«Avropa Şurasının qəbul etdiyi sərt sənəd ümumi tendensiyanın tərkib hissəsidir»
Gültəkin Hacıbəyli: «Baş verənlər göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanda yaranmış bu vəziyyətə göz yummaq fikrində deyil»
Iyunun 22-dən 26-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası keçiriləcək. Sessiyada Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsi, ölkədə repressiyaların artmasına dair məsələnin müzakirəsi də nəzərdə tutulub. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinski (Polşa) ölkəmizdəki vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb.
Monitorinq Komitəsinin qəbul etdiyi bu sənəd AŞ PA-nın sessiyasında müzakirəyə çıxarılacaq. Qətnamə layihəsi kifayət qədər sərt tonda yazılıb və ölkəmizdəki reallıqları özündə əks etdirir. Sənəddə açıq mətnlə ölkədə mətbuat azadlığının boğulduğu, siyasi məhbsu probleminin dərinləşdiyi etiraf olunur. Vurğulanır ki, Konstitusiyaya edilən dəyişikliklər, o cümlədən bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə qadağanın aradan qaldırılması, əsas hüquq və azadlıqların məhdudlaşdırılmasıdır. Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətinin də acınacaqlı olduğu sənəddə əksini tapıb.
Avropa Məhkəməsi parlament seçkilərində namizəd olmuş müxalifət partiyalarının üzvləri, həmçinin bitərəf şəxslərin şikayət ərizələri üzrə xeyli qərarlar qəbul etdiyi layihədə altının cızıldığı məqamdır. Bu hissədə bildirilir ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qəbul etdiyi qərarları açıq formada yerinə yetirməkdən imtina edir.
Sənəddə təkliflər də əksini tapıb. Bildirilir ki, seçki prosesinə məsul olan qurum şəffaf fəaliyyət göstərməli, müstəqil olmalı, siyasi manipulyasiyalardan kənarda qalmalıdır. “Seçki komissiyalarının müstəqilliyi də çox vacibdir. Avropa Şurası Nazirlər Komitəsi 12 mart 2015-ci il tarixli qərarında əvvəlki illərdə qəbul olunmuş çoxsaylı qərarlarına istinad edərək bir daha göstərir ki, seçki komissiyalarının şəffaflığı, müstəqilliyi, hüquqi səlahiyyətlərilə bağlı məsələ problem olaraq qalır. Seçki komissiyalarının üzvləri üçün təlimlərin keçirilməsi mövcud problemlərin həlli üçün qətiyyən kifayət deyil”, deyə sənəddə bildirilir.
Eyni zamanda siyasi məhbus probleminin dərinləşməsindən narahatlıq ifadə olunur və bu istiqamətdə hakimiyyətə sərt mesajlar çatdırılır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, AŞ-nın Azərbaycanla bağlı bundan əvvəl də qəbul etdiyi qətnamələrdə ölkəmizlə bağlı tənqidi fikrlər olub. Amma bu dəfəki sənədin daha sərtliyi ilə seçildiyini deyən G.Hacıbəyli vurğuladı ki, sənəddə ilk dəfədir ki, Azərbaycanda insan haqları, demokratiya, məhkəmələrin müstəqil olmaması ilə bağlı məqamlar sərt, ardıcıl və prinsipial şəkildə vurğulanır: “Azərbaycanda elə bir sahə qalmayıb ki, sənəddə sərt tənqid obyekti olmasın. Ədalətli mühakimə hüququndan başlamış, bütün məsələlərlə bağlı ciddi iradlar əksini tapmasın. Bu da ümumi bir tendensiyanın tərkib hissəsidir. 2001-ci ildə Azərbaycan AŞ PA-ya daxil olarkən üzərinə çox ciddi öhdəliklər götürən Azərbaycan nəinki öhdəlikləri icra etmir. Əksinə bu öhdəliklərin icrası istiqamətində əldə etdiyi az-çox uğurlardan da imtina edir”. Hakimiyyətin yenidən repressiv siyasətə qayıtdığını deyən G.Hacıbəyli vurğuladı ki, vaxtı ilə ölkədə yüzlərlə siyasi məhbus var idi. Bir müddət əvvəl onların böyük əksəriyyəti azadlığa buraxılandan sonra, siyasi məhbus problemi öz həllinə doğru yaxınlaşmışdı. G.Hacıbəylinin sözlərinə görə, amma hazırda Azərbaycanda olan siyasi məhbusların sayı Rusiya və Belarusda olan siyasi məhbusların sayından iki dəfə çoxdur: “Eyni zamanda bütün digər sahələr üzrə də geriləmələr göz önündədir. Azərbaycanda məhkəmələr sadəcə olaraq məzhəkə xarakteri daşıyır. Azərbaycanda bu gün heç kim məhkəmələrə ədalət ünvanı kimi baxmır. Ümumiyyətlə siyasi proseslərdə insanlar hakimlərdən heç nə gözləmir. Proses başlayandan hər kəs hökmün necə olacağını bilir. Yəni bütün bunlar hakimlərin müstəqil olmamasının və bütün siyasi qərarların hakimiyyətin istəyi ilə verilməsinin göstəricisidir”.
G.Hacıbəyli hesab edir ki, beynəlxalq təşkilatlar Azərbaycanda yaranmış bu vəziyyətə göz yummaq fikrində deyil. G.Hacıbəylinin sözlərinə görə, bu baxımdan da bütün beynəlxalq təşkilatlar o cümlədən AŞ, AB, nüfuzlu dövlətlərin XIN-ləri Azərbaycandan siyasi məhbus probleminin həllini istəyir: “Bu bir tendensiyadır və ona işarədir ki, bu dəfə Qərb demokratiya, insan haqları məsələsində prinsipial mövqe nümayiş etdirir. Yəni hətta bu məsələ o qədər ciddi xarakter alıb ki, Almaniya kansleri, Fransa prezidenti Azərbaycanda baş tutacaq oyunlara gəlməməsinin səbəbini birbaşa siyasi məhbus problemi ilə əlaqələndirirlər. Bu addımı digər Avropa ölkələrinin rəhbərləri də atır”.


