Maskalar düşür və acı həqiqətlər üzə çıxır

Öz vətəndaşını onu tənqid etdiyinə görə həbsxanada çürüdən hökumət düşmən ölkənin idmançılarını əllərində də gəzdirsə, humanist imici qazana bilməz
 

Ermənistandan gələn idmançılar və onları müşaiyət edən şəxslər artıq Bakıdadırlar. İndi onlar hökumətimizin ən əziz qonaqlarıdır. Amma Böyük Britaniyadan gələn hüquq müdafiəçiləri ölkəyə buraxılmadı. “Platform London” təşkilatının fəalını Bakıda, aeroportda saxlayıb geri qaytardılar. Birinci dəfə deyil ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının nümayəndəsi Bakı aeroportundan hörmətsiz şəkildə geri qaytarılır. Dünyanın ən nüfuzlu hüquq müdafiə təşkilatlarından olan “Human Rights Watch”un nümayəndəsini də 1-2 ay qabaq aeroportdan geri qaytarmışdılar.

“Platform London”un nümayəndəsi ilə yanaşı “Amnesty International” təşkilatının nümayəndə heyətinə də Bakıya gəlməyə imkan verilməyib. Təşkilatın müraciətinə Azərbaycanın Londondakı səfirliyi “yox” cavabı verib.

Bu faktları ona görə qarşılaşdırıram ki, heç kim sadəlövhcəsinə özünə təskinlik verməsin ki, erməni idmançılara göstərilən iltifat Azərbaycanın imicini yaxşılaşdırmaq üçündür. Erməni idmançıların beynəlxalq aləmdəki nüfuzu beynəlxalq hüquq müdafiə təşkilatlarının nüfuzundan çox ola bilməz. Öz xalqının azadfikirli insanlarına və bütün sivil dünyaya savaş açıb, yalnız düşmən ölkəyə və onun havadarına yaltaqlanmaqla dünyada müsbət imic qazanmaq olmaz. Yəni bu sadə həqiqəti hələ də başa düşməyənlər var?

Dünyada tanınan hüquq müdafiə təşkilatlarının təmsilçilərini ölkəsindən qovan hökumət düşməninə nə qədər xoş üz göstərsə də, dünyada mədəni, sivil hökumət kimi tanına bilməz. Özünün müxalif fikirli soydaşlarına münasibətdə bu qədər qəddarlıq edən, yaşlı, xəstə, qadın, gənc demədən 80 nəfərdən artıq vətəndaşını onu tənqid etdiyinə görə həbsxanada çürüdən hökumət düşmən ölkənin idmançılarını əllərində də gəzdirsə, tolerant, humanist imici qazana bilməz. Maskalar düşür və acı həqiqətlər bütün çılpaqlığı ilə üzə çıxır.

Gündə bir erməni kəndi alan “vətənpərvər” saytların, aztvlərin saxta vətənpərvərlik təbliğatının təsiri altında hökumətimizin “Qarabağ boyda dərdi olduğuna” inanıb, Lazımı gözləyən sadəlövh vətəndaşlarımızı məyus etməli olacam. Hazırki rejim nə Qarabağı işğal edənləri, nə də bütün zamanlarda işğalçı ermənilərə silah, pul və əsgərlə kömək edənləri özünə düşmən bilir. Hökumətin hədəfində həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yalnız o adamlardır ki, onlar azərbaycanlıların hüquq və azadlıqlarına hörmət edilməsini, dövlət səviyyəsində həyata keçirilən korrupsiya və monopoliyaya son qoyulmasını tələb edirlər.