"Hakimiyyətin ünvanına bizim dediklərimizi bu qəzet nəinki deyə, heç ağlından da keçirə bilməz"
Milli Şura sədri Cəmil Həsənli "Yeni Müsavat" qəzetində onun və rəhbərlik etdiyi təşkilatın ünvanına yazılmış bəzi ittihamlara facebook səhifəsində cavab verib. Cavabı olduğu kimi təqdim edirik:
Dəyərli dostlar! Dünənki sayında “Yeni Müsavat” qəzeti şəxsimizə və rəhbərlik etdiyimiz Milli Şuraya qarşı türklər demiş növbəti rəzalətini yapdı. Hakimiyyətin əlində başlıca media ruporuna çevrilmiş bu qəzet müxalifəti və rejimin təqiblərinə rəğmən cəmiyyətdə gedən proseslərə münasibətdə vətəndaş mövqeyini saxlamış insanları ləkələmək, onların arasına şübhə toxumu səpmək, süni ziddiyyətlər yaratmaq üçün bütün “yaradıcılıq” potensialını ortaya qoyur.
Qeyd edilən yazıda söhbət “Avropa oyunları və Bakı Avropa savaşı”nın pərdəarxası məqamlarından getsə də, qəzetin “analitik xidmətinin” adından təqdim edilən bu difirambda bizi də yaddan çıxarmayıblar. Son illərdə bir sıra hökumət qurumları ilə pərdəarxası oyunlara həvəs göstərən “Yeni Müsavat” Bakı Avropa savaşının pərdəarxası məqamlarında bizə də yer ayırır və Milli Şuranı “şok separat mövqedə” ittiham edir. Nədən ibarətdir bu "şok separat" mövqe? Müsavat partiyası siyasi məhbus məsələsinə görə Avropa oyunlarının açılış mərasimini boykota çağırıb, Milli Şura və AXCP bu çağırışda ona qoşulmayıb.
Əlbəttə, mən bizə dost olan AXCP-nin yerinə bir şey deyə bilmərəm, amma Milli Şura olaraq Birinci Avropa Oyunlarına münasibətdə bizim mövqeyimiz açıq və aydın olub, qurumun rəhbər heyətinin mətbuat çıxışlarında və qəbul edilmiş sənədlərdə öz əksini tapıb. Siyasi məhbus məsələsində hakimiyyətin bütün rəzaləti ifşa olunub. Halbuki, bizim bu müstəvidə dediklərimizi "Yeni Müsavat" nəinki deyə bilməz, heç ağlından da keçirə bilməz. Onları təzədən təkrarlamaq fikrində deyiləm. Amma doğrudan da biz bunu bir idman məsələsi hesab edərək, siyasətdən kənar olan minlərlə idmançının bu yarışlarda marağının olmasını nəzərə alaraq, idmanla siyasət arasında məsafə saxlamağın vacibliyini üstün tutaraq boykot çağrışında bulunmadıq. Əgər Müsavat partiyası belə bir addım atıbsa və öz addımında israrlıdırsa, biz ona uğurlar diləyirik, lakin onun etdiyini təkrarlamağa da borclu deyilik.
Siyasi məhbus məsələsinə gəldikdə, əlimizdən gələni edirik və bunu vicdan borcumuz bilirik. “Analitik yazı” müəllifləri Milli Şuranın boykot çağrışlarına qoşulmamasının asan izahını tapıb və sən demə, bütün bunlar mənim guya hökumətin hansısa bir qanadı ilə “dərin və separat” əlaqələrimlə bağlıdır. “Yeni Müsavat”dan fərqli olaraq bizim bütün əlaqələrimiz açıq və şəffafdır, fikrimizi aydın ifadə edir, tənqid ünvanını dəqiq göstəririk. Mövqeyimiz qərəzli deyil, fəaliyyətimizin çıxış nöqtəsini millətimizin haqqı və hüququ təşkil edir. Ünvanı bəlli olmayan “Analitik xidmət”in yazısında heç bir ədəb qaydalarına məhəl qoymadan qeyd edilir ki, “qırğı sədr” Əli Kərimli bu məsələdə ona təzyiq edən silahdaşlarına deyib: “Ürəyimizə daş basıb, dözməliyik, boykot çağırışı etməməliyik. Bu qoca ….n istefası ilə hədələyərək, israr etdi, mən də razılaşdım, başqa yolum qalmadı…”.
Əlbəttə, biz yaxşı bilirik ki, “Yeni Müsavat” Milli Şura ilə AXCP, Əli Kərimli ilə mənim münasibətlərimə şübhə toxumu səpmək üçün əlaqədə olduğu hakimiyyət dairələrindən birbaşa təlimat alıb. Xüsusilə, cəmiyyətdə dolanan söz-söhbətə görə Beytül-Həqq ziyarətindən sonra qəzet şefinin dinə meyllənməsi və DİN-ə tapınması belə təlimatlara bilavasitə əməli xarakter verməyə başlamışdır. Belə ucuz cəhdlər mənasızdır, mən Əli Kərimlini hələ tələbəlik illərindən yaxşı tanıyıram, onun hansı tərbiyə və hansı mübarizə əzminə malik olduğuna dərindən bələdəm. Qəzetin təqdim etdiyi belə jarqon ifadələr onun dəsti xətti deyil, “Yeni Müsavat”a təlimat (həm də yalnız təlimat deyil) verən dairələrin dəsti xəttidir. Biz belə şeylərə əhəmiyyət vermirik, ən azı ona görə ki, “Yeni Müsavat”ı yönədənlərin bir vaxtlar elan etdikləri prinsiplərə necə dönük çıxdıqları gözümüzün qarşısında baş verib.
Qəzetin eyham vurduğu qocalığa gəldikdə isə yaşın gətirdiyi qocalıq, Allahın lütfü ilə gələn ixtiyarlıq onu yaşamağı bacaranlar üçün həm də bir bəxtiyarlıqdır. Bu yaxınlarda sevdiyim şair Məmməd İsmayılın “Azadlıq” qəzetində həyat fəlsəfəsi ilə cilalanmış silsilə müsahibəsini oxudum. İbrətamiz fikirləri var, həm də yaşın ixtiyar çağı ilə bağlı. 75-i arxada qoyan şair neçə il yaşamağın deyil, necə yaşamağın mühüm olduğunu öz həyat həqiqətləri ilə ortaya qoydu. Amma 25 yaşlı cavanlar var ki, cəmiyyət üçün gərəkli olan ideallara dönük çıxmaqla, namuslu adamları ləkələməklə, bir vaxtlar mənsub olduğu düşərgəni diskriditasiya etməklə beli bükülüb, “dəliqanlı” yaşında qocalıb, natəmiz əməllərin toplusu kimi yumağa dönüb. Allah cavanlarımızı bu cür yaşam tərzindən saxlasın, hətta bütün bunların müqabilində 60-dan çox ailəyə iş, çörək, dolanışıq imkanları vermiş olsalar belə!