Avropanın dəyərləri pisdir, oyunları yaxşı?!

elnurastanbeyli@gmail.com
 
Azərbaycanda baş verənləri ağılla dərk, məntiqlə izah etmək hər gün bir az da çətinləşir. Avropa dəyərlərini rədd və inkar edib Avropa oyunları keçirməyimizdən tutmuş Hacıbalanın musiqi sədaları altında villa sökməsinədək, baş verən hər şey adama yuxu kimi gəlir, istəyirsən ki, kimsə səni çimdikləsin və bu dəhşətli, ürəkbulandıran yuxudan oyatsın. 
Amma onu da başa düşürsən ki, ətrafında yaşanan heç nə yuxu-zad deyil, acı reallıqdır, ağrılı gerçəklikdir və sən bu real mənzərəni dəyişmək, bu ürəkbulanmadan azad və xilas olmaq üçün acizsən, gücsüzsən, çarəsizsən. Sadəcə, için-için yanıb qovrula, korun-korun tüstülənə bilərsən. Başqa heç nə. 
Bu gün Azərbaycanda gördüklərimizi, yaşadıqlarımızı, şahid olduqlarımızı onlardan xəbərsiz hansısa əcnəbiyə danışsaq, bizi yəqin dəli hesab edər, ağlımızı itirdiyimizi düşünər, fikirləşər ki, bütün danışdıqlarımız hansısa filmdən, yaxud romandan plagiatdır. Amma çətin ki, ən əjdaha rejissorun belə, ağlına Ilhamənin əlinə olimpiya məşəli verib qaçırmaq gəlsin, yaxud ən dahi yazıçının belə, istedadı 6 dükanı olduğunu deyən keçmiş olimpiya çempionu, hazırki “QAI” işçisinin dilindən “çoxlu pul yığıb, axırda general olmaq istəyirəm” sözlərini yazmağa kifayət etsin.
 
Istənilən yaradıcı adamın fantaziyası, istedad və intellekti Azərbaycanda adi həyat həqiqətlərinə çevrilmiş hadisələr qarşısında “ağ bayraq” qaldıra bilər. Nə olsun bizdə, sənət yerlərdə sürünür, əsas odur ki, biz heç bir filmdə görməyəcəyimiz, heç bir romanda oxumayacağımız hadisələri real şəkildə, canlı olaraq yaşayırıq, hətta bu hadisələrin  iştirakçılarına və tamaşaçılarına (fərqli yoxdur, zorən yoxsa könüllü?!) çevrilmişik.  
Bir ölkə təsəvvür edin ki, orada uzun illər boyu hər yerdən hakimiyyətdə olan ata-oğulun portretləri asılır, hər yerdə adamın qarşısına onların müdrik kəlamları həkk edilmiş lövhələr çıxır, amma birdən-birə də həmin portretlər və lövhələri yığışdırmağa başlayırlar, çünki həmin ölkəyə hansısa idman yarışına görə çoxlu xarici qonaq gəlməlidir, üstəlik, onların xeyli hissəsi gəlişmiş, çağdaş ölkələri təmsil edirlər. Axı indi onlar bu portretləri, lövhələri görüb haqqımızda pis fikirləşə bilərlər, düşünərlər ki, biz Avropa oyunları keçirsək belə, uyğar bir Avropa ölkəsindən çox, “şəxsiyyətə pərəstiş”in hökm sürdüyü, avtoritarizmin tüğyan etdiyi tipik Asiya ölkəsiyik. 
 
Belə çıxır, özləri də başa düşürlər ki, ölkənin hər yerini eyni adamların heykəlləri, portretləri, “aforizmləri” ilə bəzəmək heç də yaxşı iş deyil, geriçilik əlamətidir, müasirliyə, uyğarlığa daban-dabana ziddir, amma bunu yenə də bizə rəva görürlər, bizi bu cür çağdışı mənzərəyə layiq bilirlər, indi isə sadəcə, ona görə yığışdırırlar ki, avropalılardan ayıbdır. 
 
Bunu başa düşürlərsə, deməli, həm də onun fərqindədirlər ki, yalnız portretlərdə, heykəllərdə, rəhbərin müdrik kəlamları ilə bəzədilmiş lövhələrdə deyil məsələ, ümumiyyətlə, ölkə özü doğru şəkildə idarə edilmir, düzgün yolla aparılmır, bu yolun sonunda Azərbaycanı heç də azad, demokratik, sivil, modern, mədəni bir dünya ölkəsinə çevrilmək gözləmir. Amma yenə də ənənəvi idarəetmə tərzindən, təfəkküründən əl çəkmirlər, əl çəkə bilmirlər, çünki bu cür imtinanın siyasi intihardan başqa bir şey olmadığını da anlayırlar.   
 
Bax elə ona görə də Avropa dəyərlərini top-tüfənglə rədd, Avropa oyunlarını isə toy-bayramla qəbul edirlər.
Az qala unutmuşdum, burada “oyun” sözü heç də yalnız idman kontekstində deyil.