Neft 40 dollara düşsə…

OPEC-in keçmiş direktoru: «Brent nefti 2015-in 4-cü rübündə 40 dollar ilə 50 dollar aralığında olacaq»

 
“Brent neftin barrelinin qiyməti Iraq və Iranın hasilatlarını artırmağa hazırlaşması ilə ilin sonunda ucuzlaşacaqdır”. Bunu OPEC-in keçmiş araşdırma direktoru Hassan Qabazard, bildirib.
2006-2013-cü illər ərzində OPEC-in tədqiqat departamentinə rəhbərlik etmiş Qabazard, “Brent nefti 2015-in 4-cü rübündə 40 dollar ilə 50 dollar aralığında olacaq” – deyib və “2015-in 4-cü rübünün gerçək bir test olacağını” sözlərinə əlavə edib.
OPEC-in Vyanada keçirdiyi iclasda hasilat kvotasının azaldılmamasına qərar verməsinin ardından neftdə qlobal təklif artıqlığının səngiməsinə baxmayaraq yüksək səviyyəsini qoruyur.
Neft 2015-ci ildə 11 faiz bahalaşıb. Hazırda Brent neftin barrelinin qiyməti 63 dollar ətrafındadır.
Əslində neftin qiymətinin kəskin ucuzlaşacağı birinci dəfə deyil ki, bəyan edilir. Bir müddət əvvəl neftin qiymətində yaşanan cüzi artım ekspertlər tərəfindən birmənalı dəyərləndirilməmişdi. Həmin dövrdə hesab olunurdu ki, neftin qiymətindəki yüksəlişlər yerini sərt satışlara verə bilər. Bir neçə ay əvvəl “Marketwatch” da yer alan analizdə vurğulanırdı ki, neftin son günlər yüksəlişinə baxmayaraq qara qızıl 30 dollara enə bilər. Neft bu il ərzində yalnız apreldə son dövrlərin ən yaxşı ayını yaşayıb. 
Beynəlxalq Enerji Agentliyi (BEA) isə neftin qimyəti ilə bağlı proqnozlarda Irana qarşı sanksiyaların ləğv edilməsinə diqqət çəkir. BEA-nın mövqeyinə görə, Iranın qlobal neft satışı prosesinə ciddi inteqrasiyası gələn il neftin qiymətinin 15 dollara qədər sala bilər. Beynəlxalq Enerji Agentliyi, qlobal neft tələbi proqnozunu yüksəldib, istehsal proqnozunu isə aşağı salıb. Aylıq hesabatını yayımlayan agentlik, ABŞ-ın və dünyanın neft tələbi artımı proqnozunu yuxarı qaldırıb. Agentlik, ABŞ-ın neft hasilatına dair gözləntisini isə aşağı salıb.
Beynəlxalq Enerji Agentliyi, Irana qarşı sanksiyaların qalxması halında gələn il neftin qiymətlərində 15 dollaradək çatan ucuzlaşma baş verəcəyini qeyd edib.
Iranın neft bazarına tam dönüşü, qiymətlərdəki sabitləşməni riskə qoya bilər. Neft qiymətləri, təklif çoxluğu problemi səbəbindən ötən il təxminən 50 faiz geriləyib. 
Baş verənlərdə siyasi çalarlar da var. Neftin dünya bazar qiymətinin aşağı salınması xüsusən Rusiyanın şıltaqlıqlarının qarşısını almağa hesablanıb. 
Amma baş verənlər Azərbaycan üçün ciddi fəsadlar vəd edir. Çünki Azərbaycanın büdcəsi birbaşa neftdən asılıdır. Ona görə ekspertlər hesab edir ki, hökumət vəziyyətdən çıxmaq üçün reseptlər hazırlamalıdır. Azərbaycanın dövlət büdcəsi və ölkə iqtisadiyyatının əksər sahələri neftdən asılı vəziyyətdədir. Neft gəlirlərinin azalmasıylaÿmütəmadi şəkildə istehsalın həcminin aşağı düşdüyü müzakirə olunur. Bu isə artıq həyacan siqnalı kimi dəyərləndirilməlidir. 
Bu məqamda bir müddət əvvəl Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrinin verdiyi açıqlamanı da nəzərə almaq lazımdır. Kudrin bildirmişdi ki, neft 1 barrel üçün 20 dollara ola bilər.
Azərbaycanın da yüksək çinli məmurları açıqlamalarında Azərbaycanın qarşıda ciddi problemlərlə üzləşə biləcəyini etiraf ediblər. Energetika naziri Natiq Əliyev mətbuata açıqlamasında neftin qiymətinin daha da aşağı düşməsi barədə danışarkən bu ssenariyəyə hazırlaşmağın vacib olduğunu söyləmişdi. 
Hikmət