Bələdiyyə sədrinin başını kəsdilər

Saray qəsəbsində dəhşətli qətlin təfərrüatları

Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, iyunun 8-nə keçən gecə Saray ərazisindəki fərdi yaşayış evində qəsəbə bələdiyyəsinin sədri Həsənova Vəsilə Arif qızı və həyat yoldaşı Vəfadar Həsənov qətlə yetirilib.
Xeberle.com-un məlumatına görə isə Vəsilə Həsənovanın başı kəsilib, həyat yoldaşı isə güllələnib. Üstəlik, izi itirmək məqsədilə ev yandırılıb.
APA-nın məlumatına görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb. Bəzi məlumatlara görə isə o özü polisə təslim olub.
Onunla bağlı bəzi məqamlar da məlum olub. Lent.az-ın məlumatına görə, 35 yaşlı Fədai Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan Fədai Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, Vəsilə Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.
O da bildirilir ki, Fədai Hüseynov ər və arvadını uşaqların gözü qarşısında qətlə yetirib.
Hazırda qətlin səbəbləri və cinayət əməlində başqa şəxs və ya şəxslərin iştirak edib-etməməsi araşdırılır.
Bəzi məlumatlara görə, Fədai Hüseynovla Həsənovlar arasında mübahisənin kökündə torpaq məsələsi dayanır. Bəzi məlumatlara görə, Fədai Hüseynov Abşeron Rayon Icra Hakimiyyətində çalışan məsul şəxslərdən birinin qardaşıdır. Hələlik bəzi dəqiqləşdirmələr apardığımızdan həmin şəxsin adını açıqlamırıq.