Dəfələrlə yazmışıq ki, ölkəmizdə keçiriləcək Avropa Oyunlarına hazırlıq mərhələsi ölkə vətəndaşının təhqir olunmasının göstəricisidir. Çünki, xarici qonaqların rahatlığı üçün atılan addımlar uzun illər ərzində ölkə vətəndaşı üçün edilməyib.
Deməli, xarici qonaqlar üçün yeni avtobuslardan tutmuş, səyyar tualetlərə qədər bütün xidmətlər həyata keçirildi, qida məhsullarının keyfiyyəti artırıldı, polislərə səmimi davranış qaydaları öyrədildi, şəhərin təmizliyinə xüsusi fikir verildi, tıxac problemi həll edildi və s. Yəni uzun müddət xalqın tələblərinə məhəl qoymayan hakimiyyət avropalı qonaqlar üçün dəridən-qabıqdan çıxır.
Bugünlərdə isə məlum oldu ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) 12-28 iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyaya başlayıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, xarici ölkə vətəndaşları ilk Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə bilərlər. Qonaqlar akkreditasiya vərəqələrini saxlayıb, Azərbaycana yenidən səfər edəndə də güzəştdən istifadə edə biləcəklər.
Qeyd edək ki, AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində – London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (Italiya), Barselona (Ispaniya), Praqa (Çexiya), Nyu York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və Istanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (Iran), Təl-Əviv (Israil), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-na-Donu (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var. Və “Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.
Əvvəla xatırlatmaq istəyirik ki, bir müddət öncə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ölkəyə turistlərin az gəlməsini AZAL-ın biletlərinin bahalı olması ilə əlaqələndirmişdi. Qeyd edək ki, AZAL-ın biletləri digər qonşu ölkələrlə müqayisədə dəfələrlə bahadır. Məsələn, Bakı-Fransa reysi ilə, Tbilisi-Fransa reysinin qiymətləri arasında 2 dəfə fərq var. Demək istəyirik ki, hətta ölkədə turizmin inkişafına stimul vermək üçün belə AZAL heç bir güzəştə getmir. Halbuki bu güzəştlər dövlətin büdcəsinə kifayət qədər vəsait axıda bilər.
Ikincisi isə AZAL-ın Avropa Oyunlarına görə ölkəyə gələn insanlara ilin sonuna qədər 50 faizlik güzəşt elan etməsi vətəndaşa növbəti təhqirdir. Axı bu ölkənin 2 milyondan artıq vətəndaşı ölkə xaricində yaşayır və onların Rusiyaya, Türkiyəyə, Almaniyaya üz tutması hakimiyyətin yarıtmaz siyasətindən qaynaqlanıb. Heç olmasa bu insanları nəzərə alıb, onlara da güzəştli bilet şansı yaratmaq olardı. Niyə bu hakimiyyət yalnız xarici qonaqlara və öz komandasına güzəşt edir. Əcnəbilər üçün edilən fədakarlıqlar, öz vətəndaşlarımıza niyə edilmir? Faktiki olaraq hakimiyyət ölkə vətəndaşına zülm verməklə məşğuldu. Necə ki, Belarusa 0.01 faizlə verilə kredit ölkə vətəndaşına 25-30 faizlə verilir, eləcə də vətəndaşa od qiymətinə satılan biletlər əcnəbilərə 50 faiz güzəştlə satılır.
Göründüyü kimi, ən xırda məsələlərdə belə vətəndaşa aman verilmir. Yalnız hakimiyyət maraqları təmin olunur. Bu hakimiyyət üçün vətəndaşın rəyi önəmli deyil. Əsas odur ki, əcnəbilər bunların səxavətinin sehrinə düşsünlər. Ona görə əcnəbilər üçün avtobus, metro da pulsuz olacaq.
Xalq susanda, yalana və talana əl çalanda, qorxusunun əsirinə çevriləndə, vəziyyət məhz belə olur. Hakimiyyət bütün sferalarda xalqı təhqir edir və bunu nümayişkaranə şəkildə etməkdən də çəkinmir. Vətəndaş “bilet”inə sahib olmaqdıqca, nə AZAL-ın biletlərində, nə də hakimiyyətin münasibətində dəyişiklik olmayacaq.
Akif


