aliyev-ehmedinejad-bakida

Əliyev “Tehran tələsi”nə düşdü

Laricaninin Bakı bəyanatları Azərbaycan hökuməti üçün başağrısı ola bilər

Iran parlamentinin sədri Əli Laricani Bakıdan Israilə daş atdı. Daha doğrusu, rəsmi Təl-Əvivin bostanına… Iran rəsmisinin Bakıdaki məscidlərdən birindəki çıxışı diqqəti həm də başqa istiqamətdə cəlb edib. O deyib ki, dünya müsəlmanlarının birliyi indi heç vaxt olmadığı qədər vacibdir. Biz Əli Laricaninin bu açıqlamalarının ucundan tutub ucuzluğa çəkmək istəmirik. Amma məsələnin ucları diqqəti daha çox çəkir. Işin bir ucunda Israil, o birində isə Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın Bakıya son səfəri durur. Azərbaycan isə hər iki tərəfdən diqqət mərkəzində olmaqdadır.
Əlbəttə, biz bu iki səfərin məqsədini və ya nəticəsini eyniləşdirmək fikrində deyilik. Amma hadisələrin, hətta texniki şərhi də göstərir ki, Ilham Əliyevin bəxti ardıcıl olaraq gətirmir. Birincisi, Fələstinə verdiyi sözün Israilin əleyhinə olması ikinci ilə münasibətləri gərginləşdirəcək. Ikincisi, Laricani müsəlmanları birliyə çağırmaqla Bakıya müəyyən bir mənada əməkdaşlıq təklif edib. Bunun real detalları isə yəqin ki, Qarabağ və Xəzərin statusu məsələsi kontekstində qapalı görüşlərdə müzakirə edilib.
Rusiyanın son addımları deməyə əsas verir ki, Kreml Suriyanın və Belarusun arxasından qaçmaqla özünün mühüm qalalarını Qərbə təslim etdi. Bu mənada Bakı uğrunda mübarizə həddindən artıq sərfəsiz və perspektivsiz görünür. Belə olan vəziyyətdə, Iran Qərb təzyiqlərinin qarşısında geri çəkilməyə məcbur olan və basqılar altında boğulan Azərbaycan hakimiyyəti üçün “saman çöpü” rolunu oynayır. Yəni, Azərbaycan hakimiyyəti batmazdan əvvəl Irandan yapışmağa cəhd edəcək.

Dərmən xəstəlik yayır

Ilham Əliyevin bəxti onda gətirmədi ki, Israil hökuməti artıq Azərbaycanda öz əleyhinə ardıcıl fəaliyyətin şahidi oldu. Mahmud Abbasın səfərindən sonra iranlı spikerin Azərbaycana səfəri və Israili rəsmən ittiham etməsilə Təl-Əvivin gündəliyindəki Bakı qrafasına iki mənfi qeyd düşdü. Görünür, Iran bu addımı ilə “iki quşu birdən vurmaq” fikrindədir. Birincisi, Türkiyənin Fələstin mövzusunu tam inhisara alması rəsmi Tehranı tamamən tərk-silah durumuna salıb. Iran indiyə qədər ancaq bəyanat və hədələrlə kifayətlənsə də, “Mavi Mərmərə” olayı açıq göstərdi ki, Türkiyə Israilə gerçək zərbələr vuran yeganə müsəlman ölkəsidir. Iran isə əksinə, insan haqlarının durumuna görə nüfuzunu itirməkdədir.
Iran eyni vaxtda Bakıda həm müsəlmanları birliyə çağırmaq, həm də Israil əleyhinə bəyanatlar verməklə özünü yenidən gündəmə gətirmək məqsədi güdür. Və bunu Bakıda etməklə tək olmadığına işarə vurmaq istəyir. Bu dəfə də Ilham Əliyev çətin vəziyyətə düşür. Indi rəsmi Bakı bu vəziyyətdən çıxmaq üçün bütün gücünü göstərməlidir. Amma bu güc NABUCCO düyününü çözməyə çatacaqmı – onu hesablamaq çətindir.

Seymur Həzi