Türkiyə mətbuatından ilginc iddia; Davudoğludan "təkpartiyalı iqtidar" bəyanatı
7 iyun seçkilərindən sonra təkbaşına hökumət qurmaq şansını itirən AKP hökuməti təlaş içindədir. Türkiyə mətbuatının yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğanın vəziyyəti lehinə dəyişmək üçün planlar qurur: “Seçki günündən bu yana bir dəfə olsun ictimaiyyət qarşısına çıxmayan Ərdoğan məğlubiyyətini lehinə çevirməyə çalışır. Ərdoğan 45 gün ərzində yeni hökumətin qurulmamasına çalışacaq və xalqa “görürsüz, bacarmadılar” deyərək təkrar seçki istəyəcək. MHP-nin koalisiya fikrinə qarşı olması Ərdoğanı ümidləndirib. CHP isə AKP-nin planının baş tutmaması üçün MHP-ni koalisiyaya razı salmağa çalışır. Ərdoğanın məsləhətçiləri ilə birgə oyun planı qurduğu və bunu həyata keçirməyə başladığı bildirilir”.
"Ərdoğanın planı 3 istiqamətlidir”
“Cumhuriyet” qəzeti Ərdoğanın planının 3 istiqamətli olduğunu iddia edir: “Ərdoğan əvvəlcə hökuməti qurmaq vəzifəsini Davudoğluna verəcək. Davudoğlu parlamentə düşən 3 partiyanın liderləri ilə görüşəcək. Partiyaların hər üçü koalisiya təklifinə “yox” deyəndən sonra azlıq hökuməti ilə etimad qazanmamağı gözə alacaq. Belə olan halda, hökuməti qurmaq vəzifəsi seçkinin ikincisi olmuş CHP-yə ötürüləcək. CHP-nin koalisiya üçün həm MHP, həm də HDP-ni razı salması lazımdır ki, bu da qeyri-realdır. MHP lideri Dövlət Baxçalı seçki gecəsi verdiyi açıqlamada bu bazarlıqların içində olmayacaqlarını bəyan etmişdi. HDP ilə qurulmuş koalisiyanın isə MHP-dən dəstək alması mümkün deyil. Elə Ərdoğan da bu nəticəni istəyir. Bundan sonra Ərdoğan çıxıb “Mən sizə demişdim axı, bunlara bir qoyun belə, versəz, baxa bilməzlər” deyərək Türkiyəni yenidən seçkiyə aparmağa çalışacaq. CHP bu ehtimalı yox etmək üçün Davudoğlunun təmaslarını gözləmədən MHP ilə danışıqlara başlayıb. 45 günün boşa getməməsi üçün tələsmək lazım olduğunu deyən bir CHP yetkilisi hesab edir ki, əks halda, yaralı şirdən hər şey gözləmək olar. Və 17 dekabrda olduğu kimi (”böyük rüşvət əməliyyatı”) bu dəfə də vəziyyəti öz xeyrinə çevirə bilər”.
CHP-nin MHP-ni razı sala bilməyəcəyi təqdirdə, kənardan dəstək verilmiş azlıq hökumətinin sınana biləcəyi, uzağı, 1 il davam edəcək bu müvəqqəti hökumətin də erkən seçkiyə gedəcəyi ehtimal edilir.
Ərdoğan-Baykal görüşündə nələr oldu?
Dünən Ankarada yeni hökumətin qurulması istiqamətində ilk addım atılıb. Prezident Rəcəb Tayyib Ərdoğan CHP-nin keçmiş başqanı, hazırda partiyanın Antalyadan deputatı olan Dəniz Baykalla görüşüb. Görüş gözlənildiyi kimi, prezident sarayında yox, Çankayadakı dövlət iqamətgahında keçirilib. Görüş barədə təklif Baykala iyunun 9-da yerli saatla gecə 24.00-da gəlib. Bundan sonra Baykal CHP başqanı Kamal Kılıçdaroğlu ilə telefon əlaqəsi yaradaraq görüşlə bağlı onun da razılığını alıb. Ilkin məlumatlara görə, görüş Baykalın qocaman deputat olaraq Türkiyə Böyük Millət Məclisinin açılışını etməsi ilə bağlıdır. Dəniz Baykal həmçinin yeni hökumət qurulana qədər parlamentə sədrlik də edəcək. Lakin Türkiyə mətbuatı görüşün tək yeni parlamentin fəaliyyəti ilə bağlı olmadığını, tərəflərin yeni hökumətin qurulması istiqamətində danışıqlar üçün bir araya gəldiyini yazdı.
Baykal: “AKP-siz hökumət qurulsa, Ərdoğan buna qarşı çıxmayacaq”
Iki saatdan artıq davam edən görüşdən dərhal sonra Baykal jurnalistlərə açıqlama verib. Dediyinə görə, görüşdə parlamentə müvəqqəti sədrlik məsələsini, həmçinin ölkənin gündəminə dair bir çox mövzuları müzakirə ediblər. Baykal görüşdə Ərdoğanın müxalifətin öz arasında koalisiya qurmasına qarşı olmadığı qənaətinə gəlib. Yəni bu partiyalar AKP-siz hökumət qursalar, Ərdoğan buna etiraz etməyəcək: “Prezidentin istənilən formalı koalisyon çözümünə açıq olduğunu gördüm. Onu da hiss etdim ki, müxalifətin öz arasında koalisiya qurmasına qətiyyən qarşı deyil. Ərdoğan hökumətin ən qısa zamanda qurulmasına tərəfdardır. Onun koalisyon hökumət qurmaq üçün xüsusi səy göstərdiyini hiss etmədim”. Görüşdən sonra Baykal CHP-nin baş qərargahında Kamal Kılıçdaroğlu ilə də görüşərək Ərdoğanla apardığı müzakirə barədə məlumat verib.
