Hakimiyyət Aydın Doğanı niyə hədəf seçib?

Heydər Əliyevin səbrsizliklə gözlədiyi adam, Azərbyacanın düşməninə necə çevrildi?

 
Hakimiyyət tənqidçilərini “erməni” damğası ilə “salam”lamağa davam edir. Dünənə qədər hörmətli, möhtərəm, dəyərli olanlar belə, bu gün hakimiyyətin ünvanına xırda tənqid səsləndirən kimi “eməniyə” çevrilir. 
Son günlər hakimiyyət mətbuatı Türkiyə Doğan şirkətlər qrupunun prezidenti Aydın Doğanı hədəf seçib. Artıq bu adam haqqında mafioz, türk düşməni, erməni kimi kimi bənzətmələr işlədilir. “Yeni Azərbaycan” qəzeti isə xüsusilə bu məsələnin üzərinə yeriyib və Aydın Doğanın anti-Azərbaycan cəbhəsində yer aldığını, ermənilərə xidmət etdiyini tirajlayıb.
Bizim Aydın Doğanı müdafiə etmək fikrimiz yoxdu və belə bir öhdəliyimiz də yoxdur. Amma ortaya sual çıxır ki, bu adam ermənidirsə, anti-Azərbaycan cəbhəsində yer alıbsa, niyə başımıza çıxarmışdınız?
Qeyd edək ki, Aydın Doğan BDU-nun fəxri doktorudur. Bəli, Heydər Əliyevin, Ilham Əliyevin, Süleyman Dəmirəlin, Turqut Özalın və digərlərinin daşıdığı statusu, Aydın Doğan da daşıyır.
Onu da qeyd etmək lazımdır ki, mərhum prezident Heydər Əliyev Aydın Doğanla görüşü zamanı, bu adam haqqında müsbət fikirlər səsləndirmişdi. “Hörmətli dostum Aydın Doğan mən Sizi bir neçə dəfə Azərbaycana dəvət etmişdim. Imkanınız olmayıbdır. Amma indi imkan tapıb mənim bu dəvətimi yerinə yetirmək üçün Azərbaycana səfər etdiyinizə görə təşəkkür edirəm. Sizinlə bərabər Türkiyə mətbuatının görkəmli şəxsiyyətləri gəliblər. Indi demokratik ölkələrdə mətbuat çox böyük yer tutur. Mən bilirəm ki, mətbuatın görkəmli şəxsiyyətləri Türkiyədə nə qədər həm hörməti var, həm sözü var, həm də təsir imkanları var. Təbiidir ki, burada da ”Doğan Holdinq" qrupunun öz yeri var" – deyə Heydər Əliyev bildirir.
Göründüyü kimi Aydın Doğan Azərbaycanda kifayət qədər mötəbər şəxs kimi qəbul edilib. 
Təkrar edirik. Ermənipərəstin, anti-Azərbaycan cəbhəsində yer alan şəxs niyə bu qədər hörmətə sahib olub. BDU-nun fəxri doktoru seçiləndə, Heydər Əliyevlə görüşlər keçirəndə niyə susurduz?
Deməli, məsələnin səbəbi bu deyil. Aydın Doğanın hədəf seçilməsi hakimiyyətin şəxsi maraqları baxımından zəruri olub. Necə ki, Ayropa birliyindəki səfirimiz Arif Məmmədov  hakimiyyəti tənqid edən kimi “erməni” ittihamı ilə qarşılaşdı, eləcə də Aydın Doğan hakimiyyətin maraqlarına zidd addım atan kimi “qara siyahı”ya salındı.
Əsl səbəb isə budur ki, Beynəlxalq Jurnalist Araşdırmaları şəbəkəsində Aydın Doğanın rəhbərlik etdiyi “Hürriyyət” də yer alır. Bu şəbəkə isə Xədicə Ismayılın Azərbaycan hakimiyyəti haqqında korrupsiya araşdırmalarını davam etmək öhdəliyi götürüb. Daha dəqiq desək bu işi davam etdirmək qərarına gəliblər.  
Indi hökumətin narahatlığı da bununla bağlıdır. Əgər “Hürriyyət” qəzetində hakimiyyətin tərifi yer alsaydı, “Yeni Azərbaycan” qəzeti Aydın Doğan haqqında silsilə mədhiyyələr dərc edərdi. Hətta bu adam “Şərəf”ordeninə də layiq görülərdi.
Bəli, bu hakimiyyətin mahiyyəti bundan ibarətdir. Həqiqəti üzə çıxarmaq istəyənlərə, saxtakarlığı tənqid edənlərə qarşı dərhal ləkələmə kampaniyası başlayır. Indi də öz “ənənə”lərinə sadiq qalıblar və şəxsi maraqlara görə keçmiş dostlarını da “erməni”yə çeviriblər.
Təbii ki, bu təfəkkürlə irəli getmək mümkün deyil. Çünki, yerli və beynəlxalq ictimaiyyət hakimiyyətin “erməni” arqumentindən iyrənməyə başlayıb və bütün bu iyrəncliklərin çarəsizlikdən doğduğunu başa düşürlər.
Samir