Azərbaycan Beynəlxalq Bankının Azərbaycan iqtisadiyyatı üçün bir təhlükəyə çevrildiyi artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də vurğulanır. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Əl-Marzoqi bildirib ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın maliyyə sektoru üçün riskdir.
“Hökumət Azərbaycan Beynəlxlaq Bankının həcmini azaltmasa iqtisadiyyat üçün risk əmələ gətirəcəkdir”,- deyə missiyanın rəhbəri bildirib.
Onu da qeyd edək ki, Beynəlxalq Bankın ölkədəki kredit portfelinin 60-dan çoxuna nəzarət etməsinin, 2015-ci ildə verdiyi kreditlərin 42 faizinin ölkədəki 30 şirkətə ünvanlanmasının ciddi fəsadlara səbəb olacağı əvvəllərdə vurğulanıb.
Amma müvafiq strukturlar bu tənqidlərdən nəticə çıxarmamış, zamanında Beynəlxalq Bankın özələşdirməsi reallaşmamışdı. Ölkədəki 43 bankın dövriyyədəki kreditinin yarısından çoxunun yalnız bir banka sahib olması əvvəl-axır problemlər yaratmalı idi.
İqtisadçı Samir Əliyev bildirdi ki, Beynəlxalq Bankın özələşdirilməsi ilə bağlı neçə illərdir hökumətlə danışıqlar aparılsa da, bu bir nəticə vermir. Hökumətin hazırda Beynəlxalq Bankın maliyyə problemlərini həll etməklə məşğul olduğunu deyən S.Əliyev bildirdi ki, Beynəlxalq Bank bazarda böyük paya sahibdir. Amma rəsmi statistikada Beynəlxalq Bankın kredit portfelinin 40 faizinə sahib olduğu vurğulanır: “Istər depozitlər, istər kreditlər, istərsə də bazar aktivləri üzrə Beynəlxalq Bankın payı 40 faiz civarında dəyişir. Bu kifayət qədər yüksək göstəricidir. Bu o deməkdir ki, Beynəlxalq Bankla bağlı hər hansı bir problemin olması bankın müflisləşməsi kimi halların baş verə bilməsinə gətirib çıxara bilər. Beynəlxalq Bankın bu gün dövlət mülkiyyətində olması həm də ölkədəki rəqabət mühütünü pozur. Çünki bu bankın arxasında dövlət dayanır və bankın problemlərini dövlət həll edir. Eyni zamanda Beynəlxalq Bankın dövlət mülkiyyətində olması bu banka müəyyən üstünlüklər verir. Beynəlxalq Bank dövlət imtiyazlarından kifayət qədər istifadə edir”.
S.Əliyevin fikrincə, əgər bank sektorunda rəqabətin bərpa edilməsini, bankların xidmətlərə bərabər çıxışının təminatını istəyiriksə, o zaman Beynəlxalq Bankın özələşdirməsi həyata keçirilməlidir. Amma Beynəlxalq Bankın hazırkı vəziyyətdə özələşdirilməsinin problemlərinin olduğunu deyən ekspert qeyd etdi ki, özələşdirmədən bankın problemli kreditləri həll edilməlidir: “2015-ci ildə Beynəlxalq Bankın problemli kreditləri artıb. Təkcə Beynəlxalq Bankda problemli kreditlərin həcmi ölkə üzrə problemli kreditlərin həcmindən yüksəkdir. Başqa bank olsaydı çoxdan bağlanmışdı. Amma Beynəlxalq Bankın arxasında dövlət dayandığından o duruş gətirir”.
Xəyal


