
Məşhur məşəlin Qəbələ səfəri ilə bağlı maraqlarımı təmin etmək üçün şəhərin mərkəzindəki “Ovçular” çayxanasından hadisə yerini müşahidə etməyə başladım. Insafla, çayxanada nə yer qalmışdı, nə də çay. Bununla belə çayçı məni arzuladığım tərəfdə yerləşdirib hardansa bir çaynik gətirdi. Stəkana limon salıb çayımı süzdü. Bu basabasda göstərdiyi anlayışa görə dil-ağız eləyəndə: “Siz işinizdə olun, problem yoxdu”,- dedi. Həmin o çökəkdəki çayxanada həmin saatlarda, ümumiyyətlə, problem olmurdu. O cümlədən o çayxanada oturub dünyanın gedişatını Qəbələnin əməkdar ağası Kəmaləddin Heydərova calaq edənlər üçün problem ən defisit şeydi. Problem bir azdan reallaşası məzhəkəyə tələsənlərin növündən asılı olaraq məndə və çözməyə çalışacağım mövzuda ola bilərdi. Ki, oldu da…
Ölkədə bölgələrin dəyəri onların “xozeyinlərinin” çəkisi ilə təyin edilir. Bu mizan-tərəzidə ağır gələnlər ilk baxışda bəxtəvər görünürlər. Hətta zəif bəndə düşənlər, məsələn, bizim Qəbələyə ürəkdolusu həsəd də aparırlar. Çünki, bizim “xozeyin”in yerdə hərəkət edən ağır-yüngül texnikasından savayı xeyli idarə helikopteri və şəxsi uçaqxanası var. Əslində idarənin adına olan fövqəladə helikopterlər də bu adama məxsus tikintilərə inşaat materialı daşıyır. Uçaqlar isə əsasən “şef”in xaricdən gələn qonaqlarını paytaxtdan özəl Qəbələyə daşımağa və “elitanın” müxtəlif niyyətli başmaq seyrlərini qanadlandırmağa xidmət edir. Kəsəsi, imperiyanın sərhəddi yoxdur. Bu üzdən hər hansı tədbirin Qəbələ variantı daha sənin üçün (özümü deyirəm!) tutaq ki, Oğuz və yaxud Zərdabla müqayisə oluna bilməz. O cümlədən də bu səyyar “məşəl bayramı”…
Hara gedirsən, ay adam?
Saat yeddiyə təyin edilmiş “məşəlgördü”yə bir saatdan da çox qalmış mənim “müşahidə məntəqəmin” qarşısından parka tərəf hərəkət başladı. Nəhəng səhnə, cürbəcür dekorasiyalarla əhatə olunmuş Heydər Əliyev parkı toy şənliyini xatırladırdı. Ora üz tutanları qıraqdan saf-çürük eləyə bilsəm də, özlərindən də nəsə eşitmək üçün qalxıb yola çıxdım. Ilk qarşıma çıxanlardan hara getdiklərini soruşanda sual o qədər qeyri-səmimi səsləndi ki, öz səsimdən səksənən kimi oldum. Ilk müsahibim bunu anlamazdan gəlib: “Vallah, dünəndən evdə ”Röyanın konsertinə gedək!", deyə məni “öldürürlər”. Gəlmişik, görək nə olur… Hə, deyəsən, məşəl də gətirəcəklər",- deyib çarəsizcə gülümsədi. Mən ortayaşlı kişiyə daha heç nə deməyib ikimizi də naqolay vəziyyətdən qurtardım. Qəribədir, bu münasibətlə yaxınlaşdığım hər kəs sanki məşələ görə gəldiyinə utanırmış kimi özünü təmizə çıxartmağa çalşırdı. Niyə görəsən? Məşəl ayıb bir şey idimi? Yox, əksinə. Od müqəddəs nemətdir. Amma yaxın günlərdə hakimiyyətin yuxarısında oturanların nəfsi ucbatından günahsız adamlar od-alov içində yanaraq və yaxud zəhərli tüstüdən boğularaq can vermişdi. Azyaşlı körpə mələklər də daxil… Bəlkə, adamlar xalq olaraq bunun fərqindəydilər, amma neyləyəsən ki, Röya da hər deyəndə ələ düşmür.
Məşəl tədbirinin ön cərgələrində yer alan peşəkar büdcəçilər və fəxri “Gilan”çılar bizim mövzumuza aid deyillər. Dahilərdən kimsə demişkən, “gücüm çatmayan şeylər məni narahat eləmir”. Məndən ötrü əsas olan bitərəf sadə əhali idi ki, ondan da payımı aldım. Amma həmin o bitərəf sadə əhali də həmin konsertdən payını layiqincə alaraq ev-eşiyinə əli ətəyindən uzun gedib. Çünki, iqtidar növbəti işlənmiş gedişlə bizimkiləri aldadıb. Yəni məşəl məzhəkəsi Röyasız gerçəkləşib. Əvəzində ulu öndərin parkında yerli manıslar özfəaliyyətlərini davam etdiriblər. Hətta bu halda belə çoxlu məcburi və könüllü şüvənpərstlər atəşfəşanlıq düzəldiblər. Tarixi anları əbədiləşdirmək üçün telefonlar havada oynayıb. Bir sözlə, Qəbələ ümumölkə məşəl yarışmasında planı artıqlaması ilə dolduran ənənəvi birincilərdən olub. Bu qədər bəsit yəni…
O gün çayxanadan başlanan tədbir təəssüratımı tamamlayıb evə qayıdanda parka tələsənlərdən biri təngnəfəs soruşmuşdu: “Siz bilən Röya gəlib?”. – Röya yox, məşəl gəlib deyəsən,- deməyimlə sanki yazığın dünyası qaraldı: “Xalqı daha bu qədər də aldatmaq olmaz! Bəs deyirdilər ki, Röya gələcək”.
Iqtidara qəzəblənmiş qaqaş düz deyirdi, çörək, iş, bərabərlik və sairə kimi mənasız həyat şərtlərinə baxanda xalqın məhz bu taleyüklü məsələdə aldadılması xüsusi qəddarlıqdır. Həm də dünyanın, əsas da Avropanın nəzəri Azərbaycanda olduğu vaxtda. Qəhr olsun, bu iqtidar! Yaşasın Röya və onun şou-biznes komandası! Ölümlər-itimlər və bunların birbaşa baiskarı ağır sosial-iqtisadi, maddi-mənəvi şərait xalqı tərpədə bilmir. Kim bilir, bəlkə bu şüarlar işə yaradı…
P.S.Burada Röya həqiqi sitatdır, amma onun yerinə istənilən “populyar” da ola bilərdi. Sadəcə o gün üçün Röya kartından istifadə olunmuşdu.