Prezident çörəyi

xaqaniquzeyli@gmail.com
 
Satışda bu adda çörək olmasa da, bu xəyali marka mənə xalqımızın tarixinə qara hərflərlə yazlmış Gülüstan müqaviləsini xatırladır. Sözsüz ki, Rusiya ilə Iran arasında təxminən iki yüz il əvvəl imzalanmış müqavilə daha ağır idi – Azərbaycan ikiyə bölündü, amma gəlin preziden çörəyinə də (!) layiq olduğu qiyməti verək. Qışqırmayaq, bağırmayaq, elə belə lal-dinməzcə, ətrafımıza boylana-boylana…
Bu çörək də xalqımızı iki yerə bölüb , hazırda Azərbaycan əhalisi onu yeyən və zavod çörəyi uğrunda mücadilə verənlərə bölünüb. Elə bilirəm ki, bu iki zümrə arasındakı say fərqindən söhbət açmaq yersizdir, çünki ikincilərin, eləcə də birincilərin nə qədər olduğunu sizlər məndən yaxşı bilirsiniz. 
 
Son vaxtlar mətbuatda, ayrı-ayrı fərdlərin dili, qələmi ilə bu ifadəni tez-tez təkrarlayır: “Mən prezidentin yolunda ölümə gedərəm”. Seçki ilində analoqsuz bir “xilaskar” ordu yaranıb… Istiqamət sözsüz ki, Qarabağ deyil, olsaydı… 
 
Bu şüar mənə qismən Böyük Vətən müharibəsinin əsas şüarı olan “Vətən uğrunda, Stalin uğrunda” devizini xatırladır. Yəqin ki, siz nədən qismən yazdığımın fərqinə vardınız. Bəli, bizim “qəhrəman”ların kitabından Vətən sözü çıxarılıb. Səbəbini deyim, onlar Vətən sevgisini kompromat kimi başa düşürlər…
 
Lap bu günlərdə Avropadakı diplomatımız Arif Məmmədovla bağlı qalmaqalı yəqin ki, xatırlayırsınız. Bu vətənpərvər statusa görə, rəsmi dairələr onu Vətən xaini elan etdilər. Hakim YAP-ın ağır topu Siyavuş Novruzov isə onu… Zori Balayanla eyniləşdirdi. Daha aydın mənzərə yaransın deyə, Zori Balayanla, Arif Məmmədovun “statuslarını” yanaşı verməklə yazıma davam etmək istəyirəm. Balayandan başlayaq. 
 
Dinc Azərbaycan türklərinə qarşı edilən vəhşiliklərin baş ideoloqu Zori Balayan 1996-cı ildə yazdığı “Ruhumuzun dirilməsi” kitabında Xocalı körpələrinə edilən ağlasığmaz işgəncələri belə təsvir edir:
 
“Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən yeddi dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm (bu yırtıcı vətənində erməni ziyalılarının simvolu sayılır – X.Ə.), ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim… Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha üç türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim…”
 
Indi isə Arif Məmmədovun 19 may yanğınından sonra yazdığı o “başıbəlalı” “Facebook” statusuna bir daha nəzər salaq: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza, səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
 
Işin ən dəhşətli tərəfi ondan ibarətdir ki, Arif Məmmədovun məlum statusu ilə prezident Ilham Əliyevin yanğın komissiyasının iclasındakı çıxışı mahiyyət etibarı ilə bir-birindən, demək olar, fərqlənmir. Arif Məmmədov onun çıxışına yalnız “heç bir xalq haqsızlığa və biabırçılığa bu qədər dözməz” fikrini əlavə edib. Ilham Əliyev isə “bu qədər dözmək fikrim yoxdur” deyərək, onları xalqla yox, ənənəvi olaraq şəxsi personası ilə hədələyib. 
 
YAP-çı deputatın məntiqindən belə çıxmırmı ki, prezidenti xalq seçməyib? Sizi əmin edirəm ki, həmin statusa Ilham Əliyev haqqında xoş bir cümlə əlavə edilsəydi, hamı susacaqdı… 
 
…Ölkədə “prezident” çörəyi uğrunda amansız savaş gedir. Rahat kabinet, özəl (həm də gözəl) katibə, bahalı maşınlar, ev, villa və əlbəttə, hər gün rüşvət… 
 
Tək təsəlli bu savaşın iştirakçılarının çox az olmasıdır. Onların sayı bir neçə mini keçə, ya keçməyə…
Paralel olaraq, bir savaş da gedir, adi “zavod” çörəyi uğrunda…
Bu mücadilə yüzminlərin, milyonların savaşıdır…
Kədərlidir, deyilmi?.. 
 
ardı var