“2 aprel məhbusları”nın istintaqı hansı səbəbdən dalana dirənib?
Siyasi məhbusların vəziyyətin və onların müdafiəsinin təşkililə bağlı İctimai Palatanın Hüquq Komissiyası dünən Müsavat Partiyasının qərargahında dəyirmi masa keçirdi.
“Azadlıq!” şüarında cinayət elementləri…
Dəyirmi masaya İctimai Palata üzvləri, hüquq müdafiəçiləri, vəkillər və media nümayəndələri qatılmışdılar. İctimai Palatanın hüquq komissiyasının rəhbəri Vidadi Mirkamal əvvəlcə 2 aprel aksiyasında həbs olunanlar barədə məlumat verdi. Bildirdi ki, həmin mintinqlə əlaqədar həbs olunanlardan 6-nın işi üzrə ibtidai istintaq yekunlaşıb, 4-nün istintaqı yekunlaşmaq üzrədir, digər 4 nəfərlə bağlı isə hələlik xəbər yoxdur.
“2 aprel məhbusları”nın işini araşdırmaq üçün 30 nəfərdən ibarət istintaq qrupunun yaradıldığını deyən V.Mirkamal sözügedən qrupda təmsil olunanların halına acıdığını dedi. Onun sözlərinə görə, cinayət işi başlansa da, cinayəti sübut edən heç bir material, dəlil yoxdur: “Həbs olunan şəxslərlə bağlı ən çox hallanan fakt onların “Azadlıq!”, “İstefa!” şüarları qışqırmasıdır. Azərbaycanın Cinayət Məcəlləsində də bu şüarları qışqırmağa görə heç bir məsuliyyət nəzərdə tutulmayıb”.
Polisi döyən kim olub?
İctimai Palata üzvlərinin barəsində başlanan cinayət işini absurd, hüquqi nihilizmin göstəricisi adlandıran hüquqşünas dedi ki, sözügedən cinayət işi siyasi sifarişin nəticəsi olduğundan istintaq özünü hüquqi dalana dirəyib.
“Bu dalana hüquqları tapdalayaraq girdikləri kimi, tapdalayaraq da çıxmalıdırlar. Hakimiyyət bilir ki, məhkəmədə rüsvay olacaq. Ona görə də istintaqın tez yekunlaşdırılmasında maraqlı deyil”, – deyə Vidadi Mirkamal vurğulayıb.
Vidadi Mirkamal çıxışı zamanı bir maraqlı faktı da açıqladı. O bildirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi 2 aprel mitinqi zamanı 40-dək polisə az ağır dərəcəli xəsarət yetirildiyini desə də, həbs olunanların heç birinə polisə xəsarət yetirməyə görə ittiham irəli sürülməyib.
İctimai Palata ictimaiyyətdən dəstək gözləyir
Müdafiə prosesindəki problemlərdən söz açan Vidadi Mirkamal maddi baxımdan çətinliklər olduğunu bildirdi. O, siyasi partiyaların məhbuslara bugünədək lazımi maddi dəstək verdiyini, lakin bu resurusun artıq kifayət etmədiyini vurğulayaraq, cəmiyyətdən dəstək umduqlarını söylədi. V.Mirkamal “2 aprel məhbusları”nın özlərinə, ailələrinə və vəkillərinə yardım məqsədilə, bank hesabı yaradıldığını da elan etdi: “Bu bank hesabını cəmiyyətin müxtəlif təbəqələrilə tanış edib, yardım göstərilməsinə nail olmalıyıq. Bəri başdan bildiririk ki, vəsaitlərin xərclənməsi şəffaf olacaq, orada yardım edənlərin gizliliyi isə qorunacaq”.
İctimai Palatanın Siyasi Məhbuslara Yardım Fondu
Access Bank
Müştərinin kodu 030 000002474
Hesab nömrəsi 001030241000029663 AZN
001030242000021367 USD
001030243000003661 EUR
Müdafiə yox, hücum
Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin üzvü Vaqif Hacıbəyli “2 aprel məhbusları” ilə bağlı görülən təqdirəlayiq işləri çıxışında qeyd etdi. Misal kimi, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində siyasi məhbusların intensiv xatırlanmasını, onlar haqda reportajlar yazılması, İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlının təşkilatçılığı ilə məhbus ailələrinə olan səfərləri göstərdi. V.Hacıbəyli bildirdi ki, 2 aprel mitinqinə görə həbs olunanlarla bağlı qətiyyən müdafiə taktikası seçilməməlidir, əksinə, hücum xətti götürülməlidir: “Biz bütün gücümüzü ictimai rəyi bu qanunsuz cinayət işini başlayanlara qarşı səfərbər etməliyik”.
Hüquq müdafiəçilərindən sensasion açıqlama
İctimai Palatanın üzvü Soltan Həmid Həmidov da çıxışında mitinq məhbuslarının müdafiəsilə bağlı güclü təbliğat işi qurulmasının vacibliyinə toxundu. O, həbs olunanların heç bir cinayət törətmədiyini, baş verənlərə görə bütün məsuliyyətin siyasi hakimiyyətin, Bakı şəhər İcra Hakimiyyətinin üzərində qaldığını vurğuladı.
Dəyirmi Masada çıxış edən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı “2 aprel dustaqları”nın azad edilməsi üçün gördükləri iş barədə məlumat verdilər. Bildirdilər ki, həm hökumət nümayəndələri, həm də Avropa Şurası rəsmilərilə siyasi məhbusların azad olunmasına dair söhbətlər ediblər. Novella Cəfəroğlu Avropa Şurasında keçirdikləri görüşlərə istinad edərək, əhəmiyyətli bir məlumat verdi. Dedi ki, dekabradək Azərbaycanda Qarabağ münaqişəsi istisna olmaqla, digər bütün problemlər – siyasi məhbusların azadlığa buraxılmasından tutmuş, söz və toplaşmaq azadlığının təmin olunmasına qədər müxtəlif məsələlər öz həllini tapacaq.
Hüquq müdafiəçiləri yaxın günlərdə Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılan siyasi məhbuslara baş çəkəcəklərini də dedilər.
Təkliflər
İctimai Palata üzvləri Arzu Səmədbəyli, İradə Əliyeva, İbrahim İbrahimli, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu qarşıdan gələn məhkəmə proseslərində siyasi məhbuslara dəstəyin formaları barədə təkliflərlə çıxış etdilər. Bildirildi ki, məhkəmə iclasları arası dövrdə müxtəlif tədbirlər keçirməklə, məhkəmələr önündə fəal və çoxsaylı müşahidəçiləri, tərəfdarları toplamaqla mənəvi dəstək gücləndirilməlidir.
“Biz daxili təzyiqləri artırmaqla bu həbslərin əks effektini yaratmalıyıq. Hakimiyyətə göstərməliyik ki, dostlarımızı həbs etməklə mübarizəni səngidə, silahdaşlarımızı tək qoya bilmək onlara müəssər olmayacaq. Biz siyasi məhbuslar barədə müxtəlif tanıtım büroşurları, fotolar hazırlayıb şəhərdə yaymalıyıq”, – deyə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.
Müsavat başqanının müavini Tofiq Yaqublu yada salıb ki, növbəti il Azərbaycanda “Eurovision” mahnı yarışması keçiriləcək: “Bu yarışmanın ruhu azadlıq, qardaşlıq, demokratiya ilə bağlıdır. Biz də bu prinsiplərə istinad edərək Avropa Yayım Birliyinə ardıcıl müraciətlər yollayıb, ölkəmizdəki siyasi vəziyyətin acınacaqlı olduğunu, azadlıq uğrunda mübarizə aparanların məhbəsə atıldığını onlara çatdırmalıyıq”.
Dəyirmi masa iştirakçılarından Məşədi Vaqif Pənahov, Arifə Kazımova, Nurəddin Məmmədli məhbus ailələri üçün yaradılan fond barədə fikirlərini bildirdilər və təklif etdilər ki, gələcəkdə İctimai Palata üzvlərindən üzvlük haqqını da bu fondda cəmləmək olar. Məhbsuların müdafiəsi üçün imza toplamaq təklifilə çıxış edən İctimai Palata üzvü Təhməz Təhməz dedi ki, bu kampaniya həm də ictimai fəallığa səbəb ola bilər.
Əli Kərimli: “Hökumət sevinməsin…”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də dəyirmi masada çıxış etdi. O, məhbuslarla bağlı görülən işlərə görə hüquq komissiyasına təşəkkür etdi və məlumat verdi ki, 2 aprel mitintiqə görə həbslərin qondarma və əsassız olduğunu sübut edən bir sıra mühüm sənədlər tərcümə edilərək beynəlxalq təşkilatlara göndərilib. Lakin bu işi hələlik qaneedici saymayan Əli Kərimli xüsusən sosial şəbəkələrdə və ingilisdilli cəmiyyət arasında sistemli fəaliyyət göstərilməsinin önəmini vurğuladı. Dedi ki, müxtəlif beynəlxalq media qurumları ilə əlaqə yaradılmalı, onlara ölkədəki vəziyyət birbaşa çatdırılmalıdır. Məhbusların müdafiəsi məqsədilə aksiyaların keçirilib-keçirilməməsi polemikasına toxunan Əli Kərimli bu barədə İctimai Palatanın aydın mövqeyi olduğunu da yada saldı. AXCP sədri dedi ki, İctimai Palatanın aksiyaları guya, payıza qədər təxirə salması haqda deyilənlər doğru xəbər deyil. Odur ki, hökumət də bu yanlış xəbəri eşidib nahaq yerə sevincək olmasın: “Biz növbəti aksiyanın sadəcə, vaxtını göstərməmişik. Bu aksiya lap gələn həftə də ola bilər. Aksiyalar Azərbaycanda avtoritar rejim ləğv olunanadək davam edəcək. Biz bu işə kampaniya kimi baxmamışıq. Sadəcə, istəyirik ki, İctimai Palatanın keçirdiyi aksiya hadisə olsun, Azərbaycanın ictimai fikrinə təsir göstərəcək, hakimiyyəti təlaşa salacaq gücdə olsun”.
Sonda dəyirmi masa iştirakçıları adından bəyanat qəbul edildi.
Natiq