CHP: “AKP-siz bir koalisiya istəyirik”
CHP sədrinin müavini Sezgin Tanrıqulu görüşü dəyərləndirərkən əvvəlcə Baykalın təcrübəli siyasətçi olmasından danışıb. Lakin Tanrıqulu CHP-nin AKP-siz bir koalisiyaya üstünlük verdiyini deyib: “MHP və HDP də AKP-nin yer almadığı bir koalisya haqda düşünməlidi. Seçicilər onlara səs verməyiblər ki, AKP yenidən hökumətdə təmsil olunsun. Vətəndaşlarımızın bu seçimini nəzərə almağa borcluyuq”. S.Tanrıqulu CHP-nin koalisiya ilə bağlı son qərarını partiya məclisinin verəcəyini bildirib.
HDP: “Baykalın açıqlamaları inandırıcı gəlmədi”
HDP-dən də Ərdoğan-Baykal görüşü ilə bağlı açıqlama gəlib. Partiya sədrinin müavini Idris Baluken Baykalın açıqlamalarının ona inandırıcı gəlmədiyini bildirib: “Ziddiyyətli fikirlər səsləndirdi. Baykal seçilmiş parlament sədri deyil. Sadəcə yaşına görə Məclisin açılışını edəcək. Baykalın və CHP rəhbərliyinin belə vəziyyətə düşməsi heç də xoş deyil. Prezidentin yanaşması da mübahisəlidir. Seçki kampaniyasında göstərdiyi fəallığı indi də koalisiya ilə bağlı nümayiş etdirir. Açıq şəkildə Konstitusiyanı pozur. Hörmətli Baykal CHP-nin başqanı olub. Indi qeyri-rəsmi şəkildə vasitəçi qismində çıxış edir. Ilk görüşü prezidentlə etməyini CHP-nin xətası kimi görürəm”.
Davudoğlu: “Koalisiyanı ancaq AKP idarə edə bilər”
Dünən axşam TRT-yə canlı yayımda qonaq olan baş nazir Əhməd Davudoğlu seçkidən sonra ilk dəfə açıqlama verib: “Hər şeydən əvvəl seçkinin nəticələrinin xeyirli olmasını istəyirəm. Iştirak səviyyəsi çox yüksək idi. Bu çox önəmlidir. Əvvəlcədən bəyan etmişdik ki, nəticələri istənilən halda qəbul edəcəyik. AKP-nin uğur qazandığı qənaətindəyəm. Tablo onu göstərir. Türkiyədə hər kəsimdən səs alan partiya AKP-dir. Türkiyədə siyasi həyatın onurğası AKP-dir. Bu reallıq nəzərə alınmadan koalisiyaya və ya Türkiyənin gələcəyinə dair müzakirələrin aparılması mümkün deyil. Hər zaman iddialı partiya olduq və hər zaman hədəfimizdə olan tək partiyalı iqtidardır. 41 faiz səs yığmaq uğurdur. “26 faiz səs yığsam, istefaya gedəcəm” deyən Kılıçdaroğlu 25 faizlik səsi zəfər kimi təqdim edir. Aramızda 16 faizlik fərq var. 1960-cı ildən bu yana bizdən başqa 40 faizin üstünə yalnız 4 partiya çıxıb. CHP-nin tarixində uğur kimi göstərilən 40 faiz AKP üçün uğursuzluq kimi qiymətləndirilməməlidir”.
Koalisiyadan da danışan Davudoğlu bildirib ki, onlar üçün ölkənin və partiyanın mənfəəti şəxsi mənfəətlərindən öndə gəlir: “Əsas məsələ Türkiyədə sabitliyin təminidir. Bir anlığına belə, xaotik vəziyyətin yaranmasına imkan vermərik. Xalqımız rahat olsun. Başqaları kimi qapı bağlayan yox, üfüqlər açan partiyayıq. Koalisiyaya girmək imkanı varkən bunu niyə etməyəsiniz? Ölkəmizin taleyi bizim əlimizdədir. Soyuqqanlı olacağıq. 12 il iqtidarı necə qurduqsa, indi də koalisiyanı ancaq və ancaq biz idarə edə bilərik. Başqaları yolu qapatmağa davam edəcəklərsə, Türkiyənin maraqlarına uyğun addım atacağıq. Partiyalar işbirliyinə getmək istəsələr, bunu danışacağıq. Hər müxalifət partiyası ilə səmimi görüş keçirəcəm. Prioritetlərimiz var, amma mən qırmızı xətt sözünü diplomatiya da istifadə etməmişəm. Bu söz siyasətin təbiətinə uyğun deyil. Verilən səslərin birinin belə, zay olmaması üçün dimdik ayaqdayıq. Uzlaşma lazımdırsa, ona da hazırıq. Siyasət seçki dövründəki mübahisələri arxada qoymalıdır. Hər kəs öz hesabını aparmalı, başqa partiyaların spekulyasiyalarına görə hərəkət etməməlidir. Koalisiya yaxşı variant deyil demişdik, amma xalq dedi ki, mənim seçimim budur”.
Gültəkin