…Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır
“Məncə, Çörçill deyib ki, siyasət – güzəşt deməkdir. Qarabağ məsələsinin həllində də güzəşt olmalıdır. Ermənilər o fikirdədirlər ki, onlar Qarabağda çoxdurlar, yaşayıblar, yaşayırlar və bunlar bu torpaqlarda öz qanunları ilə yaşamaq istəyirlər. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanıb ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi yox, bir az fəlsəfi tərəfdən baxsan, bu mövqelərin hər ikisində müəyyən qədər ədalətli məqamlar var. Heç kim haray-həşir salmasın ki, Əkrəm Əylisli deyir gedin torpaqları verin. Mən deyirəm ki, bu məsələnin həlli üçün hökmən güzəşt lazım olacaq”.
Xalq yazıçısı Əkrəm Əylisli bu fikirləri “Azadlıq” radiosunun “Pen klub” verilişində səsləndirib. Yazıçı bildirib: “Bilmirəm onlar nədə, biz nədə güzəştə getməliyik. Amma bizim siyasətdə bir şey var, onu demək istəyirəm. Bilirsiniz, siyasət ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqları bir-birinə düşmən eləməyə yönələ bilməz. Bizdə imkan yaradırlar hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzına gələni danışır. Xalqları bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir”.
Əkrəm Əylisli “Sarı gəlin” mahnısı üstündə mübahisələri də anlamadığını deyib. Onun sözlərinə görə, bəziləri bu mövzudan istifadə edib insanları aşağı səviyyəli mübahisələrə sövq edir, onların başını qatırlar. Yazıçı deyib ki, azərbaycanlılarda türklük mentalitetindən başqa, həm də başqa türk xalqlarından fərqli olaraq Qafqaz mentaliteti var: “Bizim toylarda çalınan bəzi mahnıları Anadoluda toyda çalın, görün kimsə oynayarmı?”.
Yazıçının bildirdiyinə görə, Qafqaz xalqlarını birləşdirən ortaq dəyərlər var, bunları mübahisə predmetinə çevirmək olmaz: “Ümumiyyətlə, mahnı onu oxuyanındır”.
“Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə bir yazı yazıb”
Ədəbiyyatın problemlərindən danışan Əkrəm Əylisli deyib ki, bu sahədə vəzifəpərəstlik baş alıb gedir: “Məsələn, Fikrət Qocanın üstünə düşmüşdülər ki, sən bu mitinqlərin əleyhinə məqalə yazmısan. Mən o məqaləni oxumamışdım. Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə bir yazı yazıb (Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir – red.). Onun öz fikri deyil o. Yəni, o fikrində hökmən təmənna var. Əgər bir adam bir yerdə 20 il oturubsa, artıq qocalıb əldən düşəndən sonra bir az da oturmaq üçün belə bir şeyə gedirsə, vəzifə artıq fəlakətə çevrilib Azərbaycan üçün”.
Əkrəm Əylisli bu il Milli Kitab Mükafatı müsabiqəsində yazıçı Pərviz Cəbrayılın qalib gəlməsini müsbət dəyərləndirib. Mükafata layiq görülən “Yad dildə” romanını oxumasa da, Pərviz Cəbrayılın əvvəlki romanı ilə tanış olduğunu, onun haqqında istedadlı adam təsəvvürü yarandığını deyən Əkrəm Əylisli mükafatın Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən heç birinə çatmamasına diqqət çəkib.ÿ Əkrəm Əylislinin fikrincə, Pərviz Cəbrayıl azad adamdır: “Mənim üçün Pərviz kimi azad adamlar Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır”.
Əkrəm Əylisli Pərviz Cəbrayıla səs verən münsiflərdə təmənna hiss etmədiyini deyib: “Pərviz onlara qonaqlıq verəsi deyildi ki…”.
Ərəb ölkələrindəki inqilablara toxunan Əkrəm Əylisli bu ölkələrdə inqilab romantikası axtaranlarla razılaşmadığını söyləyib. “Qəzzafi nə yuvanın quşudur – o ayrı məsələ. Amma ay nə bilim, Qəzzafi gedəcək, onun yerinə gələnlər elə bir şərait yaradacaq ki, demokratiya çiçəklənəcək – mən buna inana bilmirəm”.
Yazıçı vurğulayıb: “Mən bunda romantikanı dərk edə bilmirəm. Bu fəlakətdir, çoxlu insan qırılır. Uşaqlar, qocalar məhv olur. Bəlkə on illər lazım olacaq ki, o ölkə özünə gəlsin. Insan taleyi mənim üçün hər şeydən qiymətlidir”.
“Mediaforum”


