Cahangir Əsgəriva gücü çatmayan hökumət

Tanınmış hüquqşünas Aslan İsmayılov "Azal"ın Avropa Oyunlarında iştirak edən əcnəbilərə görə aviabiletlərin qiymətində 50 faiz endirim etməsinə münasibət bildirib. Hüquqşünas facebook səhifəsində yazıb:
 
"Mətbuatda gedən məlumatlardan bəlli oldu ki, ‪"Azal" olimpiya oyunlarında iştirak edən əcnəbilərə biletin dəyərini 50% endirəcək. Əvvəllər dəfələrlə qeyd etmişdim ki, Azərbaycanda turizmin inkişafına ən böyük əngəl "Azal"ın bilet sahəsində olan monopoliyası və korrupsiyadır. Azərbaycandan bütün istiqamətlərə uçuş biletinin qiyməti qonşu Gürcüstan Türkiyə, Ukrayna və hətta bir çox Avropa ölkələrindən də qat-qat bahadır. Məhz bu hal turistlərin Azərbaycana gəlməsinin qarşısını alır və dövlətin milyardlarla manat vəsaiti hesabına qurulmuş turizm məkanları boş qalır. Bilet qiymətində olan endirimlər çox yaxşı haldır. Ancaq "Azal" rəhbərliyi yenə həm Azərbaycan, həm də beynəlxalq qanunları pozur. Qanunlar insanların vətəndaşlığından, dinindən, dilindən, irqindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu bəyan edir. Bu prinsip çox az hallarda dövlətlər tərəfindən pozulur, o da ancaq öz vətəndaşlarının xeyrinə. "AZAL" rəhbərliyi isə qəbul etdiyi qərarla öz vətəndaşlarını alçaldır, onları faktiki olaraq – ikinci sort – insan elan edir.
 
Yeri gəlmişkən, 21 aprel 2015-ci ildə AR Sənaye və İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən, vətəndaşlarımız üçün sərfəli olan ‪‎"Wizzaair" aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirmişdi. Hökümətin aparıcı simalarından bir olan Ş.Mustafayevin dünyaya bəyan etdiyi bu açıqlamasından artıq günlər yox, aylar keçir, uçuşlar isə hələ də bərpa edilməyib. Bu bəyanatı nazir birbaşa AR Prezidentinin adı ilə bağlamışdır. Bu isə artıq dövlət başçısına qarşı saymamazlıqdır. Görəsən bu barədə heç düşünən varmı?! Əgər ‪"‎Azal"‬ın sahibi Cahangir Əsgərovun qarşısında acizsinizsə heç olmasa boş-boş danışmayın.