
Oyunlar ərəfəsində Avropa və ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçiriləcək; Londonda isə aksiya gözlənilir
Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiqlər güclənməkdədir. Hakimiyyətin özünə demokratik imic qazandırmaq məqsədilə keçirdiyi Avropa Oyunlarından da gözlənilən nəticə əldə olunmur. Əksinə istər bu oyunlar ərəfəsində, istərsə də oyunların getdiyi müddətdə Azərbaycandakı insan haqları və demokratiya ilə bağlı ciddi beynəlxalq müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Məsələn, Bakıda keçiriləcək Avropa Oyunlarının başlanmasına bir neçə gün qalmış BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Vilfrid Lemke hələ də Azərbaycanda vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. “Azərbaycanda şübhəsiz ki, diktatura hökm sürür. Bununla belə, ümid edirəm ki, bu idman yarışı vasitəsilə dəyişiklik etmək şansı var. Mən hesab edirəm ki, proseslərə tənqidi baxımdan yanaşmaq mətbuatın hüququdur. Bakıda Avropa Oyunlarının açılış günündə Almaniya Bundestaqı Azərbaycanda insan hüquq və azadlıqlarının durumu ilə bağlı məsələyə baxacaq. Hələ aprelin sonlarında Bundestaqın Yaşıllar fraksiyası Almaniya hökumətinə Azərbaycandakı repressiyalarla bağlı sorğu təqdim edib”, – deyə Vilfrid Lemke Almaniyanın “Di Velt” qəzetinə açıqlamasında bildirib.
“Avropa Azərbaycandakı insan haqlarını müzakirə edəcək”
Bundan başqa iyunun 10-da Brüsseldə “Idman və insan haqları – Bakıda keçiriləcək Avropa Oyunları kontekstində” mövzusunda dinləmələr keçiriləcək. Avropa Parlamenti Bakıdakı Oyunlara görə Avropa Birliyi Şurasına və ali komissara çağırış edib.
Azərbaycanı daha bir mühüm müzakirə Avropa Şurasının bu ay keçiriləcək yay sessiyasında gözləyir. Azərbaycanla bağlı kifayət qədər sərt sənəd qəbul edən AŞ PA da insan haqları, demokratiya, siyasi məhbus problemlərinə diqqət çəkib.
Vaşinqtonda dinləmələr
Müzakirələrin siyahısına Vaşinqtonda keçiriləcək müzakirələri də əlavə etmək yerinə düşər. Iyunun 10-da Vaşınqtonda Azərbaycandakı vəziyyətlə bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsi və son bir il ərzində ölkədə aparılan repressiya siyasəti müzakirə olunacaq. Məlumatda bildirilir ki, Azərbaycan hazırda söz, ifadə, mətbuat azadlığının ən çox məhdudlaşdırıldığı və müxalif düşüncəli insanların amansız repressiyalara məruz qoyulduğu ölkələrdən biridir. Hakimiyyətin apardığı repressiya siyasəti nəticəsində ölkədə 100-ə yaxın siyasi məhbus var.
“Avropa Oyunları başlayan gün Londonda etiraz aksiyası”

Onu da qeyd edək ki, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin ifşa edilməsi istiqamətində daha bir mühüm addım Avropa Oyunlarının start götürdüyü gün də baş verəcək. Tanınmış “Platform London” beynəlxalq insan hüquqları təşkilatı iyunun 12-də Londonda “bp” şirkətinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək. Artıq təşkilat rəsmi internet səhifəsində bununla bağlı çağırış edib. Aksiyanın Azərbaycandakı siyasi məhbus probleminin, insan haqlarının pozulmasının qabardılması və hakimiyyətin yürütdüyü siyasətə qarşı mübarizə aparanlarla həmrəylik göstərilməsi məqsədi daşıdığı bildirilir.
Göründüyü kimi Azərbaycandakı vəziyyət beynəlxalq aləmdə ciddi müzakirə olunmaqdadır. Bəs müzakirələrin belə intensiv xarakter alması, hakimiyyətə müxtəlif mesajların çatdırılması nə anlam daşıyır və iqtidara nə vəd edir?
