub ehtiyat saxlayırıq. Elə olur ki, heç özümüz üçün əl yumağa da su tapmırıq”.
Mərkəzi Nəbatat bağının rəhbərliyi ilə danışmaq istəsək də bağın direktorunun hazırda işdə olmadığını bildirdilər. Söhbətləşdiyimiz bağbanlardan və texniki işçilərdən heç kim adını çəkmək istəməsə də onların hamısı bağda su probleminin olduğunu və bu problemin bir aya yaxındır davam etdiyini təsdiqlədi.
Mühafizə xidmətinin əməkdaşı deyir ki, yay aylarında suyun azalması hər il müşahidə olunur, amma bu il bu problem daha ciddi xarakter alıb: “Adətən qış aylarında suyun təzyiqi daha yaxşı olur. Bu il isə çox azaldı, hətta demək olar ki, kəsilib. Nəbatat bağının 50 hektara yaxın ərazisi var, onun hamısını suvarmaq üçün kifayət qədər su yoxdur”.
Ağaclara qulluq edən bağban Hüseyn Quliyev isə deyir, elə vaxt olur ki, ümumiyyətlə gün ərzində su gəlmir: “Bu problem də Nəbatat bağı ilə bağlı deyil, eyni problemi bağın qonşuluğundakı binaların sakinləri də yaşayır”.
Bağın işçiləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, rəhbərlik problemin həlli üçün Səbayel rayon Sukanal İdarəsinə şifahi şəkildə müraciət edib: “Yay fəsində belə hallar olur, amma bura dövlət əhəmiyyətli bağdır. Burada su həmişə olmalıdır. Çünki bağda həssas, çox qiymətli və nadir ağaclar var, onları qorumaq lazımdır. Bundan başqa Abşeron torpağı şoran torpaqdır, suyu ağacın dibinə axıdırsan, heç gedib ağaca çatmır. Amma istənilən halda bu bağ Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindədir, prezidentin nəzarətindədir, buradakı ağacları heç vaxt quruyub məhv olmağa qoymazlar”.
İşçilərin sözlərinə görə, su idarəsindən rəhbərliyə bildirilib ki, problem həm də yay qrafikinə keçidlə bağlıdır. Bəziləri isə suyun ayrı-ayrı imkanlı şəxslərin sifarişi ilə onların bağlarının sulanması üçün ayrıldığını, buna görə Nəbatat bağının diqqətdən kənar qaldığını iddia edir.
Özümüz də bağla tanışlıq zamanı müxtəlif yerlərdə suvarma vasitələri gördük. Torpaq isə susuzluqdan necə deyərlər, od tutub yanırdı.
Problemi aydınlaşdırmaq üçün Səbayel rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin dispetçeri Hidayət Adıgözəlov Nəbatat bağına suyun anbardan birbaşa gələn xətlə verildiyini bildirdi: “Həmin xətt də Yasamal ərazisindən və daha bir neçə yerdən keçərək Nəbatat bağına gəlir. Son günlər isə yenilənmə və təmir işləri ilə bağlı suyun verilməsində fasilələr olub. Amma artıq bağa suyun verilməsi bərpa olunub, problem cəmi bir neçə gün davam elədi”.
Buna baxmayaraq bağın yaxınlığında yaşayan sakinlər arasında belə bir fikir var ki, Nəbatat bağına suyun verilməsində problem qəsdən yaradılır, burada da məqsəd ağacları qurudub tamamilə sıradan çıxarmaq və bağın ərazisinə yiyələnməkdir.
Qeyd edək ki, elə ötən il də Nəbatat bağındakı ağaclarla bağlı problem gündəmə gəlmişdi. Belə ki, bağın ərazisində 40 ədəd 4-7 illik Eldar şamı və sərv ağaclarının qanunsuz kəsilməsi halları aşkarlanıb və bununla bağlı cinayət işi açılıb. (virtualaz.org)








"Deryaz.com" saytı da mövzunu işıqlandıraraq, xatırladıb ki, hələ keçən il Nəbatat Bağında 613 ağacın köküstündən kəsilməsi xəbəri yayılmışdı: "O vaxtdan yaşıllıq qənimlərini axtaran hüquq-mühafizə orqanları hələ də onları yaxalaya bilməyiblər. Son müşahidələr isə göstərir ki, bağın məhvini istəyənlər hələ də öz məkrli planlarını gerçəkləşdirmək niyyətlərindən vaz keçməyiblər. Biz Botanika Bağına gedəndə bağın işçilərini ağacları sulayan görəcəyimizi təsəvvür edirdik. Lakin onlar susuzluqdan qurumuş ağac budaqlarını daşıyıb çatdıra bilmirdilər. Ağacların niyə susuz qaldığını soruşduq. “Qardaş, zəng eləmədiyimiz gün olmur, su pullarını da vaxtında köçürürük. Nə Səbail rayon su idarəsi, nə “Azərsu” bizə fikir vermir. Nə işdisə, baş açmaq olmur” – deyə cavab verdilər. Dağa dönməkdə olan Botanika Bağının taleyi hamını narahat etməlidir, bütün cəmiyyət bu milli sərvətin müdafiəsinə qalxmalıdır. Planın məqsədinə gəlincə, söz gəzir ki, paytaxtda heç içməli su qıtlığının hiss olunmadığı indiki vaxtda Botanika bağı kimi vacib elmi təsərrüfata suvarma suyunun ayırılmaması bu obyektin yerləşdiyi, “göydələn” inşa etmək üçün əlverişli əraziyə oliqarxlardan kiminsə göz qoyması ilə əlaqədardır. Bu ehtimal özünü doğrultmaqdadır ki, “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov da həmin planın reallaşdırılması üçün səfərbər edilib. İndiki halda ondan heç nə yox, sadəcə hərəkətsizlik göstərmək tələb olunur".


