Mərkəzi Bank manatı qoruya biləcəkmi?

Qubad İbadoğlu: «Problemin əsl səbəbi manata olan inamın itirilməsindədir»

«Ona görə də belə yanaşma ilə milli valyutanın zədələnmiş reputasiyasını bərpa etmək mümkün olmayacaq»

Ekspertlər Azərbaycan Mərkəzi Bankının (AMB) iqtisadiyyata kredit qoyuluşlarını stimullaşdırmaq üçün kommersiya banklarına manatla vəsait ayırmasını təsadüfi qərar saymırlar. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə rəhbəri Raca Almarzoginin bu açıqlaması əslində narahat durumdan çıxış yolunun artırılmasıdır. Çünki ötən müddət ərzində iqtisadiyyatımızn dollarlaşdırıldığı rəsmi statistik rəqəmlərlə ortadadır.

Raca Almarzoqini bildirib ki, Mərkəzi Bank iqtisadiyyata kredit qoyuluşu üçün özəl banklara manatla vəsait ayıracaq və bu vəsaitlə valyuta alınmasına icazə verilməyəcək. Buna görə də ilin ikinci yarısında ÜDM artımı sürətlənəcək və ilin axırına 66 mlrd. manat olacaq. Baxmayaraq ki, bu ilin ilk 4 ayında ÜDM 16 mlrd. manat təşkil edib.

Baş verənlərlə bağlı iqtisadçı Qubad Ibadoğlu “Facebook” səhifəsində status paylaşıb. Q.Ibadoğlu qeyd edib ki, son zamanlar manatla olan əmanətlər sürətlə dollara çevrildiyindən banklar kreditləri aktivlərində olan əmanətlərə görə dollarla verir: “Mərkəzi Bankın cəmi depozit bazasının valyutalar üzrə strukturu ilə əlaqədar olan məlumatına görə, bu ilin aprel ayının 1-nə banklarda olan 18 milyarda 531 milyon manatlıq cəmi depozitlərin 12 milyard 572 milyon manatı və 70 faizini dollarla olan əmanətlər təşkil edir”.

Q.Ibadoğlunun sözlərinə görə, bank əmanətlərinin dollarlaşmasının hazırkı səviyyəsi son 10 ilin ən yüksək göstəricidir. “Banklardan manatla geri götürülən vəsaitlər sonradan banklara dollarla qayıtdığından onlar manatla kreditləşməni davam etdirə bilmirlər. Verilən məlumata görə, bu problemi həll etmək üçün Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar da bu pulu öz növbəsində yalnız kreditləşməyə sərf edə biləcəklər”, deyə Q.Ibadoğlu vurğulayıb.
Q.Ibadoğlu hesab edir ki, Mərkəzi Bankın bu siyasəti mövcud problemi yumşaltsa da onun dayanıqlı həllini təmin edə bilməyəcək. Çünki, yaranmış problemin əsl səbəbi manata olan inamın itirilməsindədir, ona görə də belə yanaşma ilə devalvasiya nəticəsində milli valyutanın zədələnmiş reputasiyasını bərpa etmək mümkün olmayacaq. Fikrimcə, mövcud problemin uzunmüddətli dövrdə həlli üçün məzənnənin və əmanət bazarında faiz dərəcəsinin iqtisadi üsullarla tənzimlənməsi siyasəti önə çıxmalıdır".

Xəyal