Diktatura rejimlərinin əsas qənimi gəlir

“Çamadanda İnternet” müxalifətçilərin yazışmalarını izləmək imkanını sıfıra endirir

Saşa Meynras: “Hansı diktator bu layihəyə qarşı çıxsa, Amerikanın onunla münasibətləri pis olacaq”

Rusiya, İranın rəsmi şəxslərinin ardınca bəzi diktaror rejimlər Amerikanın “Çamadanda İnternet” layihəsindən narahatlığını bildirib. Layihə avtoritar ölkələrdə portativ İnternetin və telekommunikasiya sisteminin yerləşdirilməsini nəzərdə tutur. Sistemin mahiyyəti ondan ibarətdir ki, o, adamlara onların yazışmalarının və ünsiyyətinin hakimiyyət tərəfindən izlənməsi riski olmadan şəbəkədə ünsiyyət qurmaq imkanı verəcək. Portativ İnternet kompakt avadanlıqdır, onun ölkənin özündə yerləşdirilməsi vacib deyil, lakin bu dövlətin bütün əhalisinin İnternet əldə etməsinə imkan verir. Layihəni hazırlayan və iyunun 30-da işə salan Açıq Texnologiyalar İnstitutunun direktoru Saşa Meynras “Turan”ın
müxbirinə müsahibəsində layihə haqqında danışıb.

– Yeni İnternet-texnologiya hansı imkanları təqdim edir?
– Bu texnologiya böyük imkanlara malikdir. Bura ümumiyyətlə rabitənin olmadığı regionlarda az ödənişli rabitə, təbii fəlakətlərdən sonra hətta bütün rabitə növləri ilə əlaqənin kəsildiyi halda operativ rabitə əldə etmək imkanları daxildir.

ABŞ hökuməti bu texnologiyalarla necə davranacaq-pulsuz verəcək yoxsa satacaq? Lazımsız adamın əlinə düşməməsi üçün texnologiyanın kimə verilməsi məsələsi necə həll olunacaq?
– İstifadə etdiyimiz proqramlar azad daxilolmada da məhşurdur. Açıq resurs olmaqla biz onu hamı üçün əlçatan edirik. İstənilən güclü alət kimi müəyyən adamlar ondan cinayətkar məqsədlərlə istifadə edə bilər. Lakin istənilən halda, cəmiyyətə ümumi təsir müsbət olacaq və əsas insan hüquqları, həmçinin onların qorunması gücləndiriləcək.

– Başqa ölkələrdə analoci layihələr həyata keçirilir?
– Bu, beynəlxalq layihədir. Bura bütün dünyadan əməkdaşlar cəlb olunub. Qismən maliyyələşdirmə ABŞ hökumətindən
daxil olub, işin bir hissəsi isə ayrı-ayrı ölkələr ilə əməkdaşlığın nəticəsidir.

– Bu texnologiya dissidentlərin repressiv hökumətlərdən xilas olmasına imkan verəcək, yoxsa onlar indi də
ABŞ-ın nəzarətində olacaq?
– Bu texnologiyalar elə yaradılıb ki, orada hər hansı hökumət tərəfindən mərkəzi nəzarət yoxdur. Məhz buna görə
də bütün proqramlara ümumi giriş var və açıqdır.

– Bu layihə ABŞ-ın digər ölkələrlə, ilk növbədə diktator rejimlər ilə münasibətinə necə təsir göstərəcək?
– ABŞ dövlət katibi Hillari Klinton açıq şəkildə bildirib ki, ABŞ insanların ünsiyyət hüququnu dəstəkləyir. Bu texnologiyanın ABŞ-ın xarici tərəfdaşları ilə münasibətinə necə təsir göstərəcəyimi söyləmək çətindir. Belə ki, bu, tərəfdaş ölkələrin necə cavab vermək istəməsindən asılı olacaq. Güman edirəm ki, əgər belə ölkələr bizim texnologiyalardan istifadə edərsə, münasibətlər yaxşılaşa bilər. Lakin əgər diktatorlar onları sındırmaq və ya nəzarətə götürməyə cəhd göstərərsə, bu ölkələrlə münasibətlər korlana bilər.