Hacıbala Abutalıbov öz obyektlərini də sökdürəcək?

Qarabağ əlillərinin evini zəbt edən obyektlər necə özəlləşdirilib?

 
Bakı Şəhər Icra Hakimiyyətinin(BŞIH) başçısı və meri vəzifəsini icra edən professor Hacıbala Abutalıbovun söküntü şousu davam edir. Sözügedən görəvinə elə söküntü ilə başlayan başçı ilk çağlarda Qarabağ əlilləri və şəhid ailələrinə sələfi Rəfail Allahverdiyevin ayırdığı köşkləri uçurmaqla qarğış yiyəsi oldu.
Həmin “əlil köşkləri”nin yerində iri çinli məmurların ata-analarının, qohumlarının adına iri obyektlər özəlləşdirildi. Aztəminatlı vətəndaşların qanuni tələblərinə isə BŞIH-in memarlıq və şəhərsalma baş idarəsinin rəisi vəzifəsini icra edən Akif Abdullayevin, onun tikinti planlaşdırma idarəsinin rəisi vəzifəsini icra edən Şahlar Zeynalovun imzaları ilə qadağa qoyuldu ki, BŞIH başçısının əmrilə qanunların icrasına qadağa qoyulub(??). Yalnız iri obyektlərin tikintisinə icazə verilir ki, ona da icazə almağa əlil, köçkün, şəhid ailələrinin imkanı çatmaz.
…Iş o yerə çatdı ki, dövlət sifarişilə əlil və şəhid ailələri üçün tikilən evlərin də yüksək səviyyədə zəbt olunmasına başlanıldı. Nərimanov rayonunda 2009-cu ildə istifadəyə verilən “Əlillər evi” dövlət tərəfindən necə zəbt edildisə, yazıq Qarabağ əlilləri və şəhid ailələri şikayət etməyə də macal tapmadılar. Kimə desinlər? Prezidentə müraciət edilir, cavabdehliyi hökumətin daşıdığı bildirilir. Fikir verin, evin heç kanalizasiyası da çəkilməyib, qaz verilməsi 2013-cü il prezident seçkiləri ərəfəsində namizədlərin buraya dəvət ediləcəyi təhlükəsindən sonra gerçəkləşdi. Heç açılış da dövlətin 1-ci şəxsi xaricdə səfərdə olanda edildiyindən, zəbtolunma qanuniləşdirildi. Indi baxın, “Əlillər evi”ni zəbt edən villaların mülkiyyət sənədi var, amma əlillər evi hələ də bağlantılı qurumların ötür-ötür oyununa dönüb. Ombudsman evin tikilərkən zəbt olunduğunu etiraf edərək, tikintinin davam etdirilib başa çatdırıldığını və kanalizasiyasının da işlək vəziyyətdə olduğunu bildirib. Maraqlıdır, olmayan kanalizasiya necə işlək vəziyyətdə ola bilər? 36 sotluq torpaq sahəsi bir gündə işğal olunmayıb ki? Bu evin nə həyəti var, nə bir ağacı var, nə uşaqların oyun yeri, nə də əlillərin istirahət yeri var. Layihədə isə hamısı əks olunub. Heç evə gəlməyə piyada yolu, keçməyə keçid də yoxdur. Hətta dövlət qurumunun qoyduğu dayanacaq köşkünü də gecə ikən işğalçılar aradan götürüblər. “Şəki” restoranının yanından ya yerüsütü, ya da yeraltı piyada keçidinin tikilməsini təklif edən sakinlərə cavab olaraq… qarşı tərəfdə zəncirlə yolu kəsiblər ki, ümumiyyətlə, əlillər keçə bilməsin(??)! Belə özbaşınalıq olar? “Əlillər evi”ni zəbt edən obyektin yiyəsi aradakı balaca yerdə də özünə əlavə tikili tikib, olmayan həyət maşın dayanacağına çevrilib. Nə polis, nə prokurorluq, nə də məhkəmə tədbir görmür. Daha doğrusu, evin yüksək səviyyədə zəbt olunması onlara mane olur. Təsəvvür edin, Nazirlər Kabinetinin Işlər Idarəsinə aid 10-AA-288, 10-PP-288 saylı maşınlar hər gün obyektdə keşik çəkir, obyektin yiyələrindən birinin BŞIH başçısının qardaşı, o birinin prezident mühafizəçisinin adamı olduğu deyilir. Kimin nə həddi var, oraya yaxın getsin. Bunların polisdə, məhkəmədə yüksək çinli qohumları da şikayətə baxılmasına əngəl olurlar. KIV, hüquq müdafiəçiləri, deputatlar da susur. Heç indiyə kimi sakinlər deputatlarının üzünü görmək bir yana, kimliyini də bilmirlər. Biri deyir Əli Əhmədov olub, o biri deyir Adil Əliyevdir, bir başqası da deyir Rasim Musabəyovdur. Hamısına da müraciət olunsa da, vəkillikdən imtina edilir. Yalnız ANS TV və “AZADLIQ” qəzeti işğal faktını açıb-ağardıb. Bu sətirlərin yazarı bir neçə dəfə Milli Şuranın o çağkı başçılarından biri kimi Müsavat partiyası başqanının köməkçisinə (o da hər dəfə “Yeni Müsavat” qəzetinə verdiyini bildirib), hüquq müdafiəçisi Aslan Ismayılova konkret sənədlərlə müraciət etsə də, nəinki “bomba”, heç “kokteyl” effekti də verməyib.
Qarabağ əlilləri və şəhid ailələri dövlətin himayəsindədir, ona görə də dövlətin tikdiyi evdə INSAN kimi yaşamaq istəyirlər. Onlar villaların sökülməsini yox, evlərinin satndarta uyğunlaşdırılmasını tələb edirlər. Bununçün Fövqəladə Hallar Nairliyinin də etiraf etdiyi kimi, qanunsuz kommersiya obyektləri sökülməlidir. Ya da “Əlillər evi”nin özü qanunsuz sayılmalıdır. Indi söz BŞIH başçısınındır. Başçı öz obyektini sökəcəkmi? 
Zurna-balabançıların pulunu əlillər də ödəyə bilər…
M.Ağsu