Repressiv siyasət sanksiyaları gündəmə gətirir
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, baş verənlər onu göstərir ki, Azərbaycan hakimiyyəti yürütdüyü irticaçı siyasət üzündən özünü beynəlxalq aləmdən təcrid vəziyyətinə salır. Hakimiyyətin yürütdüyü siyasətin sivil dünya ilə Azərbaycan arasında qarşıdurmanın yaranmasına səbəb olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, indiyə qədər bu ayrı-ayrı ölkələrin qərəzli münasibəti kimi təqdim olunmağa çalışılırdı. Amma artıq bəllidir ki, Azərbaycan demokratik Qərblə qarşıdurma səviyyəsindədir: “Münasibətlərin gərginliyi təkcə ABŞ-la bağlı olan məsələ deyil. Azərbaycanın eyni zamanda Avropanın öndə gedən dövlətləri ilə də münasibətlərində gərginlik var. Bütün bunlar Azərbaycan hakimiyyətinin insan haqlarını pozmasının, demokratik dəyərlərə saymazyana münasibətinin nəticəsidir. Avropa Oyunları ərəfəsində hakimiyyətin belə bir imkanı var idi ki, siyasi məhbus probleminin həlli istiqamətində addımlar atsın. Bununla da hakimiyyətə qarşı getdikcə sərtləşən münasibət yumşalsın. Amma gördüyünüz kimi beynəlxal ictimaiyyətin Avropa Oyunları ərəfəsində səsləndirdiyi tələblərin nəzərə alınmaması, əksinə irtica siyasətinin bir qədər də gücləndirilməsi münasibətləri daha kəskin qarşıdurma müstəvisinə çıxarır”.
Avropa Oyunları ərəfəsində başlanan bu siyasətin oyunlar zamanı da daha geniş miqyasda davam edəcəyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan hakimiyyətinin repressiv siyasətinə qarşı beynəlxalq birlik koordinasiya olunmuş fəaliyyət göstərir. Beynəlxalq qurumların artıq hakimiyyətin yürütdüyü siyasətlə bağlı öz mövqelərini ortaya qoyduğunu söyləyən F.Qəhrəmanlı qeyd etdi ki, bu məsələ yalnız büynəlxalq təşkilatlarla, xarici dövlətlərlə məhdudlaşmır. AXCP yetkilisinin sözlərinə görə, baş verənlərlə bağlı beynəlxalq medianın da xüsusi fəallığı hiss olunur: “Bu o deməkdir ki, hakimiyyətin Avropa Oyunlarından götürmək istədiyi dvident əks nəticə verib. Avropa Parlamentinin rəsmi saytında artıq belə bir fikir səslənib ki, avtoritar recimlər idman oyunlarından özlərinin təbliği üçün dvident götürməyə çalışırlar. Amma əks proses baş verdi. Hakimiyyət tamamilə ifşa olundu, beynəlxalq səviyyədə manevr, hakimiyyətin xeyrinə lobbiçilik imkanları aradan qalxdı. Sanki hakimiyyət məqsədli şəkildə özünü təcrid vəziyyətinə saldı”.
Bütün beynəlxalq qurumların Azərbaycan hakimiyyətindən insan haqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, özünə qarşı belə bir kampaniyanı yaratmaq heç bir məntiqə sığmır. “Aydın görünür ki, hakimiyyətin heç bir siyasi planlaşdırması yoxdur. Sadəcə olaraq nefti satıb ondan gələn pulları xərcləmək hesabına bu günə kimi hakimiyyəti əllərində saxlamağa müvafiq olmuşdularsa real hesablamalar, siyasi ağıl tələb olunduğu mərhələdə bunlar nə qədər aciz olduqlarını, məsələyə feodal təfəkkürlə yanaşdıqlarını göstərirlər. Bu gedişlə Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqi real ola bilər. Əgər indiyə qədər Azərbayacana qarşı sanksiyaların tətbiqi müzakirə olunurdusa, indi artıq sanksiyaların tətbiqi üçün tam legetim əsas yaranıb. Hakimiyyətin atdığı addımlar bu şəraiti yaradıb. Hakimiyyət yaranmış vəziyyətdə mütləq insan hüquqları ilə bağlı geri çəkilməlidir. Bu addımlar atılmazsa hakimiyyətə qarşı təzyiqlərin artması, sanksiyaların tətbiqi qaçılmaz olacaq”, – deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal



