Fövqəlnazirliyin analoqsuz lisenziyası…

Tikinti şirkətlərini müflis edən sənəd

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” prezident fərmanında nəzərdə tutulmuş 54 fəaliyyətə lisenziyanın 15-ni Fövqəladə Hallar Nazirliyi verir. Niyə? Bu suala cavab tapmaqda çoxları çətinlik çəkir. Bir çoxları düşünür ki, tikintinin bu nazirliyə dəxli olmamalıdır. Funksiyası başqa olduğuna görə. Amma iş təkcə funksiyayla bitmir…

Nazirliyin saytında bu qurum haqqında ümumi məlumat verilib:

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır”.Hər şey dəqiq yazılıb. Əsas iş təhlükəsizliyin təmin olunması, əhalinin təhlükəsizliyinin qorunması, təhlükəli vəziyyətə düşənlərin xilas edilməsidir. Amma ötən ilin Kür daşqınlarından sonra fəlakətin nəticələrinin aradan qaldırılmasıyla bağlı verilən sərəncamla bu nazirliyə 300 milyon manat pul ayrıldı ki, FHN həm adamlara kompensasiya versin, həm evlərini tiksin, təmir etsin, həm də ola biləcək daşqınların qarşısını alsın. Nazirliyə dəxli olmayan işlərin bu quruma tapşırılması ilk belə hal deyil. Ölkə rəhbərliyi səviyyəsində qanunlar pozulur. Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başına qoyulur, nəticədə Əli aşından da oluruq, Vəli aşından da. Sabirabad sakinləri bu gün də kompensasiya ala bilmədiklərindən şikayətçidirlər…

Nazirliyin səlahiyyətləri, göründüyü kimi, çox genişdir. Hətta anormal səviyyədə geniş. Bir qurum həm tikir, həm də tikdiyinin təhlükəsizliyini yoxlayır. Eyni qurumun həm tikməsi, həm də tikdiyinin təhlükəsizliyini yoxlaması yəqin yalnız bizdədir. Qonşu ölkələrdə tikinti işinə Dövlət Tikinti və Arxitektura Komitəsi (müxtəlif ölkələrdə adlar fərqli olsa da funksiya eynidir) cavabdehdir. Təhlükəsizliyi başqa qurum yoxlayır. Bizdə prezidentin 28 fevral 2006-cı il tarixli sərəncamıyla Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edildi. Yeni qurum Dövlət Şəhərsalma və Arxitektura Komitəsi adlandırıldı. Köhnə komitənin bir çox qurumları və səlahiyyətləri isə FHN-ə verildi. Bundan başqa, bir çox başqa nazirlik və komitələrin də səlahiyyətləri ötürüldü FHN-ə. O cümlədən 15 fəaliyyətə lisenziya vermək səlahiyyəti də. Indi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olub suyu sovulmuş dəyirman. Adı var, səlahiyyəti yoxdur. Olan səlahiyyət elə yoxdura bərabərdir… Keçək lisenziya məsələsinə.

Aldım qoz, satdım qoz…

Tikintiyə lisenziyanı FHN verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız layihələndirməyə cavabdehdir. Insafən lisenziyaların verilməsi üçün dövlət o qədər də böyük məbləğdə rüsum qoymayıb. Tikinti şirkətləri gərək olan sənədləri (o sənədlərin də siyahısı fərmanda göstərilib) toplayıb verir və qanunla nəzərdə tutulmuş vaxtdan (15 gün) gec olmayaraq ərizəçiyə lisenziya verilməsi haqda qərar qəbul edilir. “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işləri” üçün 1100 manat (40 metr hündürlüyədək), 2200 manat (65 metr hündürlüyədək), 3300 manat (65 metr və daha hündür) rüsum ödəmək gərəkdir.Göründüyü kimi, elə də böyük məbləğ deyil. Istənilən imkanlı mütəxəssislər qrupu tikinti şirkəti yaradıb fəaliyyətə başlaya bilər. Həm də qanunlarımız buna imkan verir.

Bir neçə il qabaq dünya bazarında neftin qiymətinin fantastik həddə qədər yüksəlməsi və pul kütləsinin artması, eyni zamanda regionlardan əhalinin şəhərə kütləvi axını tikinti bazarında görünməmiş canlanma yaratmışdı. Qısa zamanda xeyli şirkət qeydiyyatdan keçib fəaliyyətə başlamışdı. Amma bu tikinti bolluğunda qiymətlər də yetərincə yüksək idi, hətta bolluğa adekvat deyildi. Orta statistik azərbaycanlının illik qazancı bu qiymətlərlə müqayisədə çox gülünc görünürdü. Təsadüfi deyil ki, Bakıdakı qiymətlər dünyanın ən bahalı şəhərləri ilə müqayisə olunurdu. Nə idi qiymətləri bu qədər yüksəldən?
“Binanın yerindən tutmuş tikintiyə icazəyə qədər yüksək məbləğdə rüşvət alınır” – bunu hazırda fəaliyyətini müvəqqəti dayandıran tikinti şirkətlərindən birinin rəhbəri deyir. Şirkət rəhbəri FHN-dən lisenziya almağın dəyərinin 250 min manat olduğunu bildirir: “Bütün işlər, yəni tam paket üçün 1 milyon manatından keçməlisən. Tutaq ki, mən hər hansı tenderdə iştirak edib 100 min manatlıq iş qazanmışam. Bu işə başlamaq, yəni lisenziya üçün Fövqəladə Hallar Nazirliyinə 250 min manat verməliyəm. Ən ucuzu torpaq işlərinin görülməsi üçün verilən lisenziyadır – 6 min manat. Bu məbləğin hansı tarifə uyğunluğunu isə yəqin ki, heç baş nazir Artur Rəsizadə də bilmir”.

Gizlədilən rəqəmlər

Bu gün ölkədə nə qədər tikinti şirkəti var, onlardan neçəsi fəaliyyət göstərir, neçəsinin lisenziyası ləğv edilib, lisenziyalaşmadan dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Bu və başqa suallara cavab tapmaq üçün Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytlarında hər hansı məlumat əldə edə bilmədik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlasaq da, çox ötür-ötür oyunundan sonra suallarımıza cavab verən tapılmadı. Yeri gəlmişkən, araşdırmamız zamanı FHN kimi sonsuz səlahiyyətləri olan qurumun ictimaiyyətlə əlaqələrinin çox “operativ” olduğu ortaya çıxdı. http://fhn.gov.az saytından bəlli olur ki, qurumun sonuncu press-relizi 10 avqust 2009-cu ildə yayılıb. Biz də arsız-arsız saytda builki məlumatları, şirkətlərə verilən lisenziyalara görə dövlətə ödənilmiş rüsumları axtarırıq.

Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Rövşən Ağayev bu tip məlumatları axtarmağın səmərəsiz olduğunu deyir: “Belə məlumatları, demək olar, heç bir qurum saytında yerləşdirmir. Müəssisələrin sayı barədə bəzi məlumatlar olsa da, lisenziyaları ləğv edilmiş şirkətlərlə bağlı statistik rəqəmlər yoxdur. Bu tip problemlərlə tez-tez qarşılaşırıq”.

Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da həmkarının fikirlərini bölüşür: “Statistik məlumatlar gizlədilir. Lisenziyalarla bağlı hər hansı məlumat tapmaq çətindir”. 

Dünya təcrübəsi

Azərbaycan bəlkə də yeganə ölkədir ki, tikintiyə icazəni Fövqəladə Hallar Nazirliyi verir. Bina tikintisi dünyanın heç yerində fövqəladə hal sayılmır. Uzağa 
getməyək, yaxın qonşu dövlətlər olan Rusiya (indiki hakimiyyət yenə də bu dövləti özünə “böyük qardaş” bilir və əksər qanunlarımız da onlarınkından köçürmədir), Ukrayna, lap elə Türkmənistanı götürək. Türkmənistanda lisenziyanı Inşaat və Sənaye Tikinti Materialları Nazirliyi verir. Qazaxıstanda da bu iş eyni quruma həvalə olunub. Üstəlik, rüşvətin bu səviyyədə olmadığını son illərdə lisenziya alan 5 mindən artıq tikinti şirkətinin sayından da bilmək olar. Azərbaycanda müflis olan bir neçə tikinti şirkətinin hazırda Qazaxıstanda,  Ukraynada, Rusiyada fəaliyyət göstərdiyi bildirilir.

Rusiyada 250 mindən artıq tikinti şirkəti var. Bu ölkədə 716 (2008-ci il) xarici şirkət çalışır. Rusiyada lisenziyanı Mənzil-Kommunal Federal Tikinti Agentliyi (keçmiş “QOSSTROY”) verir. Lisenziya üçün 1300 rubl ödənilir ki, onun da 300 rublu ərizəyə baxılması üçün verilir. 2009-cu ildə isə bu ölkədə tikintiyə lisenziya verilməsinin ləğvi barədə məsələ qaldırılıb. Daha çox şirkətlərin işə cəlb olunmasını hədəfləyən bu təklifi prezident Medvedev də dəstəkləyib və 2010-cu il yanvarın 1-dən lisenziya ləğv edilib.

Ukraynada da lisenziyanı Regional Inkişaf, Tikinti və Mənzil-Kommunal Təsərrüfat Nazirliyi verir. Belə faktları daha çox sadalamaq olar. Yaxın ətrafımızdakı ölkələrin heç birində, göründüyü kimi, Fövqəladə Hallar Nazirliyi bu işlə məşğul olmur. Analoqsuz inkişaf edən ölkəmizdə isə durum başqadır. O ölkələrdə əhali “Mur-ay” kimi saysız rüşvət əlindən məcburiyyət qarşısında adamları aldadan, olmayan mərtəbədən mənzil satan şirkətlərlə də yəqin qarşılaşmayıb